Azərbaycan barışdırıcı missiyasını təklif edəcək
Netanyahunun Bakı səfərində İsrail-Fələstin münaqişəsi diqqət mərkəzində olacaq
Dekabrın 13-də İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana səfər edəcək. Nəzərdə tutulan səfər zamanı müzakirə olunacaq əsas məsələlərdən biri İsrail-Fələstin münaqişəsi ilə bağlı olacaq.
Danışıqlarda münaqişə ilə bağlı tərəflər fikir mübadiləsi aparacaq. Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan bir islam dövləti kimi problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək. Vurğulayaq ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, habelə BMT sənədlərinə əsaslanaraq, Fələstinin haqlı mövqeyini hər zaman dəstəklədiyini bəyan edib.
Azərbaycan İsrail-Fələstin münaqişənin iki dövlət yanaşması əsasında sülh yolu ilə həllini
dəstəkləyir. Azərbaycan tərəfi Fələstin dövləti ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi
istiqamətində davamlı tədbirlər görür və praktiki yardımlarını əsirgəmir. İki ölkənin rəsmiləri, o
cümlədən, xarici işlər nazirləri müntəzəm olaraq qarşılıqlı səfərlər edir və qarşılıqlı maraq doğuran
məsələlər ətrafında məzmunlu siyasi dialoq aparırlar. Son olaraq, bu ilin may ayında Azərbaycan
Respublikası xarici işlər nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti Fələstin Dövlətinə səfər
etmiş və səfər zamanı ki ölkə arasında ilk müqavilə-hüquq sənədi olan "Azərbaycan Respublikası
hökuməti və Fələstin Dövləti hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşlarınviza tələbindən azad edilməsi haqqında Saziş” imzalanmışdır. Bu bizim Fələstinin beynəlxalq hüquq
subyektliyinə və dövlətçiliyinə praktik dəstəyimizin təzahürüdür.
Fələstinə beynəlxalq dəstəyin aktivləşdirilməsi məqsədi ilə, Azərbaycan 2013-cü ildə "Əl-Qüds Əl-
Şərif şəhərinin inkişafı üçün strateji planın maliyyələşdirilməsi üçün donor konfransı”, eləcə də
"Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” adlı
konfranslara ev sahibliyi etmiş və bu məqsədlə əhəmiyyətli miqdarda ianə vermişdir.
Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən və İsrailin
bəzi fəaliyyətlərini, o cümlədən, işğal edilmiş ərazilərdə həyata keçirilən qanunsuz addımlarını
qınayan qətnamələri dəstəkləyir. Ölkəmiz təkcə 2016-cı ildə BMT Baş Assambleyası, Qoşulmama
Hərəkatı, YUNESKO və digər qurumlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən və
İsrailin fəaliyyətini tənqid edən 20-dən artıq qətnamənin lehinə səs vermişdir.
Azərbaycan tərəfi İsrail ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında qurduğu ikitərəfli
əlaqələrinin verdiyi müsbət təsir imkanlarından istifadə edərək, bu dövlətlə siyasi dialoqu
çərçivəsində İsrail-Fələstin münaqişəsinin həlli üzrə sülh prosesində müşahidə olunan durğunluqdan
və münaqişə zonasında bəzi fəaliyyətlərdən narahatlığını ifadə edir, nəticə yönümlü sülh prosesinin
bərpa edilməsinin və münaqişənin iki dövlət yanaşması əsasında tezliklə həll edilməsinin vacibliyini
ifadə edir.
Qeyd edək ki, Netanyahu dekabrın 14-də Azərbaycandan Qazaxıstana yollanacaq. Məlumat üçün
bildirək ki, İsrail-Azərbaycan dostluq münasibətlərini həzm edə bilməyən bəzi məkirli qüvvələr
cəmiyyətdə səfərlə bağlı çaşqınlıq yaratmağa, iki ölkənin əlaqələri ilə bağlı təxribat xarakterli
yazılar dərc etməyə cəhd ediblər. İsrail Baş nazirinin Azərbaycana gözlənilən səfəri ilə bağlı
açıqlama verən millət vəkili Asim Mollazadə deyib ki, bu səfər ölkələrimiz arasında əməkdaşlığın
güclənməsinə xidmət edəcək. Deputat bildirib ki, İsrailin Prezidenti, xarici işlər nazirləri dəfələrlə
Azərbaycanda səfərdə olublar: "Hesab edirəm ki, bu, iki ölkə arasındakı münasibətlərin yüksək
səviyyədə olmasının təzahürüdür. Azərbaycanla İsrailin enerji, təhlükəsizlik və digər sahələrdə çox
ciddi əməkdaşlığı var. Bununla yanaşı, dünyada çox fəal olan yəhudi icmaları da Azərbaycanın
ədalətli mövqeyini dəstəkləyir. Ölkəmizin üzləşdiyi işğal faktını, Azərbaycan həqiqətlərini dünyaya
çatdırmaqda bizə dəstək verir. Ümid edirəm ki, Netanyahunun səfəri ölkələrimizin müxtəlif
sahələrdə əməkdaşlığının daha da güclənməsinə, bölgədə sabitliyin bərqərar olmasına xidmət
edəcək”. Millət vəkili səfərlə bağlı İrandan verilən bəzi açıqlamalara da münasibət bildirib: "İranla
Ermənistanın münasibətləri çox yüksək səviyyədədir, hətta müttəfiqlik səviyyəsinə yaxınlaşıb.
Rusiyanın hərbi ərazisi olan Ermənistana müstəqilliyinin ilk illərində iqtisadi və enerji dəstəyi
İrandan gəlib. İrandan Ermənistana ən yüksək səviyyədə səfərlər olub və Azərbaycan bununla bağlı
mənfi fikirlər ifadə etməyib. Bizim digər ölkələrlə münasibətlərimizin inkişafına heç kimin haqqı
yoxdur ki, hansısa fikirlər ifadə etsin”.
Millət vəkili Elman Nəsirov da bildirib ki, Azərbaycan-İsrail münasibətləri qarşılıqlı bərabər
hüquqlu əsaslara söykənərək inkişaf etdirilir:
"İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən nə Qərbin, nə Şərqin, nə Şimalın, nə də Cənubun narahat olmağa heç bir əsası yoxdur. Bu səfər Azərbaycan-İsrail ikitərəfli əməkdaşlıq formatının inkişafını qarşıya hədəf qoyub, hər hansı digər ölkəyə və ya qüvvəyə qarşı yönəlməyib. Azərbaycanla İsrailin bir sıra fundamental məsələlərdə maraqları üst-üstə düşür. Bunun nəticəsidir ki, iki ölkə arasında enerji, hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələr xeyli inkişaf edib. İsrailin Baş nazirinin Azərbaycana nəzərdə tutulan bu səfəri də iki ölkə arasında siyasi əməkdaşlıq mühitinin daha da inkişaf etdirilməsinin zəruriliyini ortaya qoyub. Bu əlaqələrin inkişafı hər hansı üçüncü tərəfin əleyhinə yönəlməyib və bu səfərə başqa rəng verməyin mənası da yoxdur”.
Deputat əlavə edib ki, Netanyahunun Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək:
"Bu səfər çərçivəsində ikitərəfli münasibətlərin mövcud vəziyyəti, inkişaf perspektivləri, xüsusən də, ticari-iqtisadi, enerji, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq və müzakirə predmeti olacaq. Təbii ki, iki ölkəarasındakı hərbi-texniki sahədə əldə edilən uğurların daha da inkişaf etdirilməsi məsələsinin müzakirə olunması də şübhə doğurmur”. Ermənistan-Azərbaycan məsələsində İsrailin mövqeyinə toxunan millət vəkili bildirib ki, İsrail bu məsələdə hər zaman Azərbaycanın beynəlxalq hüquqa söykənən ədalətli mövqeyini dəstəkləyib və bu gün də müdafiə etməkdədir: "Hesab edirəm ki, bu səfərdə də bu məsələlərə toxunulacaq”.
İsmayıl