“Azərbaycan kanallarında özəllik yoxdur”

Namiq Şirəlibəyov: “Televiziyanı bilməyən adam burda çalışırsa, bu, cəmiyyətə təsirini illər sonra göstərəcək
Gənc xanım hələ ailə qurmadan ailə problemləri ilə bağlı verilişi necə apara bilər? Axı onun buna haqqı çatmır

-Televiziya məntiqin, estetikanın, təfəkkürün, dünyaya baxışın bir araya gətirə bildiyi fərqli dünyadı. Bu dünyadan tamaşaçını qazanmaq üçün mütləq peşəkar olmaq vacibdi...



Televiziya maarifləndirə də bilər, cahilləşdirə də. Bunu inkişaf etmiş demokratik ölkələrin çoxillik televiziya təcrübəsindən də təyin etmək mümkündür. 

Televiziya qəribə bir təsir gücünə malikdir, belə ki, teleşəbəkə hər bir fərdi özünün "toruna” salmağa çalışır və əksər hallarda da buna nail ola bilir. Bu, təkcə tamaşaçı auditoriyası toplamaqla kommersiya maraqlarını həyata keçirmək deyil. Televiziya həm də insanları dövlətçilik kimi siyasi-ideoloji, humanizm kimi bəşəri ideyalara zidd olmamaq barədə götürdüyü öhdəlik çərçivəsində ideya ilə yükləyir. 

O zaman bizim bugünkü teleməkan televiziyanın missiyasını yetərincə yerinə yetirə bilirmi? Televiziya məqsədini tanıya bilirmi?

Suallarımıza Azərbaycan teleməkanında kifayət qədər tanınan rejissor Namiq Şirəlibəyov cavab verir. Azərbaycan teleməkanının hazırkı durumunu televiziya rejissoru belə təqdim etdi.

Yoldan gəlib keçən dünənin uşağı gəlib aparıcı olur, toydan çıxan operator olur. Müğənnilər aparıcılıqla məşğul olurlar, aparıcılar toy idarə edirlər. Azərbaycan kanallarında özəllik yoxdu. Hamı biri-birini təkrarlayır. Orijinal verilişlər demək olar ki, yoxdu. Bilik, intellekt, maarifləndirən verilişlər yoxdu.
- Yəni televiziyalarımız bəsit şoudan ibarət olub...

- Hamı biri-birini təkrar edirsə, burda maraqlı şoudan da söhbət gedə bilməz. İnsanları düşündürə bilən, əslində sözün həqiqi mənasında həm də əyləndirən verilişlər yoxdu.

- İntellektual verilişlərin qıtlığı hiss olunur?

- İntellektual verilişlər ümumiyyətlə yoxdu. Bəla burdadı. Tamaşaçı müxtəlif təbəqələrdən asılıdır. Misal üçün, səhər verilişlərinə hansı tamaşaçılar əsasən baxır? Ziyalı təbəqə. Saat 7-də kim oyanır yuxudan? Əsasən ali təbəqə. Saat 10-da başqa bir təbəqə yuxudan oyanır. Bunları fərqləndirərək onlara uyğun verilişlər təqdim olunmalıdı. Proqram buna uyğun hazırlanmalıdı. Televiziya o qədər fərqli bir məkandı ki, burada təqdim olunan hər layihə, veriliş özəlliyi, maraqlı qonaqlı, mövzuları ilə tamaşaçını ekrana bağlamalıdır. İnsanları əslində təbəqəyə bölmək niyyətində deyiləm. Sadəcə müxtəlif zövqə, təfəkkürə, savada malik insanlar varsa, bunları nəzərə almaq lazımdı. Televiziya bu məqamı diqqətdən kənarda saxlaya bilməz. Adi ev xanımı onsuz da intellektual, maarifləndirici verilişə baxmayacaq, o verilişdə olan ziyalı qonağın dediyi elmi açıqlamalar onda maraq yarada bilməz. Demək, onun efiri izləmək saatı başqa saata aid olacaq. O öz zövqünə, təfəkkürünə uyğun veriliş axtarışında olacaq. Televiziya proqramlaşdırma aparanda bunları nəzərə alıb, tamaşaçının damarını tutmalıdır.

- Televiziyanın məqsədi nə olmalıdı?

- Əsas məqsədlərdən biri aşağı səviyyəli tamaşaçının zövqünü formalaşdırmaqdır. Televiziya aşağı səviyyəli tamaşaçının zövqünün səviyyəsinə düşə bilməz.

- Televiziya kütlənin arxasınca deyil, kütləni arxasınca aparan mexanizm rolunu oynamalıdır. Gəlin etiraf edək ki, televiziya bu gün çox aşağı səviyyəyə düşüb. Televiziya son 10 ildə o qədər aşağı səviyyəyə düşüb ki, illər lazımdı ki, o səviyyəni bərpa edə bilək. Sovet dönəmində televiziyanın çəkisi, səviyyəsi var idi. Televiziyada dekorasiya vacib amildi. Bizdə az qala göy qurşağı kimi verilişlərin dekoru hazırlanır. Elə bir rəng olmur ki, arxa fonda görünməsin. Aparıcılar əvvəllər Moskvaya xüsusi kurslara göndərilirdi. Bu gün təsadüfi insanları gətirib aparıcı kimi tamaşaçı qarşısına çıxarırlar. Peşəkar aparıcını televiziya yetişdirmək üçün ona vəsait xərcləməlidir, onu müxtəlif kurslara göndərməlidir ki, o, televiziyanı öyrənə bilsin. Küçədən keçən aparıcı, jurnalist ola bilməz. Moskvada televiziyaya gəlmək üçün 5 il jurnalistikada oxumalısan, sonra sənin təcrübən olmalıdır. Televiziyanı mənimsədikdən sonra sən tamaşaçı qarşısına çıxa bilərsən. Televiziya jurnalistikası ilə qəzet jurnalistikası arasında fərq var. Bizdə bunlar nəzərə alınmır. Bir balaca görünüşü imkan verirsə, gənc xanımı efirə çıxarırlar. Onun nə danışığı, nə intellekti, nə nitq imkanları bu günün tamaşaçısını qane etmirsə, o aparıcını efirə necə çıxara bilərsən? Əslində bu gün televiziyalarımızda həddindən artıq problemlər var. Sovet televiziya məktəbi var idi. Sovetlər Birliyi dağılanda o sistem qırıldı. Sonra bizdə televiziya məktəbi yenidən qurula bilmədi.

- Televiziyanı bilməyənlər televiziyadadı bu gün.

- Televiziyanı bilməyən televiziyada çalışırsa, bu, cəmiyyətə təsirini illər sonra göstərəcək. Aparıcı efirə hazırlıqlı çıxmalıdır. Qonaqlarını tanımalıdır. Tamaşaçıya qarşı məsuliyyət hissi olmalıdır. Müğənni çıxarılır efirə, istədiyini danışır, mikrofonu əlinə götürüb arxasını tamaşaçıya çevirərək kiminsə qulağına nə isə deyir. Bu, efir etikasına ziddir. Ekran qarşısında oturana üz çevirmək yolverilməzdir. Arxa fonda rəngarənglik bəzən o qədər yorucu olur ki, qonağın kimliyi bilinmir. Qonağın paltarının rəngi ilə fondakı qarışıqlıq artıq əlavə fonlar yarada bilir. Televiziyalarda texniki problemlər çox qabarıq hiss olunur. İşıq düzgün qurulmur. Operator işığa uyğun hərəkət etməlidir. Bir də görürsən ki, bir aparıcının fonunda 4 kölgə görünür. Hələ efirlərdə rejissor işindən danışmıram. Bu gün bir çox verilişlərdə rejissor işi ya görünmür, ya da bərbad vəziyyətdə olur. Mütləq bu sahədə olan mütəxəssislər xaricdə müəyyən kurslara göndərilməlidi. Biz o zamanlar Moskvaya ezam olunurduq, orda televiziya kurslarını öyrənirdik. Mən özüm Rusiya kanallarından birinin baş rejissoru olmuşam. Bilirsiz, o zaman mən televiziyanı daha dərindən tanıya bilmişəm.

- Bəs televiziyada milli dəyərlər nəzərə alınmalıdı, ya televiziya məhdudiyyəti qəbul etməməlidir?

- Əgər biz Avropa millətlərindən biri olsaydıq, onda mentalitet nəzərə alınmaya bilərdi. Biz istəsək də, fransız ola bilmərik. Bizim öz dəyərlərimiz var. Ona görə də bəzi Qərb ölkələri kimi ekranda çılpaqlıq təqdim edə bilmərik. Bizim efirə ailələrimiz, uşaqlarımız baxır. Əgər sərbəst mövzularda verilişlər təqdim etmək istəyi varsa, bu axşam saat 22:00-dan sonra təqdim edilə bilər. Mən özüm bəy nəslindən olan insanam. Rus dilliyəm. Amma buna baxmayaraq yenə də milli dəyərləri nəzərə almaq lazımdı.

- Televiziyalarımızda dinamika necə hiss olunur?

- Televiziyamızın ən böyük qüsurlarından biri də elə dinamikanın olmamasıdır. Bu da əslində cəmiyyətdən gələn bir xüsusiyyətdi. Cəmiyyətimiz dinamik olmadığı kimi, televiziyamız da o mühitdə hərəkət edir. Xaricdə keçidi keçən insan dinamik hərəkət edir. Bizdə isə yolu keçən piyada o qədər rahat, aramla bu keçidi keçir ki, sanki bu müddət zamana ölçülmür. Bu mənada qərb cəmiyyəti dinamik olduğu üçün onların televiziyalarında da dinamika güclüdür. Ya da efirdə sosial problemlə bağlı mövzu müzakirə edilir, bir insanın taleyindən danışılır, xarici bir musiqi fonda səslənir. O musiqinin tərcüməsini bilən başa düşür ki, bu musiqinin bu dəqiqə təqdim olunan süjetə heç bir aidiyyəti yoxdu.

- Tamaşaçı qazanmaq bu gün doğrudanmı çətinləşib?

- Seçim imkanı çox olanda, təbii ki, tamaşaçı qazanmaq da çətin olur. Əvvəllər bir kanal var idi, tamaşaçı məcbur ancaq onu izləyirdi. Bu gün tamaşaçının seçim imkanı böyükdü. İstər yerli, istər peyk kanallar vasitəsilə tamaşaçı axtardığını tapmağa çalışır. Deməli, tamaşaçı qazanmaq rəqabət məsələsinə çevrilir. Bu rəqabətdə o qədər maraqlı, keyfiyyətli veriliş təqdim etmək lazımdı ki, sən tamaşaçı auditoriyanı genişləndirə biləsən. Sən keyfiyyətsiz, maraqsız verilişi təqdim etsən belə, sənə baxan olmayacaq. Bilirsiz, televiziyada rejissor olana qədər bir neçə mərhələdən çıxmalı olursan. İndi yerindən duran rejissor olub. Mənim fikrimcə, Türkiyə kanalları belə Rusiya qədər inkişaf etməyib. Rusiyanın kanallarına baxın. O qədər peşəkar televiziya görüntüsü var ki, tamaşaçı suallarına cavab tapa bilir. Televiziyanın məqsədi olmalıdı. Bizim televiziyaların məqsədi görünmür. Biz televiziyalarımızın rəngini təyin edə bilməmişik. Televiziya estetikası bizdə bərbad vəziyyətdədir. Bunlar isə televiziyanı çirkin göstərə bilən qüsurlardı. Bir də bizdə aparıcılar verilişlərin mahiyyətinə uyğun seçilmir. Gənc xanım hələ ailə qurmadan ailə problemləri ilə bağlı verilişi necə apara bilər? Axı onun buna haqqı çatmır. Çox üzr istəyirəm, 20 yaşlı gənc xanım mənə necə əxlaq dərsi keçə bilər? Ailəsi dağılan, ya da min yolla ora gəlib çıxa bilən aparıcı mənim övladıma mental dəyərdən nə deyə bilər? Mən heç kimi təhqir etmək niyyətində deyiləm. Təbii ki, hamını pis təqdim etmək niyyətində deyilik. Amma deyə bilmədiyimiz çox məqamlar var ki, tamaşaçı bundan xəbərdardı. Hansı yolla müğənni kimi populyar olan, maşınını kimlərin hesabına alan müğənni efirdə gəlib mənə hansı ailə dəyərlərindən danışa bilər? Onun buna haqqı çatırmı? Axı veriliş hazırlayarkən bunlar mütləq nəzərə alınmalıdır. Televiziya məntiqin, estetikanın, təfəkkürün, dünyaya baxışın bir araya gətirə bildiyi fərqli dünyadı. Bu dünyadan tamaşaçını qazanmaq üçün mütləq peşəkar olmaq vacibdi.

Tahirə Məmmədqızı

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb