"Azərbaycan səhiyyəsi və təhsili islahat istəyir" - APARILMIR




"İslahatlar ibtidaidən aliyə, pisdən yaxşıya doğru insanların rahatlığını, təhlükəsizliyini təmin edəcək mühiti yaratmaq fəlsəfəsidir”.

Bunu Sherg.az-a səhiyyə sahəsində 28 saxta diplom aşkarlanması və buna qarşı görülən tədbirlərdən danışarkən tanınmış ictimai xadim və həkim Zəlimxan Məmmədli deyib. 

Onun sözlərinə görə, islahatlar və məlum kateqoriya üzrə dinamika olmadığı üçün saxtakarlıqlar həyatımızın müxtəlif hissələrində yer alıb:

"İstər səhiyyə, istər təhsil sahəsi olsun, hər yerdə vəziyyət belədir. Harada ki, həqiqət, qanun yoxdur, rüşvət, pay, qohumbazlıq, tərəfkeşlik var, orada saxtakarlıq baş alıb gedəcək. Bu, aşkara çıxarılanlar son rəqəm deyil, minlərlə saxta diplomlu şəxslər var. Bu gün də özəl universitetlər açıldı. Amma elə universitetlər var ki, minlərlə həkim, müəllim və s. peşə sahələrinə aid diplomlar veriblər. Təhsil sistemi elə vəziyyətdədir ki, sadəcə islahatla bunu yoluna qoymaq olar. Azərbaycan səhiyyəsi və təhsili islahat istəyir. Millətin iradəsi önə çıxsın, ədəb-ərkan yaransın və hüquq təmin edilsin. Həmin saxta diplomların qarşısını da ancaq bu şəkildə ala bilərik”.

Qeyd edək ki, daha çox orta tibb ixtisası təhsil müəssisələrinin (tibb kollecləri) adından verilmiş saxta diplomlara rast gəlinir. Bildirilib ki, bu il aşkar olunan faktların 20-30 faizi xarici ölkədə oxuyub geri qayıdan şəxslərə aiddir.

Aysel Aslan