Azyaşlıların nədən zəhərləndiyi dəqiqləşdirilməlidir

Adil Qeybulla: “Ölkəmizdə həm dərmanlarla bağlı, həm də qida və ərzaq məhsulları ilə əlaqəli ciddi problemlər var”



Sumqayıtda azyaşlılar arasında zəhərlənmə olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərində yaşayan 4 azyaşlı zəhərlənmə ilə xəstəxanaya gətiriliblər. Qeyd edək ki, bu, Sumqayıtda baş verən ilk uşaq zəhərlənməsi deyil. Bu il avqustun 28-də eyni hal yaşanmış, 4 azyaşlı qidadan zəhərlənmişdi.

Qida keyfiyyətsizliyinin növbəti qurbanları Qəmər Hadıyeva, Şahvələd Qurbanov, Yusif Sultanov və bacısı Əsnadır. Körpələrin qidadan zəhərlənmə hallarının artdığını söyləyən tibb elmləri doktoru Adil Qeybulla "Şərq”ə açıqlamasında hadisənin ciddi və dəqiq araşdırılmalı olduğunu deyib: "Zəhərlənmə ilə bağlı daha dəqiq qənaətə gəlmək üçün toksikoloji mərkəzlərdə müayinə aparılmalıdır. Ümumiyyətlə, ölkəmizdə həm dərmanlarla bağlı, həm də qida və ərzaq məhsulları ilə əlaqəli ciddi problemlər var. Bəzi hallarda müxtəlif infeksiya halları olur ki, bunu zəhərlənmə kimi dəyərləndirirlər. Düşünürəm ki, bu zəhərlənmənin qidadan, yoxsa digər səbəblərdən baş verdiyi müəyyən edilməlidir. Son zamanlar məişətdə qida ilə bağlı zəhərlənmənin sayı artıb. Bunun əsas səbəblərindən biri qidaların düzgün saxlanılmadığı üçün baş verir. Hesab edirəm ki, zəhərlənmə konkret müayinə olunduqdan sonra bu məsələ ictimailəşməlidir. Bundan sonra hadisəyə rəy vermək mümkündür. Gələcəkdə belə halların qarşısının necə alınması həmin rəydən də asılı olur”.

Tibb eksperti bişmiş, tez xarab olan qidaların uzun müddət saxlanılmasını məsləhət görmür: "Ev şəraitində hazırlanan konservləşdirilmiş qidaların müəyyən vaxtdan sonra rəngi dəyişir. Əgər belə hallar varsa, bu qidalar istifadə olunmalı deyil. Zəhərlənmə baş verən zaman dərhal çoxlu maye qəbul olunmalıdır. Bu, mədənin yuyulmasına gətirib çıxarır. Beləliklə, həmin toksiki maddə mümkün qədər bədəndən azalmağa və çıxmağa başlayır”.

Yeganə Bayramova