Osman Gündüz :"Ölkəmiz qabaqlayıcı tədbirləri gücləndirməli, savadlı kadrlar yetişdirilməlidir"
Hazırda informasiya təhlükəsizliyi sahəsində görülən işlər lazımi səviyyədə deyil.
Bunu Sherg.az-a "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, informasiya təhlükəsizliyinin qorunması iki formada- dövlət və qeyri-dövlət səviyyəsində həyata keçirilir:
"Bu istiqamətlərin hər birinə aid cavabdeh qurumlar yaradılıb. Dövlət sektorunda Xüsusi Dövlət Mühafizə Xidməti yanında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, qeyri-dövlət sektorunda isə Rabitə və yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi burada səlahiyyətlidir. Qurumların hər birinin özünün əsasnaməsi, səlahiyyəti daxilində gördüyü təhlükəsizlik tədbirləri var. Son dövrlərdə qeyri-dövlət sahəsində fəaliyyət göstərən qurumların və ya fərdi şəxslərin informasiya təhlükəsizliyi problemləri daha geniş yayılıb. Əsasən sosial media hesabları ilə bağlı xüsusilə tədbirsizlik görə çarpır. İnsanların şəkillərinin, informasiyalarının oğurlanması, müəyyən təzyiqlər edilməsi halları müşahidə olunur. Əslində bu məsələlər internet yaranandan var, sosial medianın inkişafı və bütün sosial təbəqələri əhatə etməsi ilə təhdidlər daha da artır. Xarici ölkələrdən də müdaxilə etməyə çalışanları müşahidə edirik”.
O.Gündüzün sözlərinə görə, əvvəllər dağıdıcı hücumlar edən hakerlər həvəskar şəkildə fəaliyyət göstərirdilərsə, indi isə artıq peşəkarlar artıb və onun spesifikası xeyli dərinləşib:
"Hətta dövlət qurumlarında müxtəlif cür işləyən hakerlər var ki, beynəlxalq informasiya sisteminə təsir göstərirlər. Bu artıq dövlətlərin fəaliyyətinə keçən bir məsələdir. Hesab edirəm ki, Azərbaycan da bunu nəzərə alaraq, profilaktik tədbirlər görməlidir. Qabaqlayıcı işləri gücləndirməli, normal proqram təminatından istifadə olunmalı, kadrlar yetişdirilməlidir. Saytlara və ya şəxsi məlumatlara müdaxilə hadisələri baş verəndən sonra da fəsadlarının aradan qaldırılması mühüm məsələyə çevrilir. Məsələn, elektron portalların problemləri və ya şəxslərin informasiya təhlükəsizliyi ilə bağlı çətinlik olduqda Yüksək Texnologiyalar Nazirliyi yanında fəaliyyət göstərən İnformasiya Təhlükəsizliyi Mərkəzinə müraciət etmək lazımdır. Lakin monitorinqlər göstərir ki, bu sahədə boşluqlar hələ də var və həmin qurumlar işlərini genişləndirməlidir”.
Qeyd edək ki, son zamanlar müxtəlif elektron resurslarına və sosial media səhifələrinə xaricdən haker hücumlarının artmasına dair məlumatlara çox rast gəlinir. Hətta bu günlərdə kriminalist İlqar Altay feysbuk səhifəsində xarici ölkələrdən biri ilə bağlı paylaşdığı tənqidi ruhlu video və digər paylaşımların tamamilə silindiyini bildirib.
Aysel Aslan