Avtomobil sahibləri əlavə əziyyətdən qurtulacaq

Alan və satanın razılığı ilə nömrə dəyişdirilməyə bilər



Azərbaycanda rayonlara verilən avtomobil seriya nömrələri mahiyyətini itirir. Qanunvericiliyə görə, vətəndaş qeydiyyatda olduğu rayondan asılı olmayaraq aldığı avtomobilin seriya nömrəsini dəyişmədən öz adına rəsmiləşdirə bilər.

Üstəlik, bunun üçün çox az məbləğli rüsum tələb olunacaq. Məlumata görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev bildirib. Qurum sözçüsünün sözlərinə görə, sürücü qeydiyyatı dəyişmək üçün müraciət edirsə, hətta onun avtomobilinin texniki baxış müddəti bitməsə belə yenidən qeydiyyata salınmalıdır: "Avtomobilin seriya nömrəsi dəyişdirilmirsə, bu zaman mütləq alan və satan şəxsin razılığı olmalıdır”.

K.Əliyev diqqətə çatdırıb ki, artıq avtomobilin seriyasına baxmaqla onun hansı rayonda qeydiyyatda olduğunu bilmək olmaz. Bunu yalnız mərkəzləşdirilmiş sistem vasitəsi ilə öyrənmək olar.

Burada hansısa yeniliyin olmadığını söyləyən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov qeyd edib ki, həmin dəyişiklik 5 ildir ki, həyata keçirilib: "Sadəcə olaraq buna saytlar əcaib başlıq qoyub, yenilik kimi təqdim edirlər. Ötən gün saytlardan biri yazıb ki, sürücülük vəsiqəsinin verilməsi ilə bağlı şok yenilik. Baxıram ki, heç bir yenilik yoxdur. Qardaş, başın çıxan işdən yaz. Ağlına gələni niyə yazırsan? Heç bir yenilik yoxdur axı. Sonuncu "şok yeniliklə” bağlı isə 2011-ci ildə "Yol hərəkəti haqqında” qanuna dəyişiklik olunub. Azərbaycanda avtomobil dövlət qeydiyyatına alınarkən avtomobilin üstündə olan nömrə sonra həmin avtomaşın addan ada keçirilərsə, alan və satanın razılığı ilə saxlanıla bilər. Şübhəsiz ki, məlum proses onların harada yaşamasından asılı olmayaraq reallaşdırılır. Tutaq ki, bir bakılının maşınını gəncəli alıbsa, Bakının nömrəsini maşında saxlaya bilər. Söhbət bundan gedir. Bu da, 2011-ci ildə gerçəkləşib”.

Ekspert Azər Allahverənov məlum dəyişikliyə müsbət prizmadan yanaşdı: "Bu qərar avtomobil sahiblərini əlavə əziyyətdən qurtaracaq. Çünki nəqliyyat vasitəsini əldə etmək istəyən insan sonra da onun qeydiyyata alınması, nömrənin alınması və digər məsələlərlə bağlı prosedur qaydalara uyğun hərəkət edərkən müəyyən mənada vaxt itkisi ilə üzləşirdi. Hətta bəzi hallarda əsəbiləşir və psixoloji diskomfortla üzləşirdilər. O rayondan çıx, bu rayona gəl. Bunların hamısı əlavə çətinliklər yaradırdı. Artıq yeni qaydalar qüvvəyə minib. Həmin qaydalara görə, nəqliyyat vasitəsi alındıqda, hər iki tərəf etiraz etmirsə, o zaman nömrə dəyişmir. Bu da sürücüləri əlavə vaxt itkisindən, məsrəflərdən azad edir. Ancaq bir məqamı da vurğulayım ki, bu, yeni alınan avtomobillərə şamil olunmur. Yeni alınan maşınlarda belədir ki, sürücü harada qeydiyyatdadırsa, həmin rayon üzrə dövlət qeydiyyat nömrə nişanı ilə təmin olunur. Ancaq ikinci əl maşınlarında bu narahatlıq olmur. Bu da istər-istəməz, sürücülərin maraqlarına cavab verən bir addımdır ki, bunu təqdir edirəm. Hesab edirəm ki, ümumən belə bir qərarın verilməsi doğru addımdır. Sürücülər bu imkandan rahat şəkildə yararlana biləcək”.

Ayyət Əhməd