"Azərbaycan boğaza yığılıb, aprel döyüşləri sərt formada təkrarlanacaq"





"Həmsədrlər kimdir? Onları sayan yoxdur”.

Bu sözləri Sherg.az-a ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistana təcili olaraq hərbi əməliyyatları dayandırmaqla bağlı çağırışına münasibət bildirərkən millət vəkili Aqil Abbas deyib. O bildirib ki, həmsədrlər heç bir fəaliyyətlə məşğul deyil:

"Ermənistan BMT-ni saymırsa, təşkilatın 4 vacib qətnaməsinə əməl etmirsə, ATƏT-in Minsk qrupunun həmsədrlərini eşidəcək? Həmsədrlər bəyanat verir ki, atəş dayandırılmalıdır. Bununla hər şey bitirmi? Belə olacağı halda hələ bir 25 il də həmsədrlər regiona səfər edib, yeyib-içib gedəcək. 50 il sonra isə Qarabağ hər kəsin yadından çıxacaq.

İki gün öncə ATƏT-in Minsk qrupunun həmsədrləri Aşağı Veysəlli kəndində, təmas xəttində monitorinq həyata keçirirdi. Həmsədrlər gedən kimi ermənilər dinc əhalini öldürürlər. Bu təxribat baş verəcəkdisə, ATƏT-in Minsk qrupu təmas xəttinə nəyə gəlmişdi? Azərbaycan artıq boğaza yığılıb. Yəqin ki, ermənilər layiqli cavablarını alacaqlar. Aprel döyüşləri güman edirəm ki, bu dəfə daha sərt formada təkrarlanacaq. Ümumi olaraq isə ATƏT-in Minsk qrupu bəyanat vermək əvəzinə iş görməlidir”.

Qeyd edək ki, Minsk qrupunun məlum bəyanatında "Zorakılıq yalnız sonrakı zorakılığı gətirir və heç nə vermir. Uzun müddətdir, davam edən bu münaqişənin həllinin yeganə məsuliyyətli və humanitar yolu tərəflərin xoş niyyətlə danışıqlar masasına qayıtmasıdır”, - deyə bildirilir.

Aysel Aslan