Azərbaycanda da polietilen paketlərdən istifadə qadağan oluna bilərmi ? - ŞƏRH





Gürcüstanda polietilen paketlərdən istifadə qadağan olundu. Şimal-qərb qonşumuz polietilen paketlərdən istifadənin tədricən ləğv olunmasını nəzərdə tutan yeni tənzimləmələr oktyabrın 1-də qüvvəyə minib. Ölkədə qalınlığı 15 mikrondan az olan polietilen paketlərin istehsalı, idxalı və satışı qadağan edilib. Bununla yanaşı, istehsalçılar hər bir paketdə loqotip və şirkətin adını göstərməlidirlər. 2019-cu ilin aprelindən isə qonşu ölkədə istənilən qalınlıqlı polietilen paketlərin istehsalı, idxalı və satışı tamamilə qadağan ediləcək. 

Gürcüstanda yalız bioloji əsaslı paketlərin istifadəsinə icazə veriləcək. Qaydaların pozulacağı halda şirkətlər 500 lari (təxminən 200 dollar) məbləğində cərimə olunacaq, onların malları isə müsadirə ediləcək. Təkrar qayda pozuntusuna görə isə 1000 lari məbləğində (400 dollara yaxın) cərimə tətbiq olunacaq.

Qeyd edək ki, son zamanlar Azərbaycanda da polietilen paketlərdən istifadənin qadağan olunmasına dair bir sıra təkliflər irəli sürülür. Sözügedən paketlərin kimyəvi materiallardan hazırlandığı iddia edən təşəbbüskarlar onun ziyanlı olduğunu bildirirlər.

Maraqlıdır, görəsən Azərbaycanda da analoji qərar qəbul oluna bilərmi ?

Suallarımızı cavablandıran qida təhlükəsizliyi üzrə ekspert İsa Əliyev "Sherg.az”a açıqlamasında qeyd edib ki, polietilen kimi sellofanların insan orqanizminə zərərləri çoxdur:

"Gürcüstanda polietilendən istifadənin qadağan olunması yaxşı haldır. Çünki bu kimi məişətdə istifadə edilən vasitələr kimyəvi məhsullardan hazırlanır. Onlar əsasən qidaların çürüməməsinə, xarab olmamasına xidmət edir. Azərbaycanda onun istifadəsinə qadağa qoymaq bir az çətin prosesdir.Çünki bu kimi zərərli məmulatlar məişətimizə həddindən çox daxil olub. Bunun ölkədə qadağan olunması çox geniş investisiya tələb edir”.

Kənan Eynuroğlu