Avropa İttifaqı ilə münasibətlərdə ən optimal yol ikitərəfli sazişdir

Avropa İttifaqı ilə münasibətlərdə ən optimal yol ikitərəfli sazişdir




Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar yaxın iki həftə ərzində Brüsseldə başlayacaq. Bunu Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib. Mard bəyan edib ki, tərəflər yaxın günlərdə müzakirələrə başlayacaqlar: "Hazırda çox əhəmiyyətli saziş üzrə danışıqların başlamasına hazırlıq gedir. Saziş ikitərəfli əməkdaşlığın, demək olar, bütün sahələrini əhatə edəcək”.

Xatırladaq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında müəyyən dövrlərdə məlum səbəblərdən gərginlik yaşanıb. Hətta bəzi zamanlarda ikitərəfli əlaqələr müvəqqəti dondurulub. Amma aparılan danışıqlar göstərir ki, hər iki tərəf münasibətlərin yenidən qurulmasında və inkişafında maraqlıdır. 

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Elçin Mirzəbəyli deyib ki, əslində Avropa İttifaqı ilə Azərbaycan münasibətlərində o qədər də ciddi problemlər yaşanmayıb. Ekspertin fikrincə, problemlər əsasən Avropa Parlamenti və bir sıra Qərb təşkilatları ilə olub: 

"Birbaşa Avropa İttifaqının Nazirlər Kabineti və müvafiq komissiyaları ilə əlaqələr hər zaman yüksək səviyyədə olub, həmin qurumlarla müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edilib. Sadəcə, Avropa Parlamentində təmsil olunan anti-Azərbaycan əhval-ruhiyyəli bir qrup şəxslə ölkəmiz arasında müəyyən problemlər müşahidə olunub. Xüsusən, Almaniya və Avstriyanı təmsil edən deputat qrupları ilə anlaşılmazlıq yaşanıb. Ancaq məlum idi ki, həmin deputatlar erməni diasporasının sayəsində Ermənistan hökuməti ilə yaxın əlaqədə olublar. Ona görə də məqsədyönlü şəkildə Azərbaycana qarşı qarayaxma kampaniyası aparıblar. Amma bu kampaniya Avropanın müvafiq qurumları tərəfindən dəstəklənməyib. Hətta Avropa Parlamentinin rəhbərliyində təmsil olunan şəxslər belə dövlətimizin haqlı maraqlarını müdafiə ediblər. 

O baxımdan hesab edirəm ki, Aİ ilə Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf etməlidir. Bəzi qrupların münasibətlərimizə müdaxiləsinə imkan verməməliyik”. Ekspertin sözlərinə görə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edir, müxtəlif layihələrdə ön sırada dayanır: "Bu amil xüsusi olaraq diqqətə alınmalı və ölkəmizlə münasibətlərə kifayət qədər həssas yanaşılmalıdır. İndiki sazişin hazırlanması məhz Azərbaycanın təşəbbüsü ilə gündəmə gəlib. Azərbaycan bütün dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri ikitərəfli prinsiplər üzərində qurmağa daha çox üstünlük verir. Çünki ikitərəfli münasibətlərdə hər iki tərəfin maraqları təmin olunur. Əgər əlaqələr çoxtərəfli olarsa və Ermənistan orada yer alarsa, təbii ki, o zaman Azərbaycan tərəfi məsələyə başqa cür yanaşır. 

Məncə, hazırkı dövrdə ən optimal yol ikitərəfli sazişdir. Bu saziş münasibətlərin inkişafına öz töhfəsini verəcək. Düşünürəm ki, əlaqələrin inkişafı üçün zəmin var”.

İsmayıl