“Avropa Oyunlarından sonra gənclərin idmana axını artacaq”
Ağasəlim Mircavadov: “Baxın, hansı ölkədə mötəbər idman yarışları keçirilirsə, o ölkə idman sahəsində qabağa gedir”
"Birinci Avropa Oyunlarını Azərbaycana gətirdiyinə görə cənab Prezident İlham Əliyevə təşəkkür edirəm”. Bu barədə "Şərq”ə futbol üzrə mütəxəssis və əməkdar məşqçi Ağasəlim Mircavadov bildirib. Onun sözlərinə görə, ölkəmizin məlum möhtəşəm tədbirə ev sahibliyi etməsi Azərbaycan idmanının ən böyük qələbəsidir: "Oyunların Avropadan olan rəhbərləri Azərbaycanda idmana olan münasibəti və ölkəmizin bütün sahələrdə inkişafını görüblər. Bu baxımdan Oyunların təşkilini Azərbaycana həvalə etdilər”.
Tanınmış mütəxəssisin qənaətincə, bu əlamətdar yarış Azərbaycanı bütün dünyaya tanıdacaq: "Şübhəsiz ki, ölkəmizi hər bir məkanda tanıyırlar. Amma fərq ondadır ki, onlar bizi yalnız neft ölkəsi deyil, həm də nəhəng bir idman ölkəsi kimi qəbul edəcəklər. Bu əsas amildir. Biz həm siyasi, həm də idman baxımından uğur qazanacağıq”.
Oyunlarla əlaqədar inşa edilən idman qurğularına gəlincə, müsahibimiz söyləyib ki, hazırda çox böyük idman arenaları tikilib: "Baxın, 3 il bundan qabaq həmin stadionun yerində bataqlıq görə bilərdik. Ölkəmizə gələn turistlər isə o bataqlığı görüb, ölkəmiz haqqında mənfi fikirlərə düşürdülər. Amma hazırda bataqlıqdan əsər-əlamət qalmayıb. Onun yerində tam olaraq müasir standartlara cavab verən stadion inşa edilib. İndi ölkəmizə təşrif buyuran qonaqlar baxıb, heyran olacaqlar. Şəhərimiz getdikcə, gözəlləşir. Burada məxsusi bir məqam odur ki, Avropa Oyunlarından sonra həmin idman qurğuları idmançılarımıza və xalqımıza qalacaq. Bir sözlə, tədbirin ölkəmizdə baş tutması Azərbaycan üçün hərtərəfli müsbət addımdır”.
A.Mircavadov diqqətə çatdırıb ki, Oyunlar Azərbaycanda idmanın inkişafına güclü təkan verəcək: "Baxın, hansı ölkədə mötəbər idman yarışları keçirilirsə, o ölkə idman sahəsində qabağa gedir. Avropa Oyunlarından sonra gənclərimiz daha da fəallaşacaqlar. İdmana axın çoxalacaq”.
Həmsöhbətimizin fikrincə, tədbir ölkəmizdə turizmin inkişafı baxımından da mühüm önəm kəsb edir: "6 mindən çox idmançı gələcək. Bundan başqa idman yarışlarını izləyən qonaqlar və ya turistlərlə birgə Azərbaycana minlərlə adam təşrif buyuracaq. Gəlib, paytaxtı və eləcə də regionlarımızı gəzəcəklər. Tərəqqimizi gözləri ilə görəcəklər. Humanistliyimiz, qonaqpərvərliyimiz, mədəniyyətimiz, ənənələrimiz və tarixi gerçəkliklərimizi gözləri ilə görəcəklər. Bir var eşidəsən, bir də var özün gözlərinlə görəsən. Bu baxımdan ilk Avropa Oyunlarının Azərbaycanda reallaşmasını alqışlayıram”.
Məşqçi bəyan edib ki, hazırda Azərbaycan xalqı sevinir: "Hər bir Azərbaycan vətəndaşı ölkəmizin belə möhtəşəm yarışa ev sahibliyi etməsi ilə qürur duyur. Ölkəmizlə, ölkə başçımızla fəxr edir”.
A.Mircavadov hesab edir ki, Oyunlar Azərbaycanın haqq səsinin beynəlxalq tribunaya daşınması üçün ən yaxşı fürsətdir: "Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda Azərbaycanın Dağlıq Qarabağ kimi ağrılı probleminin olmasını, 20 yanvar və Xocalı soyqırımı kimi dəhşətlərə məruz qaldığımızı deyirdik. Amma bunun elə də səmərəsi olmurdu. Amma indi oyunlar həmin tarixi faktları bütün dünyanın gözü önünə sərəcək. İşğalçı Ermənistanın saxtakarlıqları və hansı vəhşiliklərlə məşğul olmaları üzə çıxacaq. Avropa Oyunları Ermənistanı dünyada ifşa edəcək. Bu da ölkəmizin siyasi qələbəsi olacaq”.
Yarışın Avropanın digər inkişaf etmiş ölkələrinə deyil, Azərbaycana həvalə olunması faktına gəlincə, müsahibimiz qeyd edib ki, bu, dövlət başçısının ölkə idmanına göstərdiyi diqqətin göstəricisidir: "Demək olar ki, bütün bölgələrimizdə Olimpiya Kompleksləri tikilib. İdmançılarımızın dünyanın ən genişmiqyaslı turnirlərində qələbə çalmaları da məhz bu qayğının nəticəsidir. Bunu Avropa və dünya görür. Elə ölkə tanımıram ki, 2 il yarım ərzində belə bir beynəlxalq yarışa tam hazır olsun. Avropa ölkələri çempionatlara dörd il ərzində hazırlaşır. Biz isə 2 il yarıma. Bu, inkişafımızın təzahürü deyilmi? Qələbə budur”.
Bu beynəlxalq idman tədbiri ilə əlaqədar ölkəmizə qarşı başladılan qarayaxmalaradan söz açan müsahibimiz deyib ki, xalqımız belə qüvvələrə qarşı birləşməlidir: "Biz öz birlik və həmrəyliyimizi sübut etməliyik. Əminəm ki, xalqımız bu mütəşəkkilliyi göstərəcək. Hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalıdır. Belə hallara qarşı hər birimiz mübarizə aparmalıyıq”.
Sonda həmsöhbətimiz idmançılarımıza uğur arzulayıb: "Hamısına böyük nailiyyətlər diləyirəm. Qoy həmişə qalib olub, xalqımızı sevindirsinlər. Bundan gözəl bayram yoxdur”.
Ayyət Əhməd