FETÖ-çuların ölkədəki bütün tərəfdarları üzə çıxarılacaq
Onlara qarşı qanunun sərt tələbləri ilə mübarizə aparmaq lazımdır
Fətullah Gülən təşkilatının Türkiyədə həyata keçirdiyi çevriliş cəhdindən sonra Azərbaycanda da bu təşkilat üzvləri barədə cinayət işi açılıb. Artıq Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq bir neçə nəfərin həbs edildiyi haqda rəsmi informasiya yayıb. Prokurorluqdan verilən açıqlamaya görə, saxlanılan 4 nəfər mobil telefon şirkətində çalışırmış. Onlar abonentlərə aid şəxsi məlumatları və zəngləri başqalarına ötürərək öz vəzifələrindən sui-istifadə etməkdə ittiham edilirlər.
Həmçinin, araşdırma zamanı nəzarət altına alınan şəxslərdən birinin evində Fətullah Gülənin müəllifi olduğu dini kitablar, disklər və broşurlar ələ keçirilib. Dövlət rəsmilərinin açıqlamalarına görə, qısa müddət ərzində Azərbaycandakı FETÖ tərəfdarlarının hamısı ifşa ediləcək və məsuliyyətə cəlb olunacaq. Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da deyib ki, FETÖ təşkilatı ilə bağlı Azərbaycanda ciddi araşdırmalar aparılır. Aparat rəsmisinin sözlərinə görə, bu hadisələrin arxasında dayanan qüvvələr heç vaxt Azərbaycanı sarsıda bilməyəcəklər: "FETÖ-çuların ölkədəki tərəfdarlarının hamısı üzə çıxarılacaq. Azərbaycanda bu məsələ ilə bağlı atılan addımlar, aparılan tədqiqatlar göstərir ki, təşkilat birbaşa tərəfdarları ilə bərabər, ölkəmizdəki bəzi müxalifət qurumları ilə də əlaqəlidir. Azərbaycan dövlətinə və dövlətçiliyinə, onun maraqlarına ziyan vurmaq cəhdlərinin qarşısı hər vasitə ilə alınacaq. Düşünürəm ki, bu proseslərdə bizə heç bir təzyiq göstərməyə ehtiyac yoxdur. Azərbaycan seçimini edib və öz yolu ilə gedir”.
Millət vəkili, tarixçi-alim Musa Qasımlı kənardan ixrac olunan tendensiyaların, xüsusən dini cərəyanların milli təhlükəsizlik üçün təhlükə törətdiyini deyib: "Ölkəmiz və xalqımız üçün ənənəvi olmayan bütün dini cərəyanları, xüsusən radikal cərəyanları milli-dövlət təhlükəsizliyimiz üçün təhdid hesab edirəm. Onlara qarşı qanunun sərt tələbləri ilə mübarizə aparmaq lazımdır. Azərbaycanın daxili işlərinə müdaxilə və ya dövlət müstəqilliyinə hər hansı təhdid olarsa, bunun qarşısı mütləq alınacaq. Dövlət orqanlarımızın Azərbaycan əleyhinə daxildən və xaricdən mövcud olan təhlükələrin qarşısını almağa yönəlik bütün tədbirlərini müsbət qiymətləndirirəm. Dövlətimiz özünün təhlükəsizliyini ən etibarlı şəkildə qorumalıdır. Azərbaycan dövləti o qədər güclüdür ki, heç bir xarici şəbəkə ölkəmizdə əl-qol aça bilməz. Əgər ona cəhd edilərsə, qarşısı dərhal və qanunların bütün gücü tətbiq edilməklə alınar”. Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, Azərbaycanda Fətullah Gülənin tərəfdarları var. Lakin onlar ölkə miqyasında güc və söz sahibi deyillər: "Həmin şəbəkənin fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılır. Tam əminliklə deyə bilərəm ki, araşdırmalar yaxın müddətdə obyektiv mənzərəni ortaya qoyacaq və FETÖ terror təşkilatı ilə əlaqəsi olanlar üzə çıxacaq. Onların qanun qarşısında cavab verməsini hamı tələb edir”.
"Yerli Düşüncə Dərnəyi”nin Azərbaycan təmsilçisi Barış Cavid isə Fətullahçı terror təşkilatının Azərbaycan üçün ciddi təhlükə törətdiyi qənaətindədir. Bu baxımdan birlik rəhbəri Baş Prokurorluğun cinayət işi başlamasını düzgün addım kimi dəyərləndirir: "Mən 15 iyul hadisələrinin canlı şahidi kimi Gülən tərəfdarlarına qarşı Azərbaycanda cinayət işi açılmasını dəstəkləyirəm. Türkiyədə qardaş qırğını başlamışdı. Belə bir halın vətənim Azərbaycanda yaşanmasını istəməzdim. Ümumən, istər Türkiyədən, istərsə də başqa ölkələrdən Azərbaycana idxal edilən dini qruplaşmaların hər hansısa fəaliyyətini durdurmaq lazımdır. Elm, təhsil, yardım, mədəniyyət, humanizm adıyla gələn bu qruplaşmalar zamanla ölkədə kök salır və haqsız olaraq millət üzərində hakimiyyətə iddia etməyə başlayırlar. Gülənçilər Türkiyənin adından faydalanaraq digər türkdilli dövlətlərə də nüfuz ediblər. Bu şəbəkə Azərbaycanda 20 ildən çoxdur ki, əsasən təhsil və iqtisadiyyata güclü nüfuz edə biliblər. Amma onlar Azərbaycanda Türkiyədəki qədər təsir imkanlarına malik deyillər”.
İsmayıl