Azər Rəşidoğlu: "ABŞ “Kürdüstan” ideyasını reallaşdırmaq niyyətini gizlətmir"





Yanvar ayının 23-də Astanada Suriya böhranı ilə bağlı Sammit keçiriləcək. Rusiya, İran və Türkiyə rəsmilərinin iştirakı ilə baş tutacaq üçtərəfli görüşdə Suriyada uzunmüddətli və qalıcı atəşkəsin təmin edilməsi və terrorçulara qarşı mübarizə üsulları müzakirə olunacaq. 

Astana danışıqlarında ABŞ-ın iştirak edəcəyi də deyilir. 

Ancaq Vaşinqtonun görüşdə hansı səviyyədə təmsil olunacağı bəlli deyil. Sadəcə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Astanada keçiriləcək Sammitə ABŞ-ın qatılacağını söyləyib. İddialara görə, görüşdə Donald Trampın nümayəndəsi iştirak edə bilər. Bu arada Suriya müxalifəti Astana görüşündə iştirak etmək üçün şərtlərini açıqlayıb. Müxalifətin ilk şərti hərbi əməliyyatların tamamilə dayandırılması, ikinci tələbi isə danışıqlara yalnız Bəşər Əsədin rəqibi olan "mülayim” hərbi müxalifətin deyil, eyni zamanda siyasi hakimiyyət nümayəndələrinin də qatılmasıdır. Xatırladaq ki, görüşün bir həftə təxirə salınmaqla fevral ayında keçirilməsi də ehtimal olunur.

Astana görüşü və onun nəticə verib-verməyəcəyi barədə "Şərq”ə danışan siyasi şərhçi Azər Rəşidoğlu deyib ki, Suriya probleminin həlli üçün Rusiya və ABŞ-ın mövqelərinin üst-üstə düşməsi önəmlidir: 

"Ancaq proseslərin təhlili onu deməyə əsas verir ki, Vaşinqton və Moskva bu məsələdə ortaq məxrəcə gələ bilmirlər. Bu baxımdan, ABŞ-ın yeni prezidenti Donald Trampın nümayəndəsinin görüşdə iştirakı da heç nəyi həll etmir. Hətta ehtimal etmək olar ki, tezliklə Suriyada yenidən qanlı döyüşlərin şahidi olacayıq. Bir sözlə, yaxın müddət ərzində Suriyada sülhə nail olmaq imkansız görünür. Bölgənin digər oyunçusu Türkiyə isə Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edir, bunun əksinə Rusiya Əsədi müdafiə edir. ABŞ "Əsədsiz Suriya” modeli üzərində işləyir və PKK üçün xəyali "Kürdüstan” ideyasını reallaşdırmaq niyyətini gizlətmir. Bu qədər kəskin mövqe dəyişikliyinin olduğu yerdə problemi sadəcə Astana görüşü ilə həll etmək mümkün deyil”.

İsmayıl