Avropa Oyunları dünyaya səs salacaq

“12 radio idmançı xüsusi çağırış siqnalı alıb”
Azərbaycanın radio idmançıları da xüsusi çağırış siqnalları ilə I Avropa Oyunlarını dünya efirində təbliğ edirlər. Bu barədə "Şərq”ə Kürdəmir rayon sakini Azərbaycan Radio İdmanı Federasiyası Şurasının üzvü Fərhad Baloğlanov bildirib. Onun sözlərinə görə, radio idmançıları bu mötəbər tədbirin ölkəmizdə baş tutmasını böyük sevinclə qarşılayıb:
"Oyunların təbliğinə dəstək vermək üçün radio idmançıları belə qərara gəldilər ki, xüsusi çağırış siqnalları ilə efirdə işləyib, dünya ölkələrinin radio idmançıları ilə rabitə qursunlar. Qurdular da. Hər bir şəxsi həvəskar radiostansiya üçün üzərində 1-ci Avropa Oyunlarının rəmzləri və xüsusi çağırış siqnallarının adları (misal üçün, 4K1EUG) qeyd olunmaqla çox sayda QSL-açıqca (rabitəni təsdiq edən sənəd) çap olunub və oyunlar qurtardıqdan sonra rabitə qurulan radio idmançılarına göndəriləcək”.
Bundan başqa, F.Baloğlanov söyləyib ki, ölkəmizin xüsusi çağırış siqnalı olan həvəskar radiostansiyalarla rabitə quraraq müəyyən sayda rabitə keçirən xarici ölkə radio idmançılarına xüsusi diplom veriləcək: "Diplom "ODLAR YURDU” adlanır və 1-ci Avropa Oyunlarına həsr olunub. Radio idmançılarımız iyun ayının 1-dən efirdə işləyirlər və fəaliyyətləri oyunların sonunadək davam edəcək. Bizimlə rabitə qurmaq istəyən xarici ölkə radio idmançıları bəzən tezliklərimizdə sıxlıq yaradırlar. Lakin təcrübəli radio idmançılarımız bütün çağırışlara hər an cavab verməyə hazırdırlar”.
Həmsöhbətimiz deyib ki, Azərbaycanın Dövlət Radio Tezliklər İdarəsi Azərbaycan Radio İdmanı Federasiyasının (RİF) təqdimatı ilə radio idmançıların mövcud çağırış siqnalları əvəzinə I Avropa Oyunlarına həsr olunmuş xüsusi çağırış siqnalları ilə bir ay efirdə işləməyə icazə (lisenziya) verib: "Cəmi 12 radio idmançı xüsusi çağırış siqnalı alıb və müvəffəqiyyətlə efirdə işləyirlər. (Misal üçün, 4K2015 BAKU, 4J2015BAKU, 4K15EG, 4K1EUG və sair). Beləliklə, ölkəmizdə keçirilən 1-ci Avropa oyunlarını dəstəkləməklə radio idmançılarımız Azərbaycanı dünya radio həvəskarlar efirində layiqincə təmsil edirlər”.
Ayyət Əhməd