Azərbaycan-Çeçenistan yaxınlaşması: Ermənistan təklənir, Qafqazda İslam həmrəliyi güclənir





Rəsmi Bakı və Qroznıy Rusiya Federasiyası Çeçenistan Respublikasının Azərbaycanda nümayəndəliyinin açılması barədə razılığa gəliblər. Bu barədə Çeçenistan prezidenti Ramzan Kadırov özünün "Vkontakte” sosial şəbəkəsindəki səhifəsində yazıb. O bildirib ki, razılaşma Prezident İlham Əliyevlə Çeçenistan rəhbərinin müşaviri, deputat Adam Delimxanov arasında keçirilən görüşdə əldə olunub. Sirr deyil ki, Çeçenistan və çeçen xalqı Azərbaycan cəmiyyətində xüsusi rəğbətə və hörmətə sahibdir. Hər iki xalqın mübariz və müsəlman olması, uzun müddət bir dövlətin tərkibində yaşaması, bənzər dəyərləri paylaşması xalqlarımız arasındakı münasibətləri daha da inkişaf etdirib. Ona görə də hesab edilir ki, Çeçenistanın xüsusi nümayəndəliyinin Azərbaycanda olması faydalıdır. Hətta bir müddət əvvəl Moskvada baş verən məlum insidentdən sonra qarşılıqlı əlaqələrin gücləndirilməsi və nümayəndəliklərin yaradılması zəruridir.

Məsələni "Sherg.az”a dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmralıyev deyib ki, belə bir qərarın qəbul edilməsi təqdirəlayiq addımdır:

"Rusiyanın Qafqazdakı müsəlman subyektlərinin Azərbaycanla yaxınlaşması tarixi bağlılığın nəticəsidir. Əsrlər boyu bir yerdə yaşayan, eyni dinə və mədəniyyətə malik olan bu xalqların bir-birindən ayrı salınmasına cəhdlər gösdərilsə də, bu cəhdlərin qarşısı qətiyyətlə alınıb. 

Sonuncu dəfə bədnam qonşularımız buna cəhd etdi. Ancaq Azərbaycan və Çeçenistan arasındakı tarixi qardaşlıq məkrli planı puç etdi. Həm xalqlar, həm də dövlətlər ermənilərə yaxşı dərs verdilər”.

Analitik bildirib ki, Azərbaycan üçün Rusiyanın subyektlərində çox gözəl sərmayə imkanı var: 

"Azərbaycan bu imkanı dəyərləndirməlidir. Rusiya da bunda maraqlıdır. Hər iki tərəf regionun güclənməsini istəyir. Azərbaycanın Çeçenistan və digər Şimali Qafqaz ölkələri ilə yaxınlaşması Ermənistanın Qafqazda təklənməsinə, Qafqazda İslam həmrəliyinin daha da artmasına səbəb olacaq. Dövlətlərimizin belə bir qərar verməsi çox müsbət hadisədir”.

İsmayıl