“Azərbaycan ordusunun uğuru Moskvanı da silkələdi”

Eldar Namazov: “Rusiya qabağa düşür ki, sabah deyə bilsin ki, münaqişəni Vaşinqton və Paris olmadan Moskva həll etdi”
“Sarkisyan mərhələli plana razılıq verəcəyi təqdirdə, ona dəstək göstərəcəklər”


(əvvəli ötən sayımızda)

Aprelin əvvəlində işğalçı Ermənistan ordusunun Dağlıq Qarabağda təmas xəttində atəşkəsi pozması nəticəsində başlayan, "üçgünlük müharibə” adlandırılan hərbi əməliyyatlar münaqişə ilə bağlı danışıqlar prosesində yeni səhifə açdı. Azərbaycan Silahlı Qüvvələrinin düşmənin təxribatlarının qarşısını alarkən fədakarlıq göstərməsi, işğalda olan bir neçə strateji yüksəklikləri cəmi üç gün davam edən hərbi əməliyyatlarla geri qaytarması, Ermənistanla yanaşı, konfliktlə bağlı olan gücləri də düşünməyə vadar etdi.

Artıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupu ölkələri anlayırlar ki, konflikt donmuş vəziyyətdə qala bilməz. Həmsədr ölkələrin rəsmiləri də artıq status-kvonun dəyişməli olduğunu söyləyirlər. Münaqişənin sülhlə həllini istəyən qüvvələr, anlayır ki, rəsmi İrəvan danışıqlarda konstruktivlik sərgiləyib, razılığa gəlməlidir. Əks təqdirdə, Azərbaycan öz torpaqlarını hərbi yolla azad edəcək gücdədir. Azərbaycan ordusunun gücünü görən, bundan qorxuya düşən işğalçı Ermənistan rəhbərliyi də başa düşür ki, torpaqları azad etməkdən başqa yol qalmayıb.

Bir çox analitiklər bildirirlər ki, ilin sonuna kimi, Dağlıq Qarabağ münaqişəsinin ya sülhlə, ya da hərbi yolla həlli qaçılmazdır. Ekspertlərin qənaətincə, münaqişənin həllində açar fiqurlardan olan Rusiya ən azından Dağlıq Qarabağ ətrafı rayonların azad edilməsi üçün, Serj Sarkisyan hakimiyyətinə təzyiq göstərir.

Qarabağ münaqişəsi ətrafında baş verənləri, görünən hərəkətliliyi "Şərq”ə geniş müsahibəsində "Azərbaycan Naminə” İctimai Mərkəzin rəhbəri, tanınmış politoloq Eldar Namazov şərh edib...

- Mərhələli həll planına razı olan Ermənistanın ovaxtkı prezidentini devirdilər. Əgər həmin plana Sarkisyan razılıq verərsə, 1998-ci ildə baş verən analoji hadisə təkrarlana bilərmi? Bu gün, sabiq xarici işlər naziri Vardan Oskanyan siyasətə gəldiyini bildirərək, Sarkisyana təzyiq göstərəcəyini bildirir. Yəni Sarkisyan o vaxt Ter-Petrosyanı devirdiyi kimi, Oskanyan siyasi meydana çıxıb, Sarkisyanı devirə bilərmi?

- Keçmiş XİN başçısı Oskanyanın partiya elan etməsinin, siyasətə dönüşünün arxasında faktiki olaraq Robert Köçəryan dayanıb. Təbii ki, Köçəryan 1998-ci ildə etdiklərini indi də təkrarlamaq istəyir. Bununla Sarkisyan hakimiyyətinə hədə gəlir. Bildirmək istəyir ki, rəsmi İrəvan mərhələli plana razılıq versə, o, siyasi səhnəyə qayıdıb, nələrsə edə bilər. Amma onun bu planları mənasızdır. Birincisi, Ermənistanın hazırkı müxalifətinin böyük kəsimi, xüsusən də Ter-Petrosyana yaxın müxaliflər, Sarkisyan mərhələli plana razılıq verəcəyi təqdirdə, ona dəstək göstərəcəklər. İkinci bir tərəfdən isə Sarkisyanın da, Köçəryanın da addımlarını, siyasətini müəyyənləşdirən, onlara təlimat verən dövlət var ki, bu da Rusiyadır. Kremlin razılığı olmadan nə Sarkisyan, nə də Köçəryan hansısa addım ata bilər. Mən güman edirəm ki, rəsmi Moskva artıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonu qoruyub saxlamağın mümkün olmadığını anlayır. O dəqiq idi ki, Kreml münaqişəni donmuş vəziyyətdə saxlamaq istəyirdi. Amma aprelin əvvəlində Azərbaycan ordusunun cəbhədəki gücü, hərbi əməliyyatlardakı uğuru Moskvanı da silkələdi. Artıq Rusiya rəsmilərinin mövqeyində də dəyişiklik var. Məlumdur ki, Azərbaycan status-kvonun saxlanılmasına imkan verməyəcək. Anlayırlar ki, vəziyyət diplomatik yolla dəyişməsə, hərbi yol qaçılmazdır. Ona görə də, Rusiya diplomatları fəallıq göstərirlər. Onlar başa düşürlər ki, yaranmış durum yenidir, status-kvoda dəyişiklik etmək lazımdır. Moskva qabağa düşür ki, sabah deyə bilsin ki, münaqişəni Vaşinqton və Paris olmadan Moskva həll etdi. Deməyim odur ki, Sarkisyanın da, Köçəryanın da tutduğu mövqe və addımları Rusiyadan asılı olacaq.

- Laçın dəhlizi, Mehri dəhlizi ilə bağlı fikirlər yenidən gündəmə gəlib. Mərhələli həll planında bu məsələ də özünə yer alırmı?

- Mərhələli planda Laçında Ermənistana dəhliz verilmir. Plana görə, dəhlizdə beynəlxalq sülhməramlı qüvvələrin nəzarəti altında olması məsələsi yer alır. Təbii ki, əgər mərhələli planla sülh prosesi başlayacaqsa, sərhədlər açılacaqsa, məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqsa, bu dəhliz məsələsi də həllini tapacaq. Barış əldə olunub, sərhədlər açılandan sonra, əlbəttə ki, Azərbaycandan Naxçıvana gediş-gəliş sərbəst olmalıdır. O zaman Bakı-Naxçıvan dəmir yolu xətti faktiki olaraq dəhlizə çevriləcək. O zaman Azərbaycan da şərt qoyacaq ki, Bakı-Naxçıvan dəmir yolunun Mehridən keçən hissəsi beynəlxalq sülhməramlı qüvvələr tərəfindən nəzarətdə saxlanılsın. Postlar qurulub, Mehridən keçən hissədə təhlükəsizlik təmin ediləcək. Təbii ki, bu məsələni şərt olaraq irəli sürməyə Azərbaycanın haqqı çatır. Necə ki, ermənilər Laçın dəhlizinin təhlükəsizliyinə təminat istəyəcək, Azərbaycan da, Mehri dəhlizinin təhlükəsiz olmasını danışıqlarda qaldıracaq.

- Bir çox analitiklərin fikrincə, 2016-cı ilin sonuna kimi, Dağlıq Qarabağ münaqişəsində böyük irəliləyiş gözlənilir. Ekspertlər bildirir ki, ilin sonuna kimi ya sülhlə, ya da hərbi yolla Azərbaycan torpaqlarını azad edəcək. Ən azından Qarabağ ətrafı rayonların azad ediləcəyi proqnozlaşdırılır. Siz necə düşünürsüz, ilin sonuna kimi məcburi köçkünlərimiz torpaqlarına qayıda biləcəklərmi?

- Mənim fikrim budur ki, top artıq beynəlxalq vasitəçilərin və Ermənistanın tərəfindədir. Aprelin əvvəlindəki döyüşlərdə Azərbaycan vurduğu topu qola çevirdi. Aydındır ki, bu qola beynəlxalq vasitəçilərdən və Ermənistandan cavab gəlməlidir. Əgər onlar bu ilin sonuna kimi, mərhələli plan üzrə ciddi razılığa gəlməsələr, real nəticə əldə olunmasa, o zaman aprel ayındakından da böyük hərbi əməliyyat qaçılmaz olacaq. Hesab edirəm ki, 2016-cı ilin axırına qədər Qarabağ prosesində ciddi dəyişiklik olacaq. Amma bu, mərhələli planla sülh prosesinəmi yol açacaq, yoxsa Azərbaycan ordusunun ermənilərə ikinci daha böyük, daha sarsıdıcı zərbəsi iləmi olacaq, dəqiq deyə bilmirəm. Bu suallara cavab bizdən deyil, beynəlxalq vasitəçilərdən və rəsmi İrəvandan asılıdır. Azərbaycan artıq öz sözünü deyib, cavabı gözləyir.

Anar Bayramoğlu