Azərbaycan həqiqətləri dünyaya yayılır
Xaricdə diasporumuzun media fəaliyyətini qənaətbəxş saymaq olar
Müasir dövrümüzdə diaspor sahəsində görülən işlər, bu sahədə dövlətin həyata keçirdiyi tədbirlər, eləcə də Azərbaycanın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolu və fəaliyyəti danılmazdır. Təkcə ölkə daxilində deyil, eləcə də Azərbaycandan kənarda soydaşlarımız tərəfindən təsis edilən televiziya kanalları, radiolar, eləcə də qəzet və jurnalların üzərinə bu istiqamətdə böyük iş düşür. Bəs görəsən, diaspor təşkilatlarının təsis etdikləri kütləvi informasiya vasitələri bu misiyanın öhdəsindən necə gəlirlər? Əvvəla, qeyd edək ki, son illər Avropada geniş yayılmış Azərbaycan diaspor təşkilatları artıq bu regionda kifayət qədər media imkanları da əldə ediblər. Avropanın müxtəlif ölkələrindəki diaspor təşkilatlarımızın təsis etdikləri ayrı-ayrı kütləvi
informasiya vasitələri, eləcə də həmin təşkilatların internet saytları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması təsirli vasitələrdən biri hesab edilir.
Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının malik olduğu mətbu orqanlar arasında "Azerbaidjan Review” qəzeti özünəməxsus yer tutur. Qəzet Amerika Nyu-York Assosiasiyası tərəfindən 2007-ci ildə nəşr edilib. Bu qəzetdə yalnız Azərbaycan haqqında informasiyalara deyil, həmçinin Amerikada yaşayan azərbaycanlılar, Azərbaycandan bu ölkəyə köçmüş yəhudilərin ictimai fəaliyyəti, ABŞ-Azərbaycan münasibətlərinə dair maraqlı materiallara rast gəlmək mümkündür. "Azerbaidjan Review” qəzeti fəaliyyət göstərdiyi müddətdə fasiləsiz olaraq nəşr olunur və müəyyən oxucu kütləsi toplamağa müvəffəq olub.
"Azerbaijan İnternational magazine” (Azərbaycan Beynəlxalq jurnalı) isə müstəqil ictimai, ədəbi-bədii jurnaldır. Jurnal Sovet İttifaqının dağılması və Azərbaycanın müstəqillik əldə etməsindən qısa bir zaman sonra, 1993-cü ildə yaradılıb. Həmin vaxtdan jurnal bəzi hallarda latın və ərəb əlifbası ilə Azərbaycan dilində, bəzi məqalələr də daxil olmaqla ingilis dilində ildə dörd dəfə buraxılır. Jurnalın Los-Anceles və Bakıda ofisləri var. Jurnalın hər nömrəsi (incəsənət, musiqi, ədəbiyyat, folklor, arxitektura, arxeologiya, sağlamlıq, ətraf mühit, beynəlxalq əlaqələr, biznes, dəb və adətlər kimi sosial məsələlərlə həsr edilmiş məqalələr) təxminən 100 səhifədən ibarətdir. Jurnalın hədəf auditoriyası biznes, diplomatiya və akademik sahələrdəki beynəlxalq oxuculardır. Lakin jurnalda azərbaycanlıların özləri üçün də yeni olan mövzular və məsələlər araşdırılaraq təqdim edilir. Azərbaycan ədəbiyyatı və ingilis dilində tərcümələrlə zəngin internet səhifəsinə malikdir.
"Azərbaycan” radiosu (Almaniya) Azərbaycan Akademik Birliyi tərəfindən Almaniya Federativ Respublikasında 2002-ci ildən yayımlanır. Radioda Azərbaycan haqqında proqramlara - mədəniyyət, tarix və xəbər verilişlərinə xüsusi əhəmiyyət verilir. Radio Almaniyada yaşayan azərbaycanlıları informasiya ilə təmin etmək, onların öz dilini, adət-ənənələrini yaşatmasına yardım göstərmək məqsədinə xidmət edir.
Azərbaycan Akademik Birliyinin internet səhifəsi "www.asav.org” 2001-ci ildə Almaniyanın Boxum şəhərində yaradılıb. Alman və Azərbaycan dillərində yayımlanır. "Aktual”, "təşkilat haqda”, "media”, "nəşrlər”, "Azərbaycan haqda” məlumatlar saytın səhifəsində ayrıca linklərdə göstərilib.
Azərbaycan Radiosu (Danimarka) da həftənin hər çərşənbə günü, saat 22:00-dan 24:00-a kimi Arhus FM, Kanal2, Frekans 98,7MHz tezlikdə yayımlanır. Radionun yaradılmasında əsas məqsəd Azərbaycan tarixi və mədəniyyətini Danimarkada təbliğ etməkdir.
"Azərbaycanın səsi” radiosu (Fransa) "Azərbaycan Evi” tərəfindən 2004-cü ildən Fransada yayımlanır. Burada Azərbaycan haqqında ən son məlumat və xəbərləri dinləmək, milli musiqimizə qulaq asmaq mümkündür. Radioda müxtəlif mədəniyyət və əyləncəli proqramlar efirə verilir.
"Azərbaycanın səsi” radiosu (İsveçrə) isə İsveçrə-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən 2004-cü ildən İsveçrə Konfederasiyasında yayımlanır. Radio Azərbaycanda baş verən ən son hadisələr, ölkəmizin ictimai-siyasi və sosial iqtisadi həyatı ilə bağlı məlumatları İsveçrədə yaşayan azərbaycanlılara çatdırır.
"Azərbaycanın səsi” radiosu (Norveç) 2006-cı ildən Norveçdən yayımlanır. Radioda Azərbaycan mədəniyyəti, tarixi haqqında proqramlar və xəbər verilişləri efirə verilir. Norveçdə yaşayan azərbaycanlıları informasiya ilə təmin etmək, onların öz dilini, adət-ənənələrini yaşatmasına yardım göstərmək məqsədilə yaradılıb.
"AzCan” jurnalı Kanada Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi tərəfindən 2008-ci ildən etibarən Kanadada nəşr edilir. Kanadada yaşayan azərbaycanlıların diaspor fəaliyyəti, təşkilatlar tərəfindən keçirilən tədbirləri geniş işıqlandıran bu jurnalda Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılmasına da xüsusi yer verilir. Jurnal Kanadada yaşayan soydaşlarımızın Azərbaycanla bağlı əsas informasiya mənbələrindən biridir.
Belçika Krallığında fəaliyyət göstərən "Azərbaycan Evi”nin mətbu orqanı olan "EU Xəbər” qəzeti "Azərbaycan Evi”nin həyata keçirdiyi bütün aksiyaları əks etdirir. Bununla yanaşı, Azərbaycan diasporunun fəaliyyəti, Azərbaycan mədəniyyəti, musiqisi, mətbəxi haqda təbliğati məqalələr qəzetin səhifələrində əks olunur. Qəzet 2004-cü ildə nəşr olunub.
"Azəri” Latviya Azərbaycanlıları Cəmiyyətinin internet səhifəsi olan "www.azeri.lv” sadə dizaynlıdır. İki dildə: rus və latış dillərində yayımlanır. "Azərbaycan”, "Tarix”, "Bakı”, "Simvollar”, "Bayramlar”, "Azərbaycan mədəniyyəti”, "Hadisələr” və "Xəbərlər” linkləri var. Sayt Azərbaycan mədəniyyəti və tarixini Latviyada təbliğ etməklə milli və etnik qrupların bu ölkənin mədəni həyatındakı iştirakını, yerli əhali ilə qarşılıqlı münasibətlərin inteqrasiyasını dəstəkləyir, bu ölkədə yaşayan soydaşlarımızı öz ətrafında birləşdirir. Sayt "Azəri” cəmiyyətinin orqanı olaraq, Azərbaycanın tarixi və mədəniyyəti ilə Latviya ictimaiyyətini tanış edir.
"Azərbaycanın Holland dostları” təşkilatının internet səhifəsi "www.dufoa.nl” sadə dizaynlı olsa da, informativ baxımdan çox zəngin bir saytdır. Bakı, Azərbaycan bölmələri ilə yanaşı, "Xocalı”, "Xarı Bülbül”, "Azəricə danışaq”, "Azərbaycan mətbəxi” və digər bölmələrin aktiv olması xoş təəssürat yaradır. Saytda ön səhifədə Bakı, Azərbaycanla bağlı bir neçə video da yerləşdirilib. "Www.azerifood.com” saytı da 4 dildə yayımlanır və Azərbaycan mətbəxi barədə böyük təbliğati iş aparır. Saytda, "Xəmir xörəkləri”, "Duru xörəklər və şorbalar”, "Quru xörəklər”, "Plovlar və qovurmalar”, "Kabablar”, "Salatlar və qəlyanaltılar”, "Şirniyyat”, "Şərbətlər və içkilər”, "Mürəbbələr”, "Turşu və şorbalar” bölmələri nəfis tərtibatla, fotolarla oxucuların ixtiyarına verilir. Bundan başqa, "Ümumi məsləhətlər” bölümündə məsləhət xarakterli tövsiyələr verilir. Mətbəx-mədəniyyət, mədəniyyət isə silahdır. Sözügedən sayt bununla təkcə Azərbaycan mətbəxini tanıtmır, həm də təbliğat aparır.
Azərbaycan-Avropa İnformasiya Mərkəzinin internet səhifəsi "www.azerinfo.eu” da Azərbaycan haqda ətraflı məlumatlar verilən sadə dizaynlı saytlardan biridir. Böyük informasiya bazası var. Saytın sağ kalonunda Qarabağ problemini, Ermənistanın Azərbaycana təcavüzünü, soyqırım, toponimik soyqırımı əks etdirən 4 aktiv banner yerləşdirilib. Diaspor linkində xaricdə fəaliyyət göstərən bütün təşkilatların informasiya bazası verilib. Mədəniyyət, tarix, ədəbiyyat, musiqi bölümləri də informasiya ilə zəngindir. Bölmələrə daxil olmaqla asan axtarış aparmaq olur.
"Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzinin səhifəsi isə "www.azerbaijanhouse.org”dur. Londondakı "Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzi Britaniyada yaşayan bir qrup azərbaycanlı ziyalı, gənc mütəxəssis və tələbənin təşəbbüsü ilə qurulub. Mərkəz tamamilə qeyri-siyasi və maddi mənfəət güdməyən bir təşkilat kimi fəaliyyət göstərir və məqsədi Azərbaycanla Britaniya arasında mədəni, dostluq bağlarını möhkəmləndirmək, Londondakı Azərbaycan icmasına xidmət etməkdir. "Azərbaycan Evi”, "Azərbaycan mədəniyyəti”, "Azərbaycan Musiqisi”, "Azərbaycan Kitabları” haqda xüsusi bölmələrlə yanaşı, "Xəbər” bölümü fəaliyyət göstərir. Saytda "Muğam Radio”ya birbaşa qoşulmaq imkanı yaradılıb. "Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzi tərəfindən həyata keçirilən müxtəlif tədbirlər, mühazirə və çıxışlar, seminarlar, görüşlər, konfranslar, sərgi, film nümayişləri, konsert proqramları, təqdimatlar və s. saytda əks olunub.
Azərbaycan Federasiyası İsveçin (AFİ) internet səhifəsi olan "www.azfi.org” isə Azərbaycan, türk, isveç və ingilis dillərində yayımlanır. Maraqlı dizayn və məlumat bolluğu baxımından diqqəti cəlb edir. Saytın manşetini 20-yə qədər "flash” formatlı xəbər tutur. Burada İsveçdəki diasporunun fəaliyyətinə dair məlumatlara, Azərbaycanla bağlı ən son xəbərlərə rast gəlmək mümkündür. Müasir saytlara xas "forum”, "ən çox oxunan”, "facebook” və "twitter” sosial şəbəkələrinə keçidlər də saytın dizaynı zamanı nəzərə alınıb. Məlumatların operativ yerləşdirilməsi, məzmun və mövzu baxımından rəngarəngliyi diqqəti cəlb edir.
"www.diaspora.cz” "Azəri-Çex” Cəmiyyətinin internet səhifəsidir. Çex və Azərbaycan dillərində yayımlanan bu saytın giriş hissəsi dizayn baxımından göz oxşayır. Azərbaycan və Bakının ən gözəgəlimli yerləri, əsrarəngiz təbiətini əks etdirən fotolar "flash” formatda yayımlanır. Təşkilat və Azərbaycanla bağlı ətraflı məlumat verilən linklər mövcuddur, aktivdir, daima yenilənir. Qeyd edək ki, təşkilat Çexiya Respublikasının müxtəlif ərazilərində mədəni proqramlar, sərgilər, Azərbaycan gecələri təşkil edir. Bu tədbirlər həmyerlilərimizin asudə vaxtının səmərəli keçməsilə yanaşı, həm də yerli vətəndaşlara və ümumilikdə Çex cəmiyyətinə Vətənimizi layiqincə tanıdır. Bütün bu aksiyalar əvvəlcə anons, tədbir başa çatdıqdan sonra isə informasiya və fotosessiya formatında sayta daxil edilir.
(Davamı olacaq)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb