Azərbaycanın Krımdakı səsi...
Həbib Əliyev “Qobustan” proqramında 180-dən çox veriliş hazırlayıb
Krım radiosunda Azərbaycan dilində "Qobustan” proqramı fəaliyyət göstərir. 1997-ci il martın 21-də - Novruz bayramı günü ilk dəfə efirə çıxan ana dilli proqramın müəllifi və redaktoru Həbib Əliyev "Şərq”in redaksiyasına gələrək Ukraynadakı Azərbaycan diasporası ilə bağlı danışıb. Bakıda müəllimliklə məşğul olan Həbib müəllim birdən-birə müəllimlik fəaliyyətini dayandırıb Krıma gedib.
O, vətən uğruna, vicdan naminə ev-eşiyini, iş-gücünü atıb, Azərbaycanı təbliğ etmək, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün qürbət elə pənah aparıb:
Azərbaycandan Krıma gedənlər ya istirahətə gedirlər, ya da gün-güzəran, pul qazanmağa. Gedənlərin 99 faizi alver edib pul qazanmağa gedir. Ancaq mənim Krıma getməyim nə istirahət, nə də pul qazanmaq məqsədi daşıyırdı. Azərbaycanın dərdlərini yaymağa, mədəniyyətini təbliğ etməyə getdim. Bizim çox zəngin mənəvi dəyərlərimiz, qədim mədəniyyətimiz, qədim tariximiz var. Digər tərəfdən də, biz Qarabağ problemi yaşayırıq. Azərbaycan xalqı günahı olmadan müharibəyə cəlb edilib və zaman-zaman torpaqları ermənilər tərəfindən işğal edilib. Mən o vaxt Bakıda müalicə alan xocalılılarla görüşürdüm, onlar barəsində silsilə yazılar yazırdım. O məqalələr "Bakı-Baku”, "Səhər” qəzetlərində və digər mətbuat orqanlarında çap olunurdu. Sonra fikirləşdim ki, mənim səsim ancaq respublika daxilində eşidilir, amma Azərbaycanın səsi ölkə hüdudlarından kənara yayılmalı, bütün dünya Azərbaycan həqiqətlərini duymalıdır.
Məni narahat edən bu dərdlərə görə, 1996-cı ildə işimdən ayrılıb Krıma doğru yol aldım. Krımı seçməyimə səbəb də orada türklərin yaşaması və Ukraynanın bizə olan doğma münasibəti idi. Mən elə bilirdim ki, oradakı diasporumuz Azərbaycanın təbliği istiqamətində müəyyən işlər görür. Öz-özümə düşünürdüm ki, bu erməni təbliğatının bu qədər güclü olmasının səbəbi nədir? Axı niyə bizim nümayəndələrimiz onlarla bacarmır? Necə olur ki, bir ovuc içi qədər xalq, 50 milyonluq Azərbaycan türklərinə meydan oxuyur? İlk hədəfim axtarıb erməni lobbisinin gücünü tapmaq idi. Amma Krımda heç bir aktivlik görmədim. Diaspor var, insanlar yığışırlar da, çıxışlar da edirlər, lakin məqsədsiz toplaşırlar. Azərbaycan ziyalıları arxa planda təsvir olunur. Azərbaycanı təbliğ etmək üçün onun tarixini, mədəniyyətini, keçdiyi yolu bilmək lazımdır. Bu işi bilməyən Azərbaycanı necə təbliğ edə bilər?
Bu gün tarixçilərimiz böyük işlər görür, yeni araşdırmalar, tarixi faktlar çıxarırlar, onları xaricə çatdırmaq lazımdır. Dövlət öz işini görür. Bəs ziyalılar, xaricdə fəaliyyət göstərən diaspor qurumları niyə bu sahədə iş görmür? Kəskin çıxışlarım səbəbindən neçə dəfə konfranslardan qovulmuşam. Pis adam olmuşam.
Krıma gedəndən sonra həftəlik "Bazar günü” məktəbini açdığını və bir il də fəaliyyət göstərdiyini vurğulayan Həbib müəllim oradakı ailələrin uşaqlarının Azərbaycan dilinə, mədəniyyətinə yad olduğunu deyib: "Məktəblə yanaşı oradakı erməni və azərbaycanlı ailələrinin fəaliyyətini araşdırırdım ki, görüm kim nə işlə məşğuldur. Ukraynalılar kimin tərəfdarıdır!? Məktəbimi açandan sonra başladım uşaqları mühazirələrə cəlb eləməyə. Ataları azərbaycanlı, anaları rusdur. Ana uşağa rus dilini, rus mədəniyyətini öyrədir. Əsas yük atanın üzərinə düşür, o, uşağına Azərbaycan dilini öyrətməlidir, mədəniyyətimizi, ədəbiyyatımızı, tariximizi təlqin etməlidir. Uşaqların Qarabağ haqqında məlumatı olmalıdır. Həftədə bir dəfə uşaqları yığıb onlara Azərbaycanı öyrədirdim. Azərbaycan dilindən, tarixindən danışırdım, xəritəni göstərirdim. Uşaqları Azərbaycana yovuşdurmaq, onlara bu hissləri aşılamaq istəyirdim. Azərbaycançılıq ruhunu uşaqlarda öldürüblər, burada uşağın günahı yoxdur, təqsirkar atalarıdır. Diaspor nümayəndələri evlərə getməli, azərbaycanlı uşaqlarla iş aparmalıdır. Mən diaspor rəhbərliyinə deyirdim ki, siz Azərbaycandan bura musiqiçiləri, müğənni xanımları dəvət edirsiz, eybi yox, onlar da gəlməlidir, ancaq onlarla bərabər alimlər, tarixçilər, yazıçı və şairlər də dəvət edin, gəlib Azərbaycan haqqında danışsınlar. Mənə cavab verdilər ki, bura alim yeri deyil, biz akademiya açmırıq. Bəs onda təbliğatı necə aparmalıyıq? Onun sözlərinə görə, diaspor nümayəndələri məktəbin fəaliyyətində maraqlı olmadıqları üçün məktəb bağlandı.
"Qobustan”a qədər Krım radiosunda Azərbaycan dilində veriliş olmadığını vurğulayan H.Əliyev deyib ki, çoxmillətlilər diyarı olan Krım radiosunda müxtəlif xalqların dilində proqramlar yayımlanır: "Günlərin birində evdə oturub kitab oxuyurdum. Sevastopol Dövlət Teleradiosunda erməni dilində veriliş verilirdi, sonra o verilişin rus dilində tərcüməsi səsləndirilirdi. Başlayan kimi azərbaycanlıları Qafqaza sonradan köçmə xalq kimi qələmə verdilər. Sonra da dedilər ki, Azərbaycan xalqı vəhşi bir xalqdır. Arxasını da Sumqayıt hadisələri ilə bağladılar ki, guya azərbaycanlılar erməniləri Sumqayıtda yandırıb kabab ediblər. Son nəticədə isə Qarabağda demokratiya qalib gəlib, orada yaşayan ermənilər Azərbaycanın zülmündən xilas olub, öz müqəddəratlarını həll ediblər. Bütün bunlardan əlavə, 1921-ci ildə Qafqaz bürosu olub, guya ki, Stalin tərəfkeşlik edib Qarabağı Ermənistandan qoparıb Azərbaycana verib. Təsəvvür eləyin, mən bütün bunları eşidəndə nə hala düşdüm!”
- Yəni tarix təhrif olunmuş formada təqdim olunurdu?
- Bəli. Ermənilər o verilişdə tarixi tərsinə təqdim edirdilər. Bizimkilər tarixi bilmədiyindən cavab verə bilmir, orada yaşayanlar da ermənilərin məlumatından istər-istəməz təsirə düşürdülər. Ermənilər bundan istifadə edərək "türklər bizi qırıb, öldürüb, yazıq millətik, dünya bizi müdafiə etməlidir” deyirdilər o proqramda. Bu çıxışlarla onlar başqa xalqları öz qondarma siyasətlərinə inandırırdılar. Verilişin səhəri gün getdim radionun binasına. Radioda baş redaktor işləyən Natalya Pavlovna Kravçukun qəbulunda oldum. Mən ona içəri girən kimi sual verdim: mənə deyin görüm, hindulardan müasir Avropaya qədər dünyanın harasında vəhşi xalq obrazı var? O da dedi ki, belə bir şey yoxdur, xalq vəhşi ola bilməz, xalqın içində vəhşi insanlar tapıla bilər, bu da hər ölkədə ola bilər. Dedim bəs bunu bir xalqın adına bağlamaq nə qədər doğrudur? Cavab verdi ki, yolverilməzdir. Soruşdum ki, Natalya Pavlovna, bəs necə olur ermənilər sizin radioda Azərbaycan xalqını vəhşi xalq adlandırır? Azərbaycan xalqı dünyaya Nizami kimi dahi bəxş edib. Həmin o xalqın nümayəndəsiyəm. Sizə elə gəlmirmi ki, onlar Azərbaycan xalqını gözdən salırlar. O, qəti şəkildə tədbir gördü və erməni verilişinin aparıcılarına, redaktorlarına töhmət verdi, "bu hərəkətlərinizi yığışdırın” dedi. Krım çoxmillətli yerdir, ermənilərin apardığı təbliğatdan da hamı xəbər tutur. Soruşdum ki, nə üçün sizin radionuzda Azərbaycanın səsi yoxdur? Dedi ki, o sualı özünüzə verin, nə üçün sizin bu radioda səsiniz yoxdur? Mən sizin üçün proqram açıram, işə başlayın. Proqram açılanda mənə dedilər ki, millətlər arasında münaqişəyə səbəb olacaq mövzulara toxunmayın, verilişlər mədəniyyətlə, incəsənətlə, ədəbiyyatla bağlı olsun. Ən böyük, təsirli siyasət mədəniyyət siyasətidir. Qərara gəldim ki, mədəniyyətlə bağlı proqramlar hazırlayım. Beləliklə, 1997-ci il mart ayının 21-də, Novruz bayramı günü efirə çıxdım, ilk verilişimizi Səməd Vurğun poeziyasına həsr etdim. Əlimdə materialım olmadığı üçün "Keçmiş sovet poeziyasında Səməd Vurğunun yeri” mövzusunda oldu veriliş.
Sonra Novruz haqqında danışdım. Yadımdadır, efirə Qulu Əsgərovun muğamları, ifaları ilə çıxdıq. Muğam Azərbaycan musiqisi kimi orada səsləndirildi. Mən redaktora dedim ki, bizim milli musiqimiz saz və muğamdır. Efirə başladıq. Sonra orada yaşayan azərbaycanlı qızı Leyli Kərimova da verilişə qoşuldu, o, "Qobustan” proqramının rus dilində aparıcısı oldu. Yüksək səviyyəli bir xanımdır, illərdir ki, mənimlə "Qobustan”ı aparır...
Maliyyə sahəsində çox ciddi çatışmazlıqlar yaşadıqlarını vurğulayan Həbib müəllim verilişi könüllü apardıqlarını və ictimai əsaslarla işlədiklərini qeyd edib: "Sözün açığı, "Qobustan” proqramının yayımına başlayanda fikirləşdim ki, ya Krımda yaşayan azərbaycanlılar, ya da Azərbaycandakı iş adamları verilişə maliyyə dəstəyi verər, lakin dəstək göstərən olmadı. Çünki Krım radiosunda hər bir xalqın milli verilişinə diaspor maliyyə verir, bizdən başqa hamısı maliyyələşir. Bir az səfirlik kömək etdi mənə. Bundan başqa kömək görmədim. Qoca Vera arvadın evində qalıram. Kirayə pulunu belə verməkdə çətinlik çəkirəm. Oradakı azərbaycanlılar mənə heç bir yardım göstərmir.
Proqramın yayımına görə, dəfələrlə ermənilərdən ciddi zərbə aldığını deyən müəllifin sözlərinə görə, ermənilərin şikayəti ilə 1998-ci ilin sonlarında onu radiodan çıxarıblar. Amma sonradan müəyyən müraciətlərdən sonra proqramın açılmasına nail oldum”.
Qeyd edək ki, H.Əliyev bugünə qədər yaratdığı "Qobustan- Azərbaycan” proqramında 180-dən çox veriliş hazırlayaraq Azərbaycan dünyasının rənglərini bütün çalarları, əlvanlığı ilə dinləyicilərə təqdim edib. İki dildə efirə gedən bu proqramda Azərbaycanın qədim ulu şəhərləri - Gəncə, Naxçıvan, Şamaxı, Qobustan, Ordubad, Beyləqan, Şuşa və s. şəhərlərinin tarixi çözülüb. Qədim diyarlarımızın mənəvi təkamül yolu canlı efirə gətirilib. Bu proqramın əsas məqsədi xalqımızın mədəniyyətini, tarixini, ədəbiyyatını, adət-ənənələrini, milli mətbəxini, unikal muğam fəlsəfəsini və saz sənətini tanıtmaqdır. Proqramda həmçinin böyük Azərbaycan alimlərinin gördüyü işlər, müvəffəq olduğun uğurlar Krım sakinlərinə, Krım radiosunu dinləyən bütün dinləyicilərə bəyan edilir. Dediyinə görə, o, Azərbaycanda gəzdiyi-gördüyü yerlərin tarixini, mənəvi dəyərlərini, adət-ənənələrini yaddaşına toplayaraq öz Krımına aparır, aparıcısı olduğu verilişdə - " Qobustan-Azərbaycan” proqramında dünya xalqlarının nümayəndələrinə çatdırmaqla mənəvi təskinlik tapır. O, bütün fiziki, mənəvi qüvvəsini səfərbər edir ki, vətəndaş mövqeyində dayansın: "Sizin qəzet vasitəsilə Azərbaycan oğullarına müraciət edirəm. Mənə maddi yardım etsinlər, Azərbaycan həqiqətlərini radioda verim. Böyük Vətən Müharibəsi iştirakçıları, veteranlarla görüşürəm. Onların söhbətini yazıram. Amma bir problem var ki, rayonları gəzməyə pulum çatmır, maliyyə çətinliyim olur. Pulum olsa, daha çox iş görərəm, Naxçıvana gedərəm, orada yazılası hadisələr çoxdur. Lakin mənim işimə maliyyə dəstəyi verən yoxdur. Bu kimi işlərə maliyyə vəsaiti lazımdır. İnanın ki, əksər hallarda imkansızlıq üzündən otellərdə qala bilmirəm, vağzallarda, gözləmə zallarında yatıram. Amma vəsait olsa, normal otellərə düşərəm. İnanın ki, görüləsi işlər çoxdur... Mən yorulmadan Azərbaycan mədəniyyətini, ədəbiyyatını, veteranlarını təbliğ edirəm, Qarabağ həqiqətlərinin başqa xalqlara çatdırılması üçün işlər görürəm. Əslində mən "Qobustan”ın səsini dünyaya çatdırmaq üçün onlarla, yüzlərlə qapı döymüşəm, imkanlı şəxslərdən, dövlət məmurlarından xahişlər etmişəm. Amma indi xahiş etmirəm. Tələb edirəm! Bunu da özüm üçün eləmirəm ki?! "Qobustan” mənim yox, Azərbaycan xalqının səsidir. Mən də Azərbaycan həqiqətlərinin təbliğatı naminə Azərbaycan oğullarından "Qobustan”a ögey yanaşmamalarını tələb edirəm. "Qobustan” proqramı bizim təbliğatımıza xidmət edir. Buna görə də onun yayımına kömək etmək hamının vətəndaşlıq borcudur. "Qobustan” Azərbaycanın milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin təbliği ilə məşğuldur. "Qobustan”a qarşı mənfi münasibət bəsləyən, proqramın yayımına əngəl törədən insanlar birbaşa erməni dəyirmanına su tökürlər”.
Qeyd edək ki, "Qobustan” proqramı Sevastopol Dövlət Teleradiosunun Fəxri fərmanına, şəhər diplomuna layiq görülüb. 2013-cü ildə Krımın Sudaq şəhərində keçirilən jurnalistlərin beynəlxalq müsabiqəsində "Laureat” diplomuna və gümüş medala layiq görülüb. Bakıda isə "Heydər Əliyev” və "Azərbaycan bayrağı” diplomları ilə mükafatlandırılıb.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb