Avropa Parlamentini oyuncağa çevirən qüvvələr var

Mənəvi-əxlaqi keyfiyyətləri şübhə altında olan insanlar Azərbaycana qarşı qarayaxma kampaniyası aparır



"Bakı-2015” Avropa Oyunları ilə bağlı Avropa Parlamentində keçirilmiş dinləmələr Avropa Parlamentinin sədri Martin Şults və sədr müavini Ulrike Lunaçek başda olmaqla bəzi siyasi qruplar tərəfindən ölkəmizə qarşı aparılan qərəzli və məqsədyönlü kampaniyanın davamıdır. Bu dinləmələr süni şəkildə Avropa Parlamentinin sədri Şults (keçmiş alkoqolik) və Avropa lezbiyanlarının lideri U.Lunaçek tərəfindən təşkil edilib.

Dinləmələri təşkil edən şəxslər mənəvi-əxlaqi keyfiyyətləri şübhə altında olan insanlardır. Şults, Lunaçek və Azərbaycana qarşı qərəzli mövqedə dayanan digər parlament üzvləri Avropada kifayət qədər təsir gücünə malik olan erməni lobbisinin yedəyində gedirlər. Elə sonuncu dinləmələr də Avropa Parlamentinin ermənipərəst və islamofob mövqeyindən irəli gəlir. Bu dinləmələr və ümumiyyətlə, Avropa Parlamentində son illər Azərbaycan əleyhinə aparılan təbliğatlar onu göstərir ki, AP müəyyən qrupların əlində oyuncağa çevrilib. Həmin qruplar guya Azərbaycanda insan hüquqlarının pozulması bəhanəsi altında məqsədyönlü şəkildə qondarma problemləri gündəliyə gətirməyə çalışırlar. Hətta bəzi deputatlar söylədikləri "problemlərin” həqiqətlə uzlaşıb-uzlaşmamasına da əhəmiyyət vermirlər. Bəzi deputatlar Azərbaycanda guya alimlərin, həmçinin, Bəşir Süleymanlının "siyasi fəaliyyətinə görə” həbs edilməsi kimi "faktları” dilə gətiriblər. Halbuki, Azərbaycanda heç bir alim həbs edilməyib, siyasi, fiziki və s. təzyiqə məruz qalmayıb. Bəşir Süleymanlıya gəlincə, o, siyasi fəaliyyətinə görə deyil, konkret cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 26 may tarixli hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan Prezidenti İlham Əliyevin humanizm prinsiplərinə əsaslanaraq 2015-ci ilin mart ayında imzaladığı növbəti əfv sərəncamı ilə bir çox məhbuslar kimi Bəşir Süleymanlı da əfv olunub, azadlığa çıxıb. Əslində hamıya çox gözəl bəllidir ki, Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Eyni zamanda, bu peşə sahiblərinin cinayət törətdikləri halda məsuliyyətdən azad olunacaqlarına dair hər hansı qanun da mövcud deyil. Dinləmələrdə açıq şəkildə yalan "faktlar”ın gətirilməsi ona gətirib çıxarıb ki, Avropa Parlamentindəki sağlam qüvvələr bu avantürist qətnamənin qəbuluna imkan verməyiblər. Bununla da Azərbaycana qarşı daha bir qaralama kampaniyası, növbəti dəfə qətnamə qəbul etdirmək cəhdi iflasa uğrayıb və ədalət öz yerini tapıb.

Avropa Parlamentində "İdman və insan haqları” mövzusunda Azərbaycanla bağlı dinləmələrə münasibət bildirən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib ki, Avropa Parlamentində Azərbaycanın və Oyunların əleyhinə çıxış edən deputatlar Avropa Birliyinə daxil olan ölkələrin gələcəyini başqa ölkələrdən təcrid edirlər. Onların məqsədi Avropanı başqa ölkələrlə üz-üzə qoymaqdır: "Onlar əslində problemləri bizim üçün yox, özləri üçün yaradırlar. Bu, faktiki olaraq anti-Azərbaycan yox, Avropanın içərisində anti-Avropa fəaliyyətidir. Azərbaycanla bağlı keçirilən dinləmələrin tamamilə iflasa uğraması təbiidir. Çünki çıxış edən 33-35 nəfərin təxminən 15 nəfəri Azərbaycanda keçirilən Avropa Oyunlarını müsbət qiymətləndiriblər. Azərbaycana qarşı belə təzyiqlərin düzgün olmadığını, Azərbaycanla dialoqun zəruriliyini, Azərbaycanın Avropanın bayrağını yüksəltdiyinə görə, ona minnətdarlıq düşdüyünü vurğuladılar. Mən əvvəldən axıra kimi bu dinləmələri izlədim. Eyni zamanda bu, onu da göstərdi ki, Avropa Parlamentinin içərisində artıq proseslər tamamilə başqa cür getməyə başlayıb. Məsələn, iki gün bundan öncə Lunaçek başda olmaqla, istədilər Azərbaycanla bağlı xüsusi qətnamə qəbul etsinlər. Amma alınmadı. Dinləmələr təşkil olundu və bunlar elə bildilər ki, eyni
istiqamətdə Azərbaycana qarşı faktlar tapıb çıxış edəcəklər. Lunaçek başda olmaqla, o deputatların Azərbaycana qarşı qərəzli kampaniyası dəstək almadı. Hətta orada müzakirələr zamanı Avropa Parlamentinin deputatlarının suallarına cavab verərkən nümayəndələrdən biri dedi ki, Azərbaycanı təcrid etmək düzgün deyil, dialoq aparılmalı və münasibətlər normallaşdırılmalıdır. O bildirdi ki, "bəsdir Azərbaycanı öyrətdik, biz başqalarını öyrətdikcə, özümüz onlardan təcrid olunuruq”. Bu onu göstərir ki, artıq avropalı deputatlar hər şeyi başa düşməyə başlayıblar”. S.Seyidovun sözlərinə görə, Azərbaycan öz maraqlarını qoruyur və Avropa dəyərlərini ucaldır: "Bu dinləmələr bir daha göstərdi ki, Azərbaycana qarşı təzyiqlərin əsasında erməni lobbisinin, Azərbaycanı istəməyən qüvvələrin Azərbaycana qarşı apardığı siyasət dayanır. Öz vəsaitini ortaya qoyaraq Avropa bayrağını Azərbaycan bayrağı ilə birgə yüksəldən Azərbaycana qarşı işləyən qüvvələr əslində Avropaya qarşı işləyən və erməni dəyirmanına su tökən insanlardır. Biz gələcəkdə hansısa məsələlərə yanaşanda artıq bu şəxslərlə bağlı konkret olacağıq. Ona görə də bizim bu quruma yox, oradakı bəzi şəxslərə qarşı mövqeyimiz qəti olacaq”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Avropa Parlamentində bir qrup şəxs tərəfindən Azərbaycanla bağlı dinləmələrin son günlər mütəmadi şəkil alması insan haqları ilə bağlı müzakirə yox, birbaşa Azərbaycanın imicini ləkələmək cəhdidir: "Bunun arxasında təbii ki, bu işdə maraqlı olan erməni lobbisi var. Bütün bunlar Avropa Parlamentinin özünün imici üçün əsl ləkədir. Avropa Parlamentindəki bu şəxslər insan haqlarını əsas kimi götürsələr də, daim ayrı-ayrı ölkələrin suveren hüquqlarına təcavüz etmiş olurlar. Son vaxtlar erməni lobbisinin təkidi ilə bu siyahıya Azərbaycanın da adı salınıb. Bu dinləmələrin adı da ziddiyyətlidir. "İdman və insan haqları” adlı dinləmələrin keçirilməsi, onu göstərir ki, idmandan da siyasi amil kimi istifadə etmək əsas hədəf kimi götürülüb. Azərbaycanda belə mötəbər oyunların keçirilməsi, Azərbaycanın bu oyunlara ev sahibliyi edərək dünya qarşısında etimadını bir daha artırması təbii ki, erməniləri narahat edir. Bu narahatlıq da təəssüf ki, Avropa Parlamentində bəzi şəxslərdə də müşahidə olunur. Həqiqət isə bundan ibarətdir ki, əgər onlar üçün Azərbaycanda hansısa problem maraqlı olsaydı, indiyə qədər Ermənistan tərəfindən işğal olunmuş ərazilərlə bağlı heç olmasa bir dəfə müzakirələr keçirərdilər. Amma keçirmirlər, çünki erməni lobbisi onlara icazə vermir”. Ə.Hüseynlinin sözlərinə görə, bu dinləmələr anti-Azərbaycan mərkəzlər tərəfindən əvvəlcədən planlı şəkildə hazırlanaraq, Azərbaycanda mötəbər oyunların keçirildiyi ərəfədə həyata keçirilən qarayaxma kampaniyasının tərkib hissəsidir: "Bu, nə tərəfdaşlığa, nə hüququn aliliyinə, nə də parlamentarilik statusuna sığmayan məkrlilikdir”.

Millət vəkili Fuad Muradov da deyib ki, Avropa Parlamentində keçirilən dinləmələr göstərdi ki, Azərbaycanı sevməyənlərlə yanaşı, ölkəmizi dəstəkləyən, reallıqları bilən, ədalətli mövqeyi dəstəkləyən kifayət qədər adamlar var: "Azərbaycana qarşı müzakirə edilən məsələlər sırf insanların subyektiv təfəkkürünün məhsuludur. Bu fikirləri səsləndirənlər Azərbaycanın müstəqilliyini istəməyən adamlardır. Orada olan fərdi adamların bəziləri öyrədilib və onların bu məsələdə öz şəxsi maraqları var. Dinləmələrdə Avropa deputatlarının əksəriyyəti Azərbaycan insanlarının mövqeyini müdafiə edən, müsbət, siyasəti idman oyunlarına qatmamaq kimi çıxışlar ediblər. Bu onu göstərir ki, biz çox düz yoldayıq”. Millət vəkili deyib ki, Azərbaycana qarşı təşkil edilən bu qarayaxma kampaniyasının məqsədi ölkəmizin müstəqilliyini zəiflətmək, xalqımızı lazım olmayan güzəştlərə məcbur etməkdir: "Azərbaycan demokratiyanın inkişafını, insan haqlarının qorunmasını prioritet məsələ hesab edir. Bu istiqamətdə Azərbaycan dövlətinin fəaliyyət planı var. "Twitter” sosial şəbəkəsində də ən çox anti-Azərbaycan kampaniyasını dəstəkləyən erməni diasporasıdır. Avropa Parlamentinin deputatları erməni diasporunun təsirinə düşərək bu kampaniyaya bilməyərəkdən qoşulurlar. Onlar düşünməlidir ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan da bu oyunların əleyhinədir. Hər şeyin kökü bundadır. Biz işimizi davam edəcəyik. Azərbaycana qarşı olan bir qarayaxma kampaniyasıdır və heç bir xeyri olmayacaq”.

İsmayıl