Azərbaycanlı deputat Keçikçi Dağ Məbədi gərginliyindən danışdı: “Hər kəs bilməlidir ki...”

"İrakli Okruaşvilini xatırlayırsınızmı? Keçmiş Daxili İşlər, Müdafiə və İqtisadiyyat naziri. O qərara gəldi ki, Bidzina İvanişviliyə ağıl öyrətsin. Və 2005-ci ildə Azərbaycanın Daxili işlər naziri ilə Candar gölündə, təmtəraqlı açılmış süfrədə necə görüşdüyünü, məsələnin öz xeyrinə həll olunmayacağı təqdirdə, üç günə sərhəddə 500 min qaçqın qoyacağı barədə hədə qorxu gəldiyini danışdı”.
"Sherg.az”ın məlumatına görə, bu sözləri Gürcüstan parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev, son günlər Keşikçi dağ məbədi ilə bağlı yaranan gərginlikdən danışarkən deyib.
S.Mirzəyev Gürcüstanın sabiq naziri İrakli Okruaşvilinin Azərbaycanla sərhəd məsələsində danışdıqlarını xatırladıb:
"Daha konkret desək, Okruaşvili demişdi - "Azərbaycanlı həmkarıma dedim, əgər sabah bu problemi bizim xeyrimizə həll etməsəniz, daha üç stəkan içəcəyəm və səhər "Qırmızı körpü”də 500 min qaçqın qəbul edəcəksiniz. Bilirsən ki bunu edə bilərəm..."... Yəni Okruaşvili birbaşa qeyd etdi ki Gürcüstanda yaşayan azərbaycanlıları bir gündə vətənimdən alıb sərhədə qoyacağam. Həqiqətən vətəndən...Çünki azərbaycanlılar əsrlərdir Gürcüstanda yaşayır və Gürcüstan öz vətənidir. Azərbaycanlılar gürcü torpağında yad deyillər və ölkəni gürcülərdən az sevmirlər. Azərbaycanlılar Gürcüstanın inkişaf etməsinə gürcülərdən daha çox öz töhfəsini verməyə çalışırlar. Azərbaycan kəndlərində mövcud olan qədim qəbir daşları əsrlərdir mövcuddur. Bizim əcdadlarımız Gürcüstanda doğulurdular, Gürcüstan üçün yaşayırdılar və Gürcüstan üçün ölürdülər. Okruaşvilinin bəyanatı isə separatizmin birbaşa ifadəsidir...”.
Deputat daha sonra qeyd edib ki, Şalva Natelaşvili olmayan qığılcımdan atəş çıxartmağa cəhd etdi və hakimiyyədən BMT-nin Təhlükəsizlik Şurasını dəvət etməyi tələb etdi:
"Natelaşvili və hər kəs bilməlidir ki, Azərbaycan heç bir zaman Gürcüstana qarşı aqressiya həyata keçirməyəcək və heç bir zaman onun ərazisini işğal etməyəcək. Necə ki Gürcüstan heç bir zaman Azərbaycana qarşı aqressiv olmayacaq və heç bir zaman ərazisini işğal etməyəcək. Niyə? Çünki bu iki qonşu dövlət arasında qardaşlıq əsrlər boyu var və bir çox əsr olacaq. Bəli, hər bir azərbaycanlı fəxr edir ki, Gürcüstan öz vətənidir, burada yaşayan hər bir azərbaycanlı Gürcüstanın kədərinə üzülür və Gürcüstanın uğuruna sevinir. Bunu heç kim silə bilməz və dəyişə bilməz. Biz Gürcüstanda yaşayan azərbaycanlılar bu qürurlu ölkənin qürurlu övladlarıyıq”.
Qeyd edək ki, Gürcüstan-Azərbaycan sərhədində yerləşən Keşikçi dağ (David Qareci) məbədi ilə bağlı son günlər gərginlik hökm sürür. Gürcüstan tərəfi, qeyd edir ki, artıq bir neçə gündür Azərbaycan əsgərləri məbədə nəzarət edir, oraya ziyarətə əngəllər törədir. Gürcüstandakı bəzi siyasi şovinistlər bunu Azərbaycanın qonşu ölkəyə qarşı "təcavüzü” kimi qiymətləndirirlər, şovinist çağırışlar edirlər.
Azərbaycan Xarici İşlər Nazirliyi isə fərqli açıqlama verib. Nazirliyin mətbuat katibi Leyla Abdullayeva deyib ki, Keşikçi Dağı Məbəd-Kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən, 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür:
 "Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır"
Anar