Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşü nə vəd edir ? - POLKOVNİK

Şair Ramaldanov: "Azərbaycanın bədnam qonşularla sərhədləri olduğuna görə, kəşfiyyat məlumatlarını analiz və inkişaf etdirmək, bunun ətrafında müəyyən iş aparmaq ehtiyacı yaranır"


"Türkiyə və Azərbaycan silahlı qüvvələrinin bütün istiqamətlərdə əlaqələri, planları və birgə əməliyyatları var”.

Bunu Sherg.az-a Azərbaycan və Türkiyə hərbi kəşfiyyatçılarının görüşünün əhəmiyyətindən danışarkən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. 

O bildirib ki, kəşfiyyat bu əməkdaşlığın sadəcə bir hissəsidir, lakin çox mühümdür:

"Türkiyə silahlı qüvvələri çox inkişaf etmiş ordu quruculuğuna sahibdir. Türkiyə kəşfiyyatının imkanları da çox genişdir. Qardaş ölkədə ötən il cəhd edilən çevriliş zamanı da kəşfiyyatın imkanlarını aydın şəkildə gördük.
Kəşfiyyatçıların görüşü təcrübə baxımından əhəmiyyətlidir. Bundan başqa Azərbaycanın bədnam qonşularla sərhədləri olduğuna görə, kəşfiyyat məlumatlarını analiz və inkişaf etdirmək, bunun ətrafında müəyyən iş aparmaq ehtiyacı yaranır. Ümumiyyətlə, texniki vasitələrin təminatı ilə bağlı da yeniliklər geniş tətbiq olunur. Bu baxımdan silahlı qüvvələrin əməkdaşlığı böyük əhəmiyyət daşıyır. Türkiyə NATO-nun vacib üzvlərindən biridir. Təşkilatın hərb sahəsində hərtərəfli inkişafı isə göz qabağındadır. Ona görə, NATO üzvü olan dövlətlə kəşfiyyat sahəsində əlaqələrin inkişafı ilk növbədə Azərbaycanda ordu quruculuğunun sürətli inkişafında əhəmiyyətli addımdır.

Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Türkiyə və Azərbaycan arasında hərbi sahədə əlaqələr böyük əhəmiyyət kəsb edir. Kəşfiyyat sahəsinin fəaliyyəti haqqında konkret faktlar yoxdur, onların işləri də məxfidir. Lakin bu çox lazımlı sahədir. Dağlıq Qarabağ probleminin aktual olmasını, gələcəkdə burada gedəcək döyüşləri nəzərə alsaq, bütün hərbi sahələrin inkişafına diqqət ayrılmalı olduğunu görərik. Kəşfiyyatın düzgün qurulması və məlumatların dəqiq analizi bütün hərbi əməliyyatların əsas hissəsinə çevrilir”.

Ordumuzun kəşfiyyatının durumuna da toxunan polkovnik kəşfiyyatçılarımızın inkişaf etmiş ordu kəşfiyyatçıları ilə təcrübə mübadiləsi aparmasının Azərbaycanın gücünün, təminatının və bu sahədə inkişafının göstəricisi olduğunu deyib:

"Düşünmürəm ki, kəşfiyyatçılarımız tək öyrənməyə gedib. Sevindirici haldır ki, yalnız kəşfiyyatçılarımız deyil, Azərbaycan silahlı qüvvələrinin bütün nümayəndələri harada olur olsun, öyrətmək potensialına da malikdirlər. Ona görə, iki qardaş dövlətin birlikdə fəaliyyəti böyük fayda daşıyacaq. Müharibə şəraitində olan Azərbaycan da, yüksək səviyyədə inkişaf etmiş Türkiyə də bir-birinin təcrübələrindən məmnuniyyətlə istifadə edəcək”.

Qeyd edək ki, kəşfiyyatçılar ölkələr arasında hərbi kəşfiyyat sahəsində birgə planları, əməkdaşlığın inkişaf perspektivlərini, məlumat mübadiləsi, regional və kiber təhlükəsizlik, mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili, təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Aysel Aslan