Ayrıca uşaq kanalının yaradılması mütləq lazımdır

Bu telekanalda elə verilişlər, cizgi filmləri nümayiş olunmalıdır ki, uşaqlarımız milli ruhda böyüsünlər


Uşaqlar günlərinin çoxunu ekran qarşısında Rusiyanın, Türkiyənin müxtəlif uşaq kanalları seyr etməklə keçirirlər. Bu isə onların həm dünyagörüşünə, həm danışıq vərdişlərinin formalaşmasına, həm də düşüncə tərzinə öz təsirini göstərir. Bu kanalların hər biri həmin ölkələrin öz auditoriyasına hesablandığından onların təbliğ etdikləri dəyərlər də bu xalqların mentalitetinə və maraqlarına uyğun formalaşıb. Bu baxımdan ölkəmizdə də körpələrimizin milli ruhda böyüməsinə xidmət edəcək bir uşaq kanalının yaradılması vacib hesab olunur. 

Hətta uşaqlarla bağlı verilişlərin azlığı və verilişlərin xaricdən gətirilərək yerli telekanallarda göstərilməsi Milli Televiziya və Radio Şurasını narahat edir.

Dəfələrlə şura rəhbərliyi tərəfindən bu məsələ gündəmə gətirilib. Buna baxmayaraq, hələ də belə bir kanalın yaradılması ilə bağlı bir tərpəniş görünmür. Telekanallarda yayımlanan uşaq verilişlərinin səviyyəsi qənaətbəxş deyil. Lakin Azərbaycan efirində uşaq telekanallarının yaradılması çox vacibdir. Ekspertlər də ölkəmizdə uşaq telekanallarının fəaliyyətini olduqca önəmli hesab edirlər. Bu günlərdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib ki, gələcəkdə Azərbaycanda ümumrespublika yayımlı uşaq telekanalının yaradılması məsələsinə baxıla bilər.

"Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev uşaq televiziyalarının yaradılmasının olduqca müsbət hal olacağını düşünür: 

"Fikrimcə, proqramlar müxtəlif yaşlarda olan uşaqlar üçün hazırlanmalıdır. Müxtəlif yaş qrupunda olan uşaqlar bu televiziyaya baxanda öz istədiklərini orada tapsınlar. Hazırlanan proqramlar rəngarəng olmalıdır ki, uşaqları yormasın. Uşaqlarla bağlı verilişlərə gəlincə, hazırda texnologiyalar sürətlə inkişaf edir. Bu baxımdan uşaqların yaşına uyğun olaraq texnologiya ilə bağlı proqramların hazırlanması doğru olardı. Yeni nəsil texnologiya dövrünün yetirməsidir. Maraqlı texnologiya proqramları onların diqqətini çəkə bilər və belə verilişlərlə onların maariflənməsinə köməklik göstərər”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli isə bildirib ki, hazırda televiziya kanallarında vacib olan məqamlardan biri də uşaq kanallarının yaradılmasıdır: "Bir neçə dəfə bu məsələ ilə bağlı yazılarım olub. 

Telekanallarımızda bu gün uşaqlar üçün əsasən əcnəbi cizgi filmləri verilir. Onların da əksəriyyəti aqressiya aşılayır. Milli cizgi filmləri isə bu günün inkişaf tendensiyası ilə səsləşmir, əksəri sovet dövründə çəkilib. Maarifləndirici, uşaqların beyin inkişafı, müsbətlərə yönəldilməsi üçün təbliğati verilişlər isə yox dərəcəsindədir. Bu gün uşaqların mənəvi-psixoloji durumunu, vətənpərvərlik hisslərini yüksəltmək üçün ayrıca telekanala çox ciddi ehtiyac var.

Eyni zamanda dövlət uşaqların mənəvi sağlam yetişməsi üçün aqressiyadan uzaq, humanizmi, dəyərlərimizi təbliğ edən uşaq filmləri, verilişləri, cizgi filmləri çəkməlidir. Əgər gələcək nəslin sağlam ruhda böyüməyini istəyiriksə, gecikmədən bu addım atılmalıdır”.

"Yeniçağ.az” saytının reportyoru, jurnalist Səxavət Məmməd bildirib ki, birmənalı olaraq Azərbaycanda uşaq televiziyasının yaradılmasına ehtiyac var: 

"Azərbaycanda uşaqlar artıq bir neçə ildir ki, Osmanlı türkcəsi ilə dil açırlar. Buna səbəb məhz elə televiziyadır. Azərbaycanda uşaq televiziyasının olmaması, kanallarımızda uşaq verilişlərinin olmaması, cizgi filmlərin çəkilməməsi valideynləri və uşaqları məcbur edir ki, Türkiyə və Rusiya kanallarına baxsın. Nəinki uşaqlar, böyüklərimizdən də hansı mutfilmin adını bilirsən deyə soruşsaq, "Maşa və Ayı" deyəcək. Yadıma gəlir, bir müddət əvvəl xarici cizgi filmlərin dublyajları edilərdi, ancaq indi ona da rast gəlinmir. Əslində dublyajlara da qarşıyam. Çünki onlar başqa millətə məxsusdur və öz adət-ənənələrini uşaqlara aşılayırlar”.

S.Məmmədin sözlərinə görə, telekanallarımızda uşaq verilişlərindən öncə cizgi-filmlərinin çəkilməsinə ehtiyac var: "Azərbaycana aid qəhrəmanlar seçilməli, adət-ənənələr təbliğ edilməlidir. Təsəvvür edin, uşaqlar Türkiyə və Rusiya ab-havasında böyüyüb, Azərbaycan cəmiyyətinə qoşulurlar. Təbii ki, bunun fəsadları olacaq.

Uşaqlar üçün animasiyaların, yaşlarına uyğun intellektual verilişlər, kitab oxuma saatları, maraqlı kitabların anonslarının hazırlanmasına ehtiyac var. Azərbaycan tarixinin uşaqların anlayacağı səviyyədə izah olunması, interaktiv oyunların hazırlanması, süni intellekt vasitəsi ilə çalışan proqramlara uşaqların operativ cavab vermə proqramları tərtib edilməlidir. Uşaqlarımıza milli kimliyimizi anladan senarilər yazılmalı, bununla bağlı işlər görülməlidir”.

"Musavat.com” saytının redaktoru Elçin Xalidbəylinin sözlərinə görə, uşaqların hərtərəfli inkişafında televiziyaların rolu inkaredilməzdir: 

"Ona görə də uşaqlar üçün yeni telekanalın yaradılmasının nəzərdə tutulması təqdirəlayiq haldır. Ancaq yeni uşaq telekanalının yaradılmasından öncə hazırda mövcud olan digər yerli telekanallarda səliqə-sahman yaratmaq lazımdır. Çünki yerli telekanalların əksəriyyəti yeniyetmələrin, gənclərin, eləcə də uşaqların tərbiyəsinə, dünyagörüşünə ağır zərbələr vuran verilişlər hazırlayırlar.

Yeni uşaq telekanalı ilə bağlı təklifə gəldikdəsə, əgər belə bir niyyət həqiqətən varsa, ilk növbədə həmin telekanalın rəhbərinin uşaq psixologiyasını daha yaxşı anlayan, bir şəxsin olmasına diqqət edilməlidir. Məncə, əsas başlanğıc şərt məhz bu olmalıdır. Çünki yeni yaradılacaq uşaq telekanalına uşaqların psixologiyasından yaxşı anlayan, uşaqlara hansı məzmunlu verilişlərin müsbət və ya mənfi təsir edə biləcəyini müəyyənləşdirməkdə çətinlik çəkməyən bir şəxsin rəhbərlik etməsi mümkün olarsa, bir çox gələcək problemlərdən elə əvvəlcədən xilas olmaq olar”.

Tanınmış jurnalist Naibə Qurbanova bildirib ki, televiziya yaradılmazdan əvvəl kadrların hazırlanması lazımdır: 

"Kadrlar isə bir çox sahənin adamları olmalıdır. Təkcə televiziya sahəsindən deyil, təlim-tədris mərkəzlərindən tutmuş, uşaqların fiziki sağlamlığının qorunduğu tibb mərkəzlərinə qədər hər yerdən mütəxəssislər cəlb olunmalıdır. Heç kəsə sirr deyil ki, son illər tamaşaçı zövqünü alt-üst edən yetəri qədər verilişlər efirə ayaq açıb. Amma gəlin nəzərə alaq ki, biz uşaq televiziyasından danışırıq və bunu ancaq çal-oynasınla yola vermək olmaz. Bu həm də bir təlim-tərbiyə, maarifləndirmə platforması olmalıdır. Telekanal heyətində mütləq şəkildə psixoloq, pedaqoq və uşaq yaradıcılığı ilə məşğul olan peşəkarlar olmalıdır.

Uşaqlar üçün xüsusi seriallar, silsilə verilişlər, xəbərlər proqramı, məktəblərdən reportajlar, mütaliə saatı, istirahət vaxtını necə keçirməklə bağlı verilişlər hazırlanmalıdır. Onların maraqlarını nəzərə almaqla efiri baxımlı etmək olar. Hər halda bu, detallı konsepsiya tələb edən çox ciddi və məsuliyyətli bir işdir. Ən əsası bu konsepsiyanı xaricdən götürüb kopyalamaq lazım deyil, çünki hər uşağın öz yaşadığı mühit var və layihə buna uyğun hazırlanmalıdır”.

"Report” informasiya agentliyinin müxbiri İlkin Pirəlinin fikrincə, uşaq televiziyasının yaradılmasına ehtiyac yoxdur: 

"Hazırkı televiziyalar uşaq verilişlərini, filmlərini necə hazırlayırlarsa, yəqin ki, yaradılacaq televiziyada da elə olacaq. Bu sahədə vəziyyət qənaətbəxş deyil. Yeni televiziya yaratmaqdansa, fəaliyyət göstərən televiziyalarda uşaq verilişləri daha mükəmməl hazırlamaq olar. Uşaqlar böyüklərdən çox bilir, onları aldatmaq olmur, uşağın süni, bayağı verilişə marağı olmaz axı. Verilişlər uşağı bilgiləndirməlidir, onlar cizgi filmindən belə, nəsə öyrənməlidir. Biz balaca olanda uşaqlar üçün nəzərdə tutulan intellektual verilişlərə baxırdıq, saatını yadda saxlayırdıq, bircə bölməsini belə, qaçırmırdıq. 

Yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələbləri yerinə yetirilsə, bu sahədə qismən aydınlıq yaranar. Yəni sənəd var, işlək hala düşməsi üçün mexanizm lazımdır, tələblər kağız üzərində qalmamalıdır. Bu sahədəki çatışmazlığın obyektiv səbəblərindən biri də internetin sürətlə inkişaf etməsidir. İndi uşaq istədiyi informasiyanı internetdən ala bilir, yəni qadağa qoymağın mexanizmi yoxdur, yəni hansısa formada əlinə telefon keçirsə, dərhal internetə daxil olur, hətta oyunlar yükləyir. Virtual məkan da nəzarətsiz məkandır, burada uşaq hüquqlarından söhbət gedə bilməz”.

(davamı olacaq...)

Yeganə Bayramova