Avropada böyük təmizlənmə əməliyyatına başlanıb

Müxtəlif yollarla özlərinə “siyasi mühacir” adı alanlar təşviş içindədirlər


Yaxın Şərqdə və Afrika ölkələrində baş verənlər, Avropa ölkələrinə miqrant axınını gücləndirdi. Artıq Avropa İttifaqı qaçqın axınının qarşısını almaq üçün ciddi tədbirlər görür. Martın 18-də Türkiyə ilə Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya əsasən, Türkiyədən Yunanıstana gələn bütün qeyri-leqal miqrantlar geri qaytarılır.

Martın 22-də Brüsseldə törədilmiş və 31 nəfərin ölümü ilə nəticələnmiş terror aktından sonra isə bütün Avropa İttifaqı ölkələrində ciddi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Əksər siyasətçilər və ekspertlərin rəylərinə əsasən, Parisdə və Brüsseldə törədilmiş terror aktları bir daha nümayiş etdirdi ki, terrorizm Avropa İttifaqı üçün sistem xarakterli təhlükədir. Bu problemi həll etmək üçün təkcə xüsusi xidmət orqanlarını silkələmək kifayət etmir. Hazırkı dövrə kimi liberal baxışları ilə vəziyyətin kəskinləşməsinə yol vermək istəməyən Avropa siyasətçiləri də artıq sərt tədbirlərin həyata keçirilməsi ilə bağlı səslərini ucaldırlar.

Faktiki olaraq Belçika mərkəz olmaqla bütün Avropa İttifaqı ərazisində terrorla mübarizə məqsədilə sərt təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə start verilib. Brüsseldə, xüsusilə bu şəhərin Yaxın Şərq və Afrikadan olan şəxslərin kompakt yaşadığı Molenbek rayonunda ardı-arası kəsilməyən antiterror reydləri keçirilir. İnsanlar bir-bir yoxlanılır, onların ölkəyə nə vaxt, haradan, hansı məqsədlə gəldiyi dəqiqliklə araşdırılır. Şəhər təhlükəsizlik orqanları, polis əməkdaşları və hərbçilərlə doludur. Ancaq Molenbek bir nümunədir. Çünki artıq əksər Avropa ölkələrində təkcə son bir ildə deyil, əvvəlki illərdə də qanuni şəkildə sığınacaq almış və ya qeyri-leqal yaşayan şəxslərin əsaslı şəkildə araşdırılmasına başlanılıb.

Avropa informasiya resurslarının yaydığı məlumata əsasən, yoxlamalar əvvəlki illərdə Avropada sığınacaq tapmış bir çox insanın işində də müəyyən problemlər üzə çıxarıb. Belə ki, müxtəlif ölkələrdən "köhnə qitəyə” üz tutan bəzi insanlar nəyin bahasına olursa olsun, Avropada oturum almaq üçün şəxsi işlərini saxtalaşdırmaqdan belə çəkinməyiblər. Onların arasında guya, öz ölkələrində siyasi fəaliyyətinə, cinsi oriyentasiyasına və digər səbəblərə görə təzyiqlərlə üzləşdiklərini iddia edənlər də var.

O da məlumdur ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən, xüsusilə də 2000-ci ildən sonra xeyli azərbaycanlı bu və ya digər səbəbdən daimi yaşamaq üçün Avropaya köçüb. Əlbəttə, onların hamısının müxtəlif fəndlər işlədərək mühacir adı aldıqlarını iddia etmək mümkün deyil. Amma real faktlar əsasında demək olar ki, bir çox insan, xüsusilə də müxalifət partiyaları, QHT və media nümayəndələri məhz sənədlərini saxtalaşdırmaqla, "demokratiya carçısı” imici formalaşdırmaqla öz niyyətlərinə nail ola biliblər.

Məsələn, Azərbaycandan Avropaya köç etmək istəyən şəxslər etiraz aksiyalarında bəzən qəsdən başlarını polis dəyənəyinin altına verməklə, yaxalarını cırmaqla, barmaqlarını kəsib üz-gözlərini qana boyamaqla və bu vəziyyətdə müxalifət qəzetlərində reklam olunmaqla "avtoritar hakimiyyətə” qarşı "barışmaz mübariz”, "üsyankar” obrazı yaradırdılar. Hətta müəyyən pul müqabilində müxalifət qəzetlərində özləri haqqında "faktlarla”, "sübut” və "şahidlərin ifadələri” ilə fantastik materiallar dərc edənlər də tapılırdı. Belə hadisələr əndazədən o qədər çıxmışdı ki, hətta anekdotik hallar da baş verirdi. Çox təəssüf ki, bu qəbildən olanların çoxu Avropa ölkələrinin aidiyyəti instansiyalarını aldadaraq öz planlarını həyata keçirə biliblər.

Məlumata görə, bir çoxları artıq Azərbaycanda müxalifət partiyaları ilə əlaqə quraraq bu məsələdə onlara yardım göstərmələrini istəyirlər. Məsələn, kimsə AXCP, Müsavat və ya Milli Şura üzvü olduğunu isbatlamaq üçün Əli Kərimlidən, Arif Hacılıdan, Cəmil Həsənlidən vəsiqə almağa cəhd göstərir, kimisi də müxalifət qəzetləri ilə kontakta girib arxiv materiallarını əldə etməyə çalışır. İddiaya görə, artıq yeni məqalələr sifariş edənlər də var və müxalifət bu məsələyə özünəməxsus şəkildə yanaşıb. Məlumata əsasən, AXCP-də "mühacirlər” üçün konveyer üsulu ilə "vəsiqə”, "arayış” və digər "sənədlərin” hazırlanması prosesinə start verilib. Xaricdə yaşayan və çətin situasiya ilə üzləşmiş soydaşlarımızdan birinin iddiasına görə, AXCP arxa tarixlə vəsiqə verilməsi üçün 5 min avro məbləğində planka müəyyənləşdirib.

Görünən odur ki, Avropada terror və qaçqın problemi bəzi Azərbaycan müxalifəti üçün kifayət qədər düşərli olub. Hər halda, bəzi partiyalar bu situasiyadan istifadə edərək yaxşı pul qazanmağa çalışırlar. Ola bilsin, QHT və bəzi media vasitələri də bu imkandan yararlanacaqlar.

Bu yaxınlarda AzNews.az saytı Avropaya gedənlərlə bağlı bir araşdırma dərc etmişdi ki, bu da saxta mühacirlərin saxta "sənədlər” düzəltdirdiklərini üzə çıxarmışdı. Araşdırma yazısında göstərilirdi ki, Azərbaycanda uğur qazana bilməyən, asan dolanışıq axtaran, işləmədən, sosial yardımlar hesabına yaşamağı üstün tutan və ya sadəcə Avropanın uzaqdan görünən çılçıraqlarına qaçmaq istəyənləri həvəsləndirir, əllərindəki pullarını alır, qanunsuz yollarla xaricə göndərilməsini təmin edirlər. Hesablamalara görə, son illər bu bəhanələrlə Avropaya sığınanların 90 faizindən çoxu heç bir təqib görməyən, yalnız ayrı-ayrı müxalifət liderləri ilə fotolar çəkdirərək, özünü təqib olunan müxalifətçi kimi təqdim edənlərdir. Amma Avropaya təkcə "müxalifətçilər” sığınmır. Avropada yaşamaq istəyənlərin və onları istiqamətləndirənlərin fantaziyası genişdir: Erməni olduğu üçün Azərbaycanda həyatı təhlükədə olan kim, islam dinini sevmədiyi üçün hər an öldürülmə qorxusuyla "bağrı yarılan” kim, başqa dini qəbul etdiyindən - mənsub olduğu təriqətə görə "daş-qalaq” olunduğunu deyən kim, cinsi azlığın nümayəndəsi olduğu üçün başına "min-bir oyun açılmaq” riskiylə üz-üzə qaldığını söyləyən kim və s. İndi isə dediyimiz kimi, Avropa ölkələri miqrantlarla bağlı, dərin araşdırmalar aparır ki, bu araşdırmalar nəticəsində Azərbaycandan gedən saxta "müxalifətçilər”in iç üzləri açılacaq.