“Azərbaycan türkləri İran rejiminin irqçi siyasətinə etiraz edirlər”

Sədrəddin Soltan: “İslam pərdəsinə bürünən bu rejim irqçidir, şovinistdir, ən üstün mədəniyyət və irq kimi farsları bilir”



Güney Azərbaycanın Urmiya və Təbriz şəhərlərində Azərbaycan türklərinin etiraz mitinqləri başlayıb. Hazırda da aksiyaların davam etdiyi bildirilir. "Haray, haray, mən türkəm!”, "Ölüm olsun farsizmə”, "Azərbaycan milləti, çəkəmməz bu zilləti” şüarlarıyla küçələrə axışan türklər İran hakimiyyətinə etiraz edirlər. Etirazlara səbəb İranda nəşr olunan "Tərhi No” adlı qəzetin türkləri təhqir etməsidir.

Qəzet azərbaycanlıları "bədbəxt” və "pis irq” adlandırıb. Güneyi etirazlar bürüyən kimi qəzetin baş redaktoru Amir Əlizadə türklərdən üzr istəyib. Yazı müəllifi Süleyman Əfşar Tikabi isə əməlindən peşman olmadığını deyib. Tikabinin şovinist açıqlaması etirazları daha da qızışdırıb. Nəticədə etirazları dəf etmək üçün Urmiya və Təbrizə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb olunub, həbs edilənlər var. Lakin etirazçılar təhlükəsizlik qüvvələrinə əhəmiyyət vermədən etirazlarına davam edirlər.

İrandakı etiraz aksiyalarını dəyərləndirən Yaxın Şərq və İran üzrə mütəxəssis, politoloq Sədrəddin Soltan isə "Şərq”ə açıqlamasında son iki onillikdə İranda Azərbaycan türklərinin təhqir olunmasının bir ənənə halını aldığını deyib: "Rza şahın dövründən üzü bu yana soydaşlarımız bu sayaq aşağılayıcı ifadələrə məruz qalıb. Azərbaycan türklərini aşağılayan məqalələr, lətifələr yazılıb, karikaturlar çəkilib. Son dövrlərdə isə reklam rolikləri hazırlamağa başlayıblar. İran hökuməti türkləri aşağılamaqla onlarda sosial-psixoloji kompleks yaratmaq istəyirlər. Guya ki, İranda yaşayan Azərbaycan türkləri heç nəyə qadir olmayan, vecsiz bir zümrədir. Bu siyasət isə İran mərkəzli fars düşüncə sisteminin siyasi-ideoloji təzahürüdür. Onların başlıca amalı Azərbaycan türklərini assimilyasiya etməkdir. Onlar türkləri aşağılmaqla ölkə və dünya ictimaiyyətində türklərə qarşı inamsızlıq yaratmaq, etimadsızlıq qazandırmaq istəyirlər. Bu mənada son 10 ildə və bundan əvvəlki dönəmlərdə İranın ciddi media qurumlarının Azərbaycan türklərinə qarşı "təhqir kampaniyası” aparması təsadüfi deyil. Hansı ki, bütün bu aşağılamalar, təhqirlər, fitnə-fəsadlar İranın Ana Yasasına qarşı çıxmaqdır. İran konstitusiyasında irqçiliyə qarşı ayrıca bir maddə var. Amma buna rəğmən İran hakimiyyəti və ona bağlı mətbuat orqanları açıq-aşkar irqçiliyi təqdir edirlər. Onların bu siyasəti isə ölkədə fars şovinizminin günbəgün sərtləşməsinə xidmət edir. İranın ali lideri Ayətullah Seyid Əli Xomneyi başda olmaqla digər dövlət rəhbərlərinin də irqçi olduqlarını göstərir. Dünyanın bütün dövlətlərində irqçilik inkar edilir. Urmiya və Təbrizdən başlayan oyanış o mesajı verir ki, İran hakimiyyəti və nəzarətində olan media qurumları irqçi siyasətinə son qoymalıdır. Bütün bunlar islahatçı siyasətçi kimi tanınan Həsən Ruhaninin də irqçi adam olmasını göstərir. Yəni İranda islam pərdəsinə bürünən bu rejim irqçidir, şovinistdir, ən üstün mədəniyyət və irq kimi farsları bilir. Nəticədə fars şovinizminə, fars faşizminə etiraz olunur.

- Ekspertlər hesab edir ki, Azərbaycan türklərinə qarşı təhqirlər artdıqca, Milli Oyanış Hərəkatı getdikcə güclənir. Belə getsə, Güneydən başlayacaq güclü oyanış İranın bütün ərazilərini də əhatə edəcək. Siz necə düşünürsünüz?

- İranda Milli Oyanış Hərəkatı heç vaxt yatmayıb, o həmişə var və olacaq. Xalq hər zaman ayağa qalxaraq Azərbaycan türklərinin təhqir olunmasına qarşı etiraz edib, türklərin milli varlıqlarının qorunmasına xidmət edib. Türklər İran hakimiyyətinin basqıları qarşısında öz milli varlıqlarını qoruyurlar, öz mədəniyyətlərinin, dillərinin keşiyində durduqlarını bəyan edirlər. İran hakimiyyəti Azərbaycan türklərinin konstitusion haqlarını təmin edərsə, türklərə ikili standartlarla yanaşmasa, ayrı-seçkilik etməsə, şovinist hərəkətlər etməsə, təhqirə yol verməsə, belə də olmaz. Lakin bunun əksi baş verir və Azərbaycan türkləri fars rejiminin irqçi siyasətinə etiraz edirlər. Sadəcə Güney Azərbaycan türklərinin Milli Haqların Təmini Hərəkatı dinc keçirilir və bu dünyanın qəbul etdiyi prinsiplər əsasında baş tutur. Bu hərəkat həmçinin İran Konstitusiyası əsasındadır. Hərəkat İran hakimiyyətindən qeyri-qanuni istəklər tələb etmir. İrandakı bütün media qurumları hakimiyyətin nəzarəti altındadır və rejimin iradəsindən kənara çıxmaq iqtidarında deyillər. "Tərhi No” adlı qəzetdə türklərin təhqir olunaraq aşağılanması da birbaşa hakimiyyətin mövqeyidir. Azərbaycan türkləri İranda bütün sahələr üzrə aparıcı etnos olduğu üçün İran onları gözdən salmaq və İranda gedən siyasi proseslərdə onlardan faydalanmaq istəyirlər. Amma çox şükürlər olsun ki, soydaşlarımız öz haqlarını bilir və özlərini

İran rejiminə "yem” etmirlər. Xatırlayırsınızsa, 2006-cı ildə İran qəzetlərinin birində türklərə "hamam böcəyi” demişdilər. Həmin vaxt həmyerlilərimiz İran hakimiyyəti tərəfindən milli varlıqlarının tapdandığını bütün dünyaya car çəkdilər. Bundan sonra İran bir müddət türkləri aşağılama siyasətinə ara verdi.

- Dediniz Azərbaycan türklərindən siyasi proseslərdə istifadə etmək istəyirlər. Konkret olaraq nələri və kimləri nəzərdə tutursunuz?

- Özünü bütün dünyaya islahatçı prezident kimi tanıdan Həsən Ruhanini Azərbaycan türkləri dəstəkləmir. Niyə? Çünki özünü islahatçı kimi təqdim edən Məhəmməd Hatəminin dövründə Azərbaycan türklərinə onların milli-mədəni haqlarının tanınacağına dair müxtəlif vədlər, azından bir məktəb açmaq sözü verilmişdi. Amma verilən vədlər də, sözlər də boş çıxdı. Ona görə də haqlı olaraq Azərbaycan türklərinin İrandakı hakimiyyət içi islahat xəttinə inamı itib. Mənə elə gəlir ki, bəzi hakimiyyət qüvvələri bu cür təhqirlərlə Azərbaycan türklərini qıcıqlandırmaq və onların ayağa qalxaraq mühafizəkarlara qarşı etiraz aksiyası təşkil etməsinə nail olmaq istəyirlər. Amma Azərbaycan Milli Hərəkatı hələ 1998-ci ildə, İrandakı prosesləri dəstəkləməyəcəklərinə dair bəyanat yaymışdılar. Bu günə qədər İranda baş verən bütün prosesləri, böyük Hərəkatları dəstəkləmişik. Amma yenə də Azərbaycan türklərinin milli haqlarının təmin olunması istiqamətində heç nə əldə etməmişik. Amma budəfəki aksiyalar da bir daha sübut elədi ki, Azərbaycan türklərini öz milli haqlarının müdafiəsindən başqa heç nə düşündürmür.

- Bu təhqirlər təxribat xarakterli ola bilərmi? Türkləri qıcıqlandırıb, hərəkata rəhbərlik edən insanların aşkarlanaraq həbs olunmasına xidmət anlamında ...

- Son illərdə İranda Milli Oyanış Hərəkatının fəallarına qarşı ciddi repressiyalar müşahidə olunmur. 3-5 il bundan əvvəl daha çox fəal həbs olunurdu. Ola bilsin ki, hakimiyyət hərəkatdan qabaq hərəkatlar təşkil etmək yolu ilə Azərbaycan Milli Hərəkatının, Azərbaycan cəmiyyətinin daxilində yetişən, milli haqlarını tələb edən yeni qüvvələri aşkarlasın və onları həbs eləsin. Təbii ki, bu ehtimal da istisna deyil.

- İrandakı aksiyalara Azərbaycandan hansısa formada dəstək vermək mümkündürmü?

- Hazırda sizin hazırladığınız bu yazının özü elə birbaşa İrandakı Azərbaycan Milli Oyanış Hərəkatına, Təbrizdə və Urmiyada gedən aksiyalara bir dəstək xarakteri daşıyır. Bizim gerçəyi araşdırmaq məqsədi ilə apardığımız bu söhbət ictimai dəstəklərdən biridir. Növbəti dəstək isə QHT-lərdən gələ bilər. Azərbaycanda çoxsaylı hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Hesab edirəm ki, onlar da bu məsələni qaldıra bilərlər. İnsan haqları, milli haqlar məsələsi bir ölkənin daxili problemi hesab olunmur. Dünyanın istənilən ölkəsində fəaliyyət göstərən hüquq müdafiəçiləri bu məsələni qabarda bilərlər. Necə ki, Mozambikdə və ya İndoneziyada insan haqlarının pozulmasına dair bir fakt aşkarlanan zaman dünyanın bütün hüquq müdafiəçiləri ona etirazını bildirir.

Şəymən