“ASAN xidmət” brendinin perspektivi böyükdür
"ASAN xidmət” böyük bir inqilabdır”. Bunu Prezident İlham Əliyev Qubada "ASAN həyat” Kompleksinin açılışı zamanı deyib. Dövlət başçısı xatırladıb ki, Qubada "ASAN xidmət” Mərkəzinin yaradılması çox gözəl hadisədir və bu, sayca 12-ci mərkəzdir:
"Mərkəzlərdən 5-i Bakıda yaradılıb, 7-si də Quba daxil olmaqla, digər bölgələrdə. "ASAN xidmət” artıq beş ildir ki, fəaliyyət göstərir. Beş il ərzində Azərbaycan xalqının rəğbətini qazana bilib. Bu illər ərzində "ASAN xidmət” mərkəzlərinə 18 milyondan çox müraciət daxil olub və qurumun fəaliyyətini bəyənmə əmsalı 100 faizə yaxındır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, doğrudan da ictimai xidmətlər sahəsində böyük bir inqilabdır”. Prezident bildirib ki, "ASAN xidmət” Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur: "O məhsul ki, bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə bu modellə maraqlanır. Bir neçə ölkə ilə müvafiq sənədlər imzalanıb və artıq bir neçə ölkədə "ASAN xidmət” mərkəzləri yaradılır. "ASAN xidmət” beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətə layiq görülüb. BMT ictimai xidmətlər sahəsində yüksək mükafat verib. Xatırladaq ki, bir müddət əvvəl Əfqanıstan, Pakistan və bir neçə Qərb ölkəsi bu xidmətlə bağlı Azərbaycana müraciət edib. Onlar ölkəmizə müraciət edərək xidmətin necə qurulduğunu bilən mütəxəssislər xahiş ediblər. Ekspertlərə görə, Azərbaycan brendinin bir neçə ölkədə tətbiq edilməsi ölkəmizin reputasiyasını yüksəldəcək.
Məsələ ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, praktiki olaraq "ASAN Xidmət” Azərbaycan üçün bir modelə çevrilib. Onun sözlərinə görə, artıq bəzi ölkələr bu xidməti öyrənərək öz ölkələrində tətbiq etmək istəyirlər:
"ASAN” vasitəsi ilə ölkə vətəndaşları daha qısa müddətdə və hansısa korrupsiya halları ilə üzləşmədən xidmət görürlər. Bu modelin xarici ölkələr tərəfindən öyrənilməsi və tətbiq edilməsi Azərbaycan üçün çox vacibdir. İlk növbədə bizə məxsus bir brendin bütün dünyada tanınması deməkdir. Həmçinin, Azərbaycanın reputasiyası üçün önəmlidir. Gələcəkdə "ASAN xidmət”dən istifadə edən ölkələrin sayının artması nəticə etibarı ilə bu modelin qlobal olaraq tətbiq olunmasına imkan yaradacaq. İndi hər kəs çalışır ki, müəyyən modeli hazırlasın və dünyada öz adı ilə yaysın. Bu baxımdan Azərbaycan brendinin hərtərəfli perspektivi böyükdür”.
İsmayıl