“Azərbaycandan əl çəkin!”

Gənclər Bakıda Avropa İttifaqının nümayəndəliyinin və Britaniya səfirliyinin qarşısında aksiya keçirdilər
Dünən Azərbaycan gənclər təşkilatlarının bir qrup təmsilçiləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, eləcə də Böyük Britaniyanın səfirliyi qarşısında Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər. "Şərq”in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, aksiya iştirakçıları Avropa İttifaqını ikili standartlardan əl çəkməyə çağırıblar. Gənclər üzərində "Avropa İttifaqına ar olsun!”, "Azərbaycandan əl çəkin!”, "Vətəndaş cəmiyyəti ikili standartlara "yox” deyir!”, "İdmanı siyasiləşdirməyin!”, "Üzdə dost, arxada düşmən olmayın!” və başqa şüarlar yazılan plakatlar qaldırıblar. İştirakçılar Aİ-nin Azərbaycana qarşı mövqeyinin qərəzli olduğunu dilə gətirərək, onların Azərbaycana qarşı apardığı "qara-piar” kampaniyasına narazılıqlarını ifadə ediblər. Sonra aksiyanın qətnaməsi oxunub. Qətnamə Aİ nümayəndəliyinə təqdim edilib. Qətnamədə bildirilir:
"İyunun 12-də təntənəli açılışı gözlənilən Avropa Oyunları öz miqyasına və əhəmiyyətinə görə bir idman yarışması olmayıb, son illər qitənin sosial və mədəni həyatında baş verən ən mühüm hadisələrdən biridir. Bu möhtəşəm idman bayramını təşkil etmək məsuliyyətini öz üzərinə götürmüş Azərbaycan, qısa müddətdə bütün hazırlıq işlərini uğurla yekunlaşdıra bilib. Bununla belə, ölkəmizin sürətli inkişafını, siyasi plüralizm, vətəndaş cəmiyyəti və hüququn aliliyinin təmin edilməsi istiqamətində qazandığı uğurları gözü götürməyən bəzi dairələr fürsətdən yararlanaraq, misli görünməmiş böhtan və qarayaxma kampaniyası aparmağa başlayıb. Xeyli müddətdir ki, erməni lobbisinin təhriki və neoimperalist təfəkkürü qüvvələrin himayəsi altında fəaliyyət göstərən bir sıra xarici QHT-lər və media orqanları Oyunların əhəmiyyətini azaltmaq, Azərbaycanı gözdən salmaq üçün ciddi-cəhdlə çalışırlar. Təəssüf ki, bütün Avropa ölkələrini və xalqlarını bir yerə toplayan, birliyi, dostluğu və həmrəyliyi tərənnüm edən Birinci Avropa Oyunlarının təşkilatçısına qarşı aparılan bu cür şərəfsiz missiyaya Avropa Parlamentindəki müxtəlif qruplaşmalar və qurumun rəhbərliyində təmsil olunan bəzi şəxslər də qoşulublar. Biz Azərbaycandakı gənclər təşkilatlarının təmsilçiləri, anti-Azərbaycan şəbəkəsinin əlaltısı rolunda çıxış edərək çirkin əməlləri ilə öz reputasiyalarını korlamış Martin Şults və lezbian Ulrike Lunaçek kimilərin demokratiya və azadlıq ideyalarına zidd hərəkətlərinə etiraz edir, Azərbaycana qarşı qərəzli və məkrli fəaliyyətlərə son qoymağı tələb edirik. Eyni zamanda, Krımın ilhaqına görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmiş Aİ-nin və Birliyə üzv ölkələrin rəhbərliyindən işğalçı Ermənistana qarşı da adekvat addımların atılmasını gözləyirik. Ümid edirik ki, Avropa Parlamentindəki sağlam düşüncəli deputatlar, Avropa Komissiyası və Avropa İttifaqı Şurası bizim etirazımızı anlayışla qarşılayıb tələblərimizi nəzərə alacaq. Gənclər təşkilatlarının təmsilçiləri, həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası baş tutub. Nümayişçilər "İngiltərə, ikili standartlardan əl çək!”, "İngiltərə, ermənilərlə iş birliyin mübarək!”, "London platformasının insan hüquqlarına nə aidiyyəti?!”, "Azərbaycanda zor yox, hüquq işləyir!” və sairə şüarlar səsləndiriblər. Bu nümayişin qətnaməsində isə deyilib: "Sabah Bakı Olimpiya stadionunda Birinci Avropa Oyunlarına start veriləcək. 50 ölkədən 6 mindən çox idmançının yarışacağı bu möhtəşəm tədbirin yüksək səviyyədə hazırlanması üçün böyük əmək sərf edilib, qısa müddət ərzində atletlər, jurnalistlər və şəhərimizin qonaqları üçün hər cür şərait yaradılıb. Qitənin ictimai və mədəni həyatında əlamətdar bir hadisə olmasına baxmayaraq, bəzi dairələr Avropa Oyunlarının əhəmiyyətini azaltmaq, ona ev sahibliyi edən Azərbaycanı gözdən salmaq üçün geniş təbliğat aparır, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları vasitəsi ilə iftira və yalan dolu məlumatlar yayır, müxtəlif aksiyalar təşkil edirlər. Təəssüf ki, Birləşmiş Krallığın media qurumları və QHT-ləri, BBC radiosu, "The Guardian” və "The İndependent” qəzetləri, "Platform London” təşkilatı bu istiqamətdə daha çox canfəşanlıq göstərir, böhtan kampaniyası aparanların ön sıralarında dururlar. Böyük Britaniya hökuməti isə belə hallara adekvat münasibət bildirmək, 150 nəfərlik heyətlə Bakıya gələn idmançılarını ruhlandırmaq əvəzinə, susqunluq nümayiş etdirir, bir çox hallarda anti-Azərbaycan şəbəkəsinin təxribatlarına hərtərəfli dəstək verir. Azərbaycanın iqtisadi potensialı, təbii və intellektual sərvətləri hesabına milyardlarla funt-sterlinq gəlir götürən bir ölkənin hökumətinin bu cür riyakar mövqe tutması təəccüb və hiddət doğurmaya bilməz. Biz Birləşmiş Krallıq hökumətinin qərəzli və ikiüzlü siyasətini qətiyyətlə pisləyir, onu ölkəmizə qarşı siyasi təzyiq məqsədi güdən qarayaxma kampaniyasının iştirakçısı olmaqdan çəkinməyə çağırırıq. Polisin müdaxiləsindən sonra aksiyanın qarşısı alınıb”.
Aksiyadan sonra jurnalistlərə açıqlama verən "Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri Elməddin Behbud söyləyib ki, Azərbaycanın belə möhtəşəm tədbirə ev sahibliyi etməsi ölkəmizin bütün sahələrdəki inkişafının göstəricisidir: "Biz idmanı sülhün, həmrəyliyin, mədəniyyətin və inkişafın nümunəsi kimi qəbul edirik. Təəssüflər olsun, bir çox məsələlərdə olduğu kimi, Azərbaycan bu işlərdə də ikili standartlarla üzləşdi. Ölkəmizin qısa müddət ərzində oyunlara yüksək səviyyədə hazırlaşa bilməyəcəyini güman edənlər yanıldıqlarını görüb, ölkəmizə qarşı qarayaxma kampaniyasına start verdilər. Şübhəsiz ki, onların sırasında ABŞ və Avropa institutları öncüllük təşkil edir. Bura toplaşan Azərbaycan gəncliyi Avropa institutları və onların arxasında dayanan qüvvələrə etirazını bildirir. Avropa Oyunlarının siyasiləşməsinə qarşı çıxırıq. Dünyanı ölkəmizin uğurlarını həzm etməyə və ədalətli davranmağa dəvət edirik”.
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərov vurğulayıb ki, ölkəmizə qarşı qarayaxma kampaniyası hələ də davam etməkdədir: "Amerika ilə yanaşı, Avropa Parlamenti, Avropa İttifaqı, eləcə də Böyük Britaniyanın bir çox institutları, mətbuat orqanları ölkəmizə qarşı "qara piar” kampaniyası aparırlar. Britaniyanın ictimai və media təşkilatlarına bu ölkənin siyasi dairələri dəstək verir. Bu isə əslində Britaniya-Azərbaycan münasibətlərinə xələl gətirə bilər. Lakin anlamaq lazımdır ki, ölkəmizə qarşı başladılan qarayaxmalar heç bir nəticə verməyəcək. Azərbaycan dövləti bu tədbiri çox yüksək səviyyədə həyata keçirəcək. Artıq sabah Azərbaycanda bu tədbirin açılış mərasimi baş tutacaq. Onlar açılışdan sonra dərk edəcəklər ki, Azərbaycanla təzyiq dilində danışmaq olmaz. Əminliklə bildiririk ki, Azərbaycan dövləti öz siyasətini davam etdirəcək”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı hesab edir ki, bu yalnız Azərbaycan gəncliyinin deyil, bütövlükdə xalqımızın etirazıdır: "Azərbaycan xalqı prosesləri izləyir. Etirazını bildirir. İdman oyunları beynəlxalq təşkilatların əlində ölkəmizə qarşı bir vasitəyə çevrilməli deyil. Azərbaycan öz müstəqil siyasətini aparır və bu siyasəti davam etdirəcək. Ölkəmizə qarşı başladılan qarayaxmalara qəti şəkildə etiraz edirik və heç bir halda Azərbaycan öz müstəqil siyasətindən geri çəkilməyəcək. Bütöv Azərbaycan toplumu düşünür ki, qarayaxmalar müstəqil Azərbaycanın siyasətinə qarşı bir basqıdır. Ona görə də etirazımız təbii qarşılanmalıdır. Çünki bir milyondan artıq vətəndaşımızın hüququ əlindən alınıb. Onlar öz evi, el-obasının isti ocağına həsrət qalıblar. Lakin beynəlxalq dairələr buna süstlük nümayiş etdirir. Baxın, Ukrayna böhranına görə Qərb Rusiyaya sanksiyalar tətbiq edir. Bəs Azərbaycanın ərazisini kim işğal edib? BMT-nin 4 saylı qətnaməsində bunu aydın şəkildə yazıblar. Niyə Ermənistana təzyiqlər göstərilmir? Ona görə də, hesab edirəm ki, Qərb ədalətli deyil, qərəzli mövqedən çıxış edir. Azərbaycan buna etiraz edir və narazılığını bildirir”.
Ayyət Əhməd