Azərbaycan “Hizbullah”ın hədəfində deyil

Bunun üçün əsas yoxdur. Terror hansısa siyasətə qarşı çıxmaq üçün, atılan addıma cavab vermək üçün həyata keçirilir



ABŞ-ın Milli Antiterror Mərkəzinin rəhbəri Nikolas Rasmussen "Hizbullah” təşkilatının Azərbaycanda terror törətmək istədiyini və bu məqsədlə ölkəmizə terrorçu göndərdiyini bəyan edib. O bildirib ki, "Hizbullah” son bir neçə ildə Yaxın Şərqdə stabilliyin bərpa edilməsinə imkan verməyib:

"Təşkilat rəhbəri Bəşər Əsədin yanında olmaq üçün Suriyaya minlərlə döyüşçü göndərib. İraq və Yəməndəki terror təşkilatlarına silah təqdim edib. Azərbaycan, Misir və başqa ölkələrə teraktlar təşkil etmək niyyəti ilə öz döyüşçülərini yollayıb”. Rasmussen bildirib ki, İran terrorizmin əsas sponsoru olaraq qalır: "O, Yaxın Şərqdəki terror təşkilatlarına maliyyə yardımı edir, müasir silahlar verir, əməliyyat keçirmək taktikalarını öyrədir. İran eyni zamanda bütün dünyada öz döyüşçüləri şəbəkəsini yaradır”. 

Terror təhlükəsi ilə bağlı "Şərq”ə açıqlama verən təhlükəsizlik üzrə ekspert, keçmiş MTN zabiti İlham İsmayıl "Hizbullah”ın şiə təşkilatı olduğunu və İmam Xomeyni tərəfindən yaradıldığını deyib. Onun sözlərinə görə, Livanda fəaliyyət göstərən təşkilata Həsən Nəsrullah rəhbərlik edir: 

"Əksər dünya dövlətləri "Hizbullah”ı terror təşkilatı kimi tanıyırlar. Amma bəzi islam ölkələri bu qruplaşmanı adi dini qurum, onun başçısını isə filosof kimi qəbul edirlər. "Hizbullah” təşkilatı ilə yanaşı Azərbaycanın adının çəkilməsi məhz şiəliklə bağlıdır. 1990-cı illərin ortalarında "Hizbullah”ın Azərbaycana böyük təsiri var idi. Onlar qatı şiəliyin mövcud olduğu yerlərdə, rayonlarda idman yarışları adı ilə, müxtəlif təlimlərlə gəncləri öz tərəflərinə çəkməyə çalışırdılar. Oğlanlar üçün üstündə ərəb dilində "Hizbullah” yazılmış xüsusi baş yaylıqları çıxartmışdılar. Amma 2000-ci illərdən sonra bu proses səngidi. Azərbaycan "Hizbullah”ın hədəfində deyil. Təşkilatın hədəfində İsrail və Yaxın Şərqdir. Onlar İraqda və bir sıra ölkələrdə terror törədiblər, məscidləri partladıblar. Dünya ölkələrinin "Hizbullah”ı terrorçu təşkilat kimi tanımasına əsas var. 

"Hizbullah” İsrailə qarşı elə güclü hücumlar təşkil edib ki, yəhudilər böyük bir ordu ilə üz-üzə qaldıqlarını zənn ediblər. "Hizbullah”çılar İsraillə yanaşı, Əsəd tərəfindən Suriyada da döyüşürlər və İran ordusu ilə birlikdə fəaliyyət göstərirlər”. 

Ekspert bildirib ki, "Hizbullah”ın hədəfində Azərbaycanda terror törətmək yoxdur:

"Bunun üçün əsas yoxdur. Terror hansısa siyasətə qarşı çıxmaq üçün, atılan addıma cavab vermək üçün həyata keçirilir. Ancaq ölkəmizdə ziddiyyətli məsələ yoxdur. İstənilən halda ehtiyatlı olmaq lazımdır. Bəzən terror təşkilatları sırf özlərini göstərmək üçün xırda da olsa teraktlara imza atırlar. Hətta onlara dəxli olmayan hadisələr zamanı belə məsuliyyəti öz üzərlərinə götürürlər. Fikir vermisinizsə, dünyanın harasında terror baş verirsə, İŞİD bunu öz adına çıxır. Halbuki əksər olayla əlaqəsi olmur. Ancaq populyarlıq qazanmaq üçün terroru üzərinə götürür”.

İsmayıl