"Azərbaycan mediasına "reket"lərə baxdıqları gözlə baxırlar" - Aqil Camal




"İllərdir bu problem həm cəmiyyəti, həm də konkret, media cameəsini narahat edir. Xüsusilə, ciddi media "reket jurnalist" adlandırılan zümrənin "fəaliyyətindən" zərər çəkir. Çünki, onlar hər yerdə özlərini media mənsubu kimi qələmə verirlər”.

Bunu "Sherg.az”a açıqlamasında "Türküstan” qəzetinin baş redaktoru Aqil Camal deyib.

Onun sözlərinə görə, Azərbaycanın ciddi mediası haqqında anlayışı olmayan insanlar həmin "reket"lərin hərəkətini görüb bütövlükdə Azərbaycan mediasına onlara baxdıqları gözlə baxırlar. Bu barədə onlarla örnəklər var:

"Bu baxımdan, inzibati qaydada görülən son tədbirləri alqışlamaqla yanaşı, hesab edirəm ki, bu işi koordinasiyalı şəkildə aparmaq lazımdır. Çünki yalnız müvafiq dövlət qurumları "reket jurnalistika" ilə mübarizədə irəlidə olanda, bunu müəyyən dairələr "mətbuata təzyiq" kimi qələmə verirlər. Yaxşı olardı ki, Mətbuat Şurası ilə tanınmış jurnalist təşkilatları və deyək ki, DTX, DİN, Prokurorluq və s. arasında ortaq komissiya yaradılsın. Burada, aparılan birgə araşdırmaların nəticəsi olaraq həm inzibati, həm də ictimai tədbirlər həyata keçirilsin.

Digər bir məsələ isə "reket jurnalistika"nın yaşamasına əsas "donor" kimi iştirak edən məmur ordusunun bu məsələyə yanaşmasıdır. Xüsusilə yerlərdə ciddi ve qeyri-ciddi medianı ayırd edə bilməyən məmurlar "reket jurnalistlər"in istənilən təhdidi qarşısında aciz qalırlar və onların tələblərini yerinə yetirirlər. Buna görə də, "reket jurnalistika" ilə mübarizənin kompleks şəkildə aparmaq lazımdır. Həmçinin onların hədəf seçdiyi insanlar arasında maarifləndirmə işləri də görülməlidir”.

Qeyd edək ki, İkram Rəhimovun rəhbərlik etdiyi "Realliq.info” və digər "reket” informasiya saytların qanunsuz fəaliyyəti ifşa olunub. Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində İkram Rəhimovun ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayaraq onlardan vəsait tələb etdiyi, əsasız olaraq Mətbuat Şurasının rəhbərliyini və üzvlərini hədəfə aldığı müəyyən edilib. DTX-nın xüsusi əməliyyatı sayəsində İ.Rəhimov saxlanılıb. 

Şəymən