"Azərbaycana İŞİD-lə bağlı terror təhdidi yüksəkdir" - Keçmiş MTN zabiti

Sülhəddin Əkbər: "Lakin hələlik İŞİD-in Azərbaycanla bağlı hərəkətə keçməsi barədə siqnal verilməyib” "
"Azərbaycanda bir sıra beynəlxalq terror təşkilatlarının üzvləri, tərəfdarları, partizanları var”.
Bunu Sherg.az-a Türkiyə və digər ölkələrdə mövcud olan İŞİD təhlükəsinin Azərbaycana təsirlərindən danışarkən sabiq MTN zabiti Sülhəddin Əkbər deyib. 
O bildirib ki, bu təşkilatların siyahısına İŞİD də daxildir:
"Eyni zamanda əvvəllər döyüşmüş şəxslər də var ki, onlara qarşı həbs tədbirləri həyata keçirilib, məhkəmə prosesi aparılır. Bu şəxslər cəmiyyətdən izolyasiya olunur və bir neçəsinin neytrallaşdırıldığı bəllidir. Ona görə, Azərbaycana İŞİD-lə bağlı terror təhdidi yüksəkdir. Lakin hələlik İŞİD-in Azərbaycanla bağlı hərəkətə keçməsi barədə siqnal verilməyib”.
Qeyd edək ki, qardaş və qonşu ölkə olan Türkiyədə polis ölkənin mərkəzində yerləşən Konya şəhərində İŞİD terror təşkilatına xidmət etməkdə şübhəli bilinən 5 nəfəri qətlə yetirib. Cinayətkarların qrupunda təmsil olunanların sayının çox olduğu bildirilir.
Aysel Aslan