Azərbaycan, Rusiya, İran XİN başçıları Bakıda toplaşır

“Görüşü Kreml istəyib, amma hansı məsələlərin müzakirə olunacağı dəqiq deyil”



Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşünün yaxın vaxtlarda Bakıda keçirilməsi nəzərdə tutulub.
Bu barədə bir neçə gün öncə Tehran rəsmiləri xəbər veriblər. Dünən isə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev məlumatı təsdiqləyib. Onun sözlərinə görə, hazırda diplomatik kanallar vasitəsilə görüşün tarixi müəyyənləşdirilir.

Nazirlik sözçüsü bildirib ki, görüş əsnasında ikitərəfli və üçtərəfli əməkdaşlıq layihələri, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və digər qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Bir çox ekspertlər bildirirlər ki, XİN başçılarının görüşü, regionda Rusiya-Azərbaycan-İran üçbucağını yaradacaq.

XİN rəhbərlərinin görüşünü "Şərq”ə şərh edən politoloq Qabil Hüseynli deyib ki, ortada Azərbaycanın Qərbə inteqrasiya yolunu tutması faktı var: "Son vaxtlar Azərbaycanın qərbyönlü siyasəti xeyli fəallaşıb. ABŞ və Avropa Birliyi ilə münasibətlər, xüsusən də energetika və iri regional ortaq layihələr üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Yəni ölkəmizin hazırkı geosiyasi şəraitdə yürütdüyü xarici siyasət budur”. Ekspert deyib ki, Avropa Birliyi bir sıra enerji layihələrinin həyata keçirilməsində Azərbaycanı özünə ən etibarlı tərəfdaş sayır: "Azərbaycan hazırda regionda enerji dəhlizi rolunu oynayır. Rusiya Ermənistanı silahlandırır. Məhz bunun nəticəsidir ki, Dağlıq Qarabağda sülh yaratma prosesində ciddi əngəllər meydana çıxır. Bütün bunlara rəğmən, Azərbaycanın Rusiya ilə münasibətləri qaydasındadır. Zənnimcə, tam səmimi olmasa da, Rusiya tərəfi bunu anlamış kimi görünür. Yəqin ki, bu cür görüşün keçirilməsini də məhz Kreml istəyib. Rusiya XİN rəsmilərinin də mart ayında ölkəmizə səfərləri oldu, müxtəlif bəyanatlar verildi. İndi dəqiq nəyin müzakirəsi olacaq, demək bir qədər çətindir. Amma önəmli olan bir çox məsələlər var ki, onlar XİN başçılarının görüşündə qaldırılacaq”.

Rusiya-Azərbaycan-İran regional üçbucağının yaranması məsələsinə gəldikdə isə, Q.Hüseynli deyib ki, bu, istisnadır: "XİN başçılarının görüşməsi üçtərəfli əməkdaşlıqdan xəbər versə də, "Üçlər ittifaqı”nın yaradılmasını nəzərdə tutmur. Qoşulmayanlar Hərəkatının üzvü və balanslı siyasi xətt yeridən ölkə kimi Azərbaycanın Rusiya və İranla bir ittifaqda yer almasından söhbət gedə bilməz. Bu görüşdə Azərbaycan Dağlıq Qarabağ problemini daha qabarıq surətdə meydana qoya bilər. Ona görə də rəsmi Bakıya hazırda məhz bu cür tarazlaşdırılmış siyasət lazımdır”.

Anar