Azərbaycan dialoq məkanı, sülh ölkəsidir

Bakı Qlobal Forumu xoş təəssüratlarla xatırlanır



Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu başa çatsa da, terror, ekstremizm, dini və irqi ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində aparılan müzakirələr, edilən təkliflər öz aktuallığını qorumaqdadır. Multikulturalizm ənənələri, tolerant mühitin bərqərar olduğu, müxtəlif dinlərə məxsus insanların ən yüksək səviyyədə birgəyaşayışının təmin olunduğu Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etməklə, həm də əyani şəkildə ölkəmizə səfər edən 2 minə yaxın qonağı bu istiqamətdə sahib olduğumuz təcrübə ilə tanış edib.
İslamafobiyanın yayğın olduğu bir dövrdə müsəlman ölkəsində başqa dinlərin daşıyıcıları ilə əlaqələrin ən yüksək səviyyədə qurulduğunu nümayiş etdirib. Forumda iştirak etmək üçün 147 ölkədən Azərbaycana səfər edən dövlət rəsmiləri, ictimai-siyasi xadimlər ölkəmizi ən xoş təəssüratlarla tərk ediblər.

"Bu tip forumlar olduqca əhəmiyyətlidir”

Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox mühüm beynəlxalq tədbir, dünyanın intellektual elitası üçün həqiqi və real məkandır: "Burada siyasətçilər, dövlət başçıları, keçmiş xarici işlər nazirləri, mədəniyyət xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri görüşdülər. Bu gün dünyada praktiki olaraq elə bir intellektual məkan yoxdur ki, orada dünya birliyi üçün multikulturalizmin müqayisəli tədqiqi, qlobal təhsil, vətəndaş cəmiyyəti və təhlükəsizlik məsələləri kimi mühüm problemləri həll etməkdən ötrü dünyanın 140 ölkəsinin siyasi, elmi, intellektual və biznes elitasının nümayəndələri görüşsünlər. Belə forumlar olduqca əhəmiyyətlidir”. İsrail ekspertinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı parlaq, bənzərsiz, konkret və yaddaqalan olub: "Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olub”.

"Forum birləşdirici mahiyyət kəsb edir”

Zimbabve Milli Gənclər Assosiasiyasının əməkdaşı Misheck Gondo bildirib ki, Azərbaycanda belə bir beynəlxalq səviyyəli forumun keçirilməsini Zimbabve ölkəsinin təmsilçisi olaraq yüksək qiymətləndirib: "Bu forum dünya ölkələri nümayəndələrinin bir araya gəlməsi və gündəmdə olan qlobal məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Mən Gənclər Forumunda şəxsən iştirak elədim. Burda müzakirələr zamanı bir çox məsələlər, o cümlədən, gender bərabərliyi, münaqişələrin həllində gənclərin rolu barədə fikir mübadiləsi aparıldı. Hesab edirəm ki, cəmiyyətin bütün üzvləri uşaqlar və gələcək naminə çalışmalı, onlar üçün sülhün bərqərar olduğu sağlam gələcək qurmalıdırlar”.

"Azərbaycan Şərq və Qərb, Cənub və Şimal arasında körpü rolunu oynayır”

Hindistan təmsilçisi Menakşi Ray da söyləyib ki, VII Qlobal Bakı Forumu mədəniyyət sahəsinin müxtəlif aspektlərini daha dərindən dərk etməkdə iştirakçılara kömək olub: "Bakıya gəldiyim ilk andan buradakı yüksək multikulturalizm mühiti məni cəlb etdi və özümü beynəlxalq bir məkanda hiss etdim. Qloballaşan dünyanın ən önəmli məsələlərini müzakirə etmək üçün Bakı Konqres Mərkəzinə 1000-dən çox insanın toplaşdığını gördükdə isə bu hisslərim reallığa çevrildi. Məndə ən çox təəssürat yaradan isə tədbirin çıxışçıları arasında çox önəmli şəxslərin olması idi”. Menakşi Rayın sözlərinə görə, jurnalistlər, vətəndaş cəmiyyətinin və müxtəlif dinlərin nümayəndələri, ümumilikdə hər kəs növbəti onilliklərdə mədəniyyət sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsinə töhfə vermək üçün Bakıya toplaşıb. Hindistan təmsilçisi əlavə edib ki, son illər Azərbaycan tarixi, geostrateji mövqeyi, ənənələri və dinamik inkişafı ilə qlobal arenaya bir sıra töhfələr verməkdədir. "Bu ölkə Şərq və Qərb, Cənub və Şimal arasında körpü rolunu oynayır. Ölkəniz xristian və müsəlman dünyasının kəsişməsində yerləşir, həm Avropa, həm də islam dünyası təşkilatlarının üzvüdür. Azərbaycan müxtəlif mədəniyyətləri və sivilizasiyaları bir mərkəzdə birləşdirən məkana çevrilib”.

"Azərbaycan sülh ölkəsidir”

Efiopiya təmsilçisi Ayalev Vorkneh da bildirib ki, Azərbaycan bütün dünya ölkələri üçün yaxşı nümunədir: "Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə dünyada birgəyaşayışın təşviq olunmasına mühüm töhfə verir. Azərbaycan elə bir ölkədir ki, burada bütün dinlərin nümayəndələri birgə işləyir və sülh şəraitində yaşayırlar. Bu baxımdan Bakı sivilizasiyalararası və mədəniyyətlərarası forumların keçirilməsi üçün ideal məkanlardandır”.

"Bakıda keçirilən Forum əlamətdar hadisədir”

Beynəlxalq Miqrasiya Təşkilatının BMT-dəki nümayəndəliyinin eksperti Əşrəf Əl-Naur BMT Forumun Bakıda təşkil olunmasını əlamətdar hadisə kimi qiymətləndirib: "Forumda müxtəlif millətləri təmsil edən insanların iştirakı və qarşılıqlı fikir mübadiləsinin aparılması təqdirəlayiqdir. Hesab edirəm ki, burada müzakirə olunan bütün məsələlər qlobal əhəmiyyətə malikdir. Biz Bakı bəyannaməsi ilə yaxından tanış olduq, orada maraqlı və olduqca əhəmiyyətli məsələlər öz əksini tapıb. Xüsusilə qeyd etməliyəm ki, bəyannamənin doqquzuncu maddəsində miqrasiya ilə bağlı məsələlər yer alıb. Hesab edirəm ki, bu maddənin bəyannamədə olması bugünkü dövr üçün çox böyük önəm daşıyır”. Əşrəf Əl-Naur Azərbaycanın dünyada tolerantlıq və multikultural ənənələri ilə tanındığını, Qlobal Forumun bunu bir daha nümayiş etdirdiyini vurğulayıb.

"Azərbaycan rəhbərliyinin bütün istiqamətlərdə fəaliyyəti yüksək səviyyədədir”

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov da bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda aktual məsələlər müzakirə edilir: "Forum yüksək səviyyədə təşkil olunub. Hələ bura gəlməzdən əvvəl Forum haqqında məlumat əldə etdim və onun böyük əhəmiyyət daşıdığı qənaətinə gəldim”. Aktual məsələlərin müzakirəsi baxımından Bakı Forumunu yüksək qiymətləndirən qonaq bu möhtəşəm tədbirin onun bütün iştirakçıları üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Azərbaycan xalqına böyük hörmətini ifadə edən Sergey Markov Bakıda olmağından məmnunluğunu dilə gətirib. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən çoxsaylı iştirakçıların Bakıya gəlməsi bir daha bu Forumun vacibliyini göstərir. Bakı Forumunda müzakirəsinə ehtiyac duyulan məsələlər ətrafında fikir mübadiləsi aparılır, qərarlar qəbul olunur: "Azərbaycan rəhbərliyinin bütün istiqamətlərdə fəaliyyəti yüksək səviyyədədir. Bizim mədəniyyətlərimiz, dinimiz müxtəlifdir. İnsanların isə biri-birlərinə inanmaları üçün üsullar lazımdır. İlk baxışda, bu, asan görünür. Lakin inamı reallaşdırmaq üçün məhz Bakıda keçirilən belə forumlar vacibdir. Mən həm yeni, həm də köhnə Bakıda olmağıma həmişə şadam. Bu məkan planetimizdə çox azsaylı yerlərdəndir ki, hər kəs hər ay dəyişiklik hiss edir. Siz xoşbəxt insanlarsız və xoşbəxt dövlətdə yaşayırsınız”.

Göründüyü kimi, Bakı Qlobal Forumu dünya ictimaiyyəti üçün mühüm mesajdır. Qlobal təhlükələrə qarşı birgə mübarizə, səylərin birləşdirilməsi problemdən yeganə çıxış yoludur. Ona görə də Forumun əhəmiyyəti birmənalı olaraq yüksək qiymətləndirilir və şübhə doğurmur ki, tədbir çərçivəsində müzakirə olunan məsələlər davamlı mübarizə yollarının tapılması və həyata keçirilməsinə şərait yaradacaq.

İsmayıl