"Azərbaycana qarşı "Facebook”da trolların aktivləşməsinin məqsədi informasiya müharibəsində süni üstünlüyün əldə edilməsidir”.
Bunu "Sherg.az”a "Facebook”un təhlükəsizlik üzrə direktoru Aleks Stamosın Azərbaycan haqqında açıqlamalarını şərh edərkən İKT üzrə tanınmış ekspert Cahid İsmayıloğlu söyləyib.
O diqqətə çatdırıb ki, süni şəkildə təlimatlandırılmış istifadəçilər hazırlanmış kontekstləri onlarla saxta profillər vasitəsilə yayımlayır:
"Azərbaycanda belə fəaliyyətlə məşğul olan qüvvələr kütləvi deyil. Əvvəllər müxalifət partiyaları sosial şəbəkə hesablarındakı sosial bazanı süni şəkildə şişirtmək üçün belə üsullara əl atırdılar. Müxalifət rəhbərlərinin statuslarına, paylaşımlarına yazılan şərhləri oxuduqda aydın olurdu ki, əksəriyyət öyrədilmiş, hazır kontekstlərdir. Təbii olaraq, bu saxta profilləri də konkret şəxslər idarə edirdi. Bu trollar sonradan özünü doğrultmadı, çünki ölkəmizdə "Facebook” istifadəçiləri ayıq-sayıqdırlar”.
C.İsmayıloğlu həmin trollara qarşı virtual mübarizənin qurulması üçün təkliflərini də səsləndirib:"Sosial şəbəkələrdə maarifləndirmə işləri aparmalıyıq ki, hər hansı trolların fəaliyyətinə ehtiyac olmasın. Öz gənclərimizin potensialından istifadə edib, onların informasiya müharibəsində trollarla mübarizəsini təşkil edə bilsək, üstünlüyə nail olarıq.
Azərbaycanlı gənclər də bu proseslərdə aktivdirlər. Məsələn, Xocalı Soyqırımı, 31 Mart qırğını, 20 Yanvar faciəsi və s. hadisələrin ildönümündə istifadəçilərin öz iradəsi ilə paylaşılan informasiyalar üstünlük təşkil edir. Demək olar, hər kəs belə günlərdə şəkillər, videolar, məlumatlar paylaşır. Bu gənclərimizdəki həssasiyyətin göstəricisidir.
Müəyyən haştaqlar yaradılır, bunların üzərində gənclər öz fikirlərini ifadə edir, sosiallaşdırır. Hətta bəzi məqamlarda düşmən tərəfindən yaradılan haştaqlar onun özünə qarşı yönəldilir. Gənclər elə məharətlə virtual hücuma keçirlər ki, düşmən bunları yaratdığına peşman olur. Bir müddət öncə qondarma erməni soyqırımı ilə bağlı ermənilər sosial şəbəkədə haştaq yaratmışdı. Amma həmin haştaq elə boykot edildi ki, informasiyaları açıb oxuduqda, düşmənin əleyhinə məlumatlar qarşımıza çıxırdı. Bütün bunlar azərbaycanlı və türk gənclərin öz iradəsi ilə həyata keçirilib.
Bir qədər də maarifləndirmə aparmalıyıq ki, istifadəçilər öz işlərini daha effektli şəkildə həyata keçirsinlər. Hətta bunu mərkəzləşdirib, idarə etmək də mümkündür”.
Sosial şəbəkələrdə düzgün istifadə məsələsinə gəlincə, mütəxəssis onu da əlavə edib ki, Azərbaycan həqiqətlərinin virtual şəkildə, sosial şəbəkələr üzərindən dünyaya çatdırılması baxımından xüsusi layihələrə böyük ehtiyac var:
"Təəssüf ki, Azərbaycanda "Twitter” sosial şəbəkəsi geniş yayılmayıb. İstifadəçilər bu şəbəkədən düzgün yararlana bilmir. Halbuki beynəlxalq məkanda daha çox söz sahibi olan şəbəkələrdən biri elə "Twitter”dir. Hətta dünya mediası çox zaman bu şəbəkədə paylaşılan məlumatlara istinad verir.
Azərbaycanlı istifadəçilər sosial şəbəkə profillərini bir-biri ilə əlaqələndirir. Məsələn, "Facebook”da paylaşdıqları informasiya "Twitter”də də yayımlanır. Bu effektiv vasitə deyil. Bütün sosial şəbəkələrdən effektli istifadə etmək, informasiya müharibəsində aktiv iştirak etmək istəyən gənclər hər şəbəkədə ayrıca hesabını yaratmalı, müxtəlif dillərdə, dünyada trend olan haştaqlar altında informasiyaları paylaşmalıdır. Müəyyən hədəf olmalı, hər kəs buna yönəlməlidir”.
Qeyd edək ki, "Facebook” rəhbərliyi Rusiya İnternet Tədqiqatları Agentliyinin ("trol fabriki”) sosial şəbəkədəki səhifələrinin silinməsi ilə bağlı maraqlı açıqlama verib. Şirkətin təhlükəsizlik üzrə direktoru Aleks Stamosun sözlərinə görə, silinən səhifələrdəki kontentlərin (məzmun) 95 faizi rus dilində idi və rusiyalılara, eləcə də bütün dünya üzrə rusdilli insanlara, o cümlədən Rusiyanın qonşuları Ukrayna, Özbəkistan və Azərbaycana yönəlmişdi. O, trolların fəaliyyətinin aşkarlanmasına aylar sərf etdiklərini vurğulayıb.
Aysel Aslan