Avtovağzalda bilet qəhətə çıxıb - SƏRNİŞİNLƏRDƏN ETİRAZ- REPORTAJ

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə keçirilən bayramla əlaqədar əksəriyyət bölgələrə üz tutur. Bu da, Dəmir Yolu Vağzalı və Bakı Beynəlxalq Avtovağzalında sıxlığın yaranmasına səbəb olur. Doğrudur, Yeni illə əlaqədar Avtovağzalın gücləndirilmiş iş rejiminə keçdiyi bildirilir. Buna rəğmən hər il olduğu kimi bu il də, xəzinələrdə biletlər qəhətə çıxıb. Yəni biletlər əvvəlcədən dəllallar tərəfindən ucuz qiymətə alınır və intensiv günlərdə sərnişinlərə baha qiymətə satılır.
 Sherg.az olaraq, bu faktı nəzərə alıb, avtovağzala yollandıq.
Buraya daxil olduqda ilk olaraq Bakı-Astara marşrutuna yaxınlaşdıq. Bilet tapa bilməyən sərnişinlər etiraz edirdilər.
Məsələn, Astaraya yola düşmək istəyən Leyla Məmmədova avtobusda boş yer olmadığından sürücünün köməkçisi ilə bir qədər mübahisə etdi. O deyir ki, 3 saatdan çoxdur ki, vağzalda gözləməsinə baxmayaraq, yola düşə bilməyib.
Gediş haqqı 6 manat müəyyən edilən Bakı-Şəki marşrutunda isə yenə bilet qıtlığı səbəbindən böyük mübahisə yarandı. Sürücü bilet sahiblərinin gəlib əyləşməsindən sonra qalan şəxsləri yerləşdirəcəyini dedi. Sakinlərdən biri isə "biletləri özünüz almısınız ki, baha satasınız, ona görə kassada bilet qalmayıb. Bəs bu camaat nə ilə getməlidir?” – deyə narazılığını bildirdi.
Xeyli vaxt idi ki, Bakı-Şəki avtobusunun dayandığı yerdə baş verənləri müşahidə edən Şəki sakini Xoşbəxt Səfərova deyir ki, biletlər həmişə 6 manata olurdu, indi isə hərəyə bir qiymət deyirlər:
"Qızım, yaşlı adamam, bu yeni qaydalardan başım çıxmır. Bilet alınasıdı deyirlər, imkan olmadı almağa. İndi də kassada bilet qalmayıb, bayaqdan gözləyirəm. Görək, yer tapıb, gedə biləcəmmi”.
Bakı-Qazax-Qırmızı körpü avtobusunda isə bilet qiymətləri xəzinədə satılan qiymətdən baha idi. Yəni kassa həmin biletləri 8 manata satırsa, indi dəllallar onu 13-15 manat verirdilər. 
Marşrutun "konduktoru” son yerlərin boş olduğunu və həmin yerlərin qiymətinin 13 manata olduğunu desə də, sərnişinlər narahat olduğundan əyləşmək istəmədi. Ona görə də, sərnişinlər növbəti avtobusu gözləyəcəklərini söylədilər.
Qazaxa bilet axtaran sərnişin Azər Əliyev bilet tapmağın mümkün olmadığını vurğulayır: "Dəqiq bilirəm ki, "konduktorlar” Qazaxa 12-15 manatdan aşağı yer satılmırlar,hələ onu da tapa bilsən. Həmişə bayramlarda belə sıxlıq olur, ona görə də, cammatın başına oyun açırlar”.
Hazırladı: AYSEL ASLAN