Azərbaycanda polis rəisi dəhşətli qəzaya düşdü: ölənlər var - YENİLƏNİB




Bu gün Ağdaş rayonu ərazisində, Bakı-Şamaxı-Yevlax yolunun Xosrov kəndindən keçən hissəsində baş vermiş ağır yol qəzasında xəsarət alan Ucar rayon Polis Şöbəsinin rəisi, polkovnik Etibar Abdıyev Bakıya göndərilib. Ağdaş rayon Mərkəzi xəstəxanasından Lent.az-a bildirilib ki, 90 AP 222 dövlət nömrə nişanlı, xidməti "Nissan Maxima” markalı avtomobillə qəzaya düşən rəis və polis serjantı olan sürücüsü ətraflı müayinə olunmaları üçün Bakıya yola salınıb. E.Abdiyev qollarının sınığı və döş qəfəsinin əzilməsi xəsarətləri alıb. Onun sürücüsünün isə xəsarətlərinin daha ağır olduğu məlum olub.
Qeyd edək ki, polis rəisinin avtomobili ilə 12 BE-706 dövlət nömrə nişanlı, "VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində ikinci maşında olan Ağdam rayonundan olan məcburi köçkün və Tərtərdə məskunlaşan 2015-ci il təvəllüdlü Sehirli Cihan Habil qızı, Ağdaşın Ərəb kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Tehranə Allahverdi qızı ölüb.
Onu da qeyd edək ki, polis rəisi Qəbələdən Ucara gedərkən qəzaya düşüb.
*****
13:31
Ağdaş rayonunda avtomobil qəzası zamanı ölən və xəsarət alanların adları məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 11:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Xosrov kəndi ərazisindən keçən hissəsində 90 AP 222 dövlət nömrə nişanlı, "Nissan” və 12 BE-706 dövlət nömrə nişanlı, "VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağdam rayonundan olan məcburi köçkün və Tərtərdə məskunlaşan 2015-ci il təvəllüdlü Sehirli Cihan Habil qızı, Ağdaşın Ərəb kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmova Tehranə Allahverdi qızı ölüb.
Qəza nəticəsində Ucar rayon Polis Şöbəsinin rəisi, Qəbələ rayon sakini, 1966-cı il təvəllüdlü Abdıyev Etibar Tofiq oğlu və sürücüsü Raqil adlı polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Polis şöbəsinin rəisi, polkovnik Etibar Abdıyevin qollarının sındığı və döş qəfəsinin əzildiyi, sürücüsünün isə yüngül xəsarət aldığı bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
***
11:26
Bakı-Şamaxı-Yevlax yolunda ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 11.00 radələrində Ağdaşın Xosrov kəndi ərazisində baş verən qəza nəticəsində iki nəfərin öldüyü, iki nəfər ağır xəsarət aldığı bildirilir.
Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.
Xəsarət alanlar Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.