"Azərbaycan və Türkiyə bütün məsələlərdə həmrəydir" - Açıqlama

"Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasovun iddiası həmişəki kimi təxribatçıdır və Azərbaycanı, Türkiyəni diskreditasiya etməyə yönəlib. Onun yalnız bir fikri ilə razılaşmaq olar ki, prosesdə yeni situasiya yaranıb”.
Bunu "Sherg.az”a açıqlamasında tanınmış politoloq Nəzakət Məmmədova deyib.
Analitik bildirib ki, onun ötən gün Düşənbədə Prezident Əliyevlə baş nazir Nikol Paşinyan arasında baş tutan görüşün əvvəlcədən Türkiyə ilə Azərbaycan tərəfindən planlaşdırıldığı iddiası doğru deyil. Ekspertin sözlərinə görə, Paşinyanı hakimiyyətə gətirən qüvvələr ABŞ-da, Avropada olan erməni diasporu və onların bağlı olduqları müəyyən siyasi dairələrdir. Yəni Paşinyan bütün təlimatları məhz onlardan alır, onların göstərişi ilə hərəkət edir: 
"Düşənbədə dövlət başçısı İlham Əliyev yox, məhz baş nazir Paşinyan onunla söhbət etməyə can atıb. Prezidentdən operativ əlaqə kanalları yaradılmasını xahiş edib. Əgər söhbətə təşəbbüs Paşinyandan gəlibsə, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan necə birgə plan qurmuş ola bilər?! 
Şübhəsiz ki, Azərbaycan və Türkiyə bütün digər məsələlərdə olduğu kimi bu məsələdə də həmrəydir. Lakin Düşənbə görüşünün Türkiyə və Azərbaycanın hansısa gizli planının tərkib hissəsi olması inandırıcı deyil. Düşünürəm ki, münaqişənin həllində yeni situasiyanın yaranmasını istəyən güclər Qərb ölkələrindədir. Paşinyanın dövlət başçısı İlham Əliyevlə görüşməsini onlar təşviq etmiş ola bilərlər. 
Çünki Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Amerikanı narahat edir. Əlbəttə, bunlar sadəcə ehtimaldır. ABŞ-Türkiyə münasibətlərinin gərgin olması, Türkiyənin Paşinyana rəğbəti olmayan Rusiya ilə yaxınlığı Ərdoğanın Ermənistana təsir imkanlarını zəiflədir. Doğrudur, Paşinyan vaxtilə Türkiyədə çap olunan "Agos” qəzeti üçün yazılar yazıb. Lakin böyük siyasətə gəlişindən sonra onun Türkiyə ilə aşkar əlaqələri barədə məlumat yoxdur. 
Paşinyan onu iqtidara gətirən dövlətə xidmət edir”.
Ekspertin fikrincə, Paşinyanın uzun müddət kəskin çıxışlarından sonra Azərbaycan Prezidentinə yaxınlaşmasında bir neçə səbəb var: "Azərbaycanın artan qüdrəti, Ermənistandakı siyasi vəziyyətin getdikcə daha da gərginləşməsi, ABŞ-dan gələn təlimatlar, Rusiyadan gələn təhdidlər və s. bunların hamısı Paşinyanın mövqeyinə təsir edən amillərdir”.
Qeyd edək ki, ötən gün Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov iddia edib ki, yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da daxil olacaq. Ekspertin proqnozuna görə, Prezident İlham Əliyevlə baş nazir Paşinyanın razılaşması praktiki olaraq reallaşmağa başlayanda Ərdoğan prosesə qoşulacaq: "Ankara Ermənistanla münasibətləri normallaşdırmaq və Azərbaycanın ərazi bütövlüyünün bu formada həllini tapmasını istəyir. Görünür, Bakı və Ankara Qarabağla bağlı birgə strateji plan hazırlayıblar və Düşənbədəki razılaşma bu planın ilk mərhələsinin başlanması idi”.
İsmayıl