Fuad Hüseynzadə: “Hansı xarici mediada Azərbaycanla bağlı qərəzli yazılar verilirsə, həmin yazının elektron versiyasına şərhlər yazmaq, bu məqalələrin qərəzli olduğunu faktlarla göstərmək lazımdır”
“Bakı 2015”i necə işıqlandırırıq?
Əflatun Amaşov: “Hazırda Azərbaycan mətbuatının gündəmi məhz Avropa Oyunlarıdır”
Fuad Hüseynzadə: “Hansı xarici mediada Azərbaycanla bağlı qərəzli yazılar verilirsə, həmin yazının elektron versiyasına şərhlər yazmaq, bu məqalələrin qərəzli olduğunu faktlarla göstərmək lazımdır”
Fuad Hüseynzadə: “Hansı xarici mediada Azərbaycanla bağlı qərəzli yazılar verilirsə, həmin yazının elektron versiyasına şərhlər yazmaq, bu məqalələrin qərəzli olduğunu faktlarla göstərmək lazımdır”
İyun ayının 12-si Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına start veriləcək. Demək olar ki, bütün dünyanın diqqəti bu mötəbər oyunlara yönəlib. 50-dən çox xarici ölkənin televiziya və yazılı mətbuatı 12-28 iyun tarixləri arasında Bakıda keçiriləcək nəhəng idman yarışlarını işıqlandıracaq.
Müxtəlif ölkələrdə tamaşaçılar ekran qarşısında əyləşib Azərbaycandan birbaşa yayımlanan qitənin ən mötəbər idman tədbirini izləyəcək və ölkəmizin bu turnirə necə hazırlaşdığının canlı şahidi olacaqlar. Ötən müddət ərzində planetin bir sıra aparıcı KİV-ləri paytaxtımızda təşkil olunacaq tarixin ilk Avropa Oyunları barədə maraqlı məqalələr dərc edib, ölkəmizin bu yarışı yüksək səviyyədə təşkil etməsindən bəhs ediblər. Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə hesab olunan Avropa Oyunları ilə bağlı ilk videomaterial "Euronews” kanalında yayımlanıb. Bakıda Birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması ilə bağlı yayımlanan süjetdə aprelin 26-nın ilk Avropa Oyunları həyəcanının başlanğıc günü kimi tarixə düşdüyü vurğulanıb. Bildirilib ki, Olimpiya ənənəsinə uyğun olaraq, qədim od məbədi olan Atəşgahdan başlayan estafet maraqlı bədii proqramla müşayiət edilib. Süjetdə Prezident İlham Əliyevin ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırması, dövlət başçısının məşəli "Bakı-2015” Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovaya verməsi, beləliklə də Birinci Avropa Oyunlarının məşəlinin səyahətinin başlaması nümayiş olunub.
Türkiyənin "TRT Haber” televiziya kanalı da "Bakı-2015” Birinci Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı geniş reportaj yayımlayıb. Reportajda ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Bakıda hazırlıq işlərinin yüksək səviyyədə olduğu bildirilib. Vurğulanıb ki, nəhəng idman obyektlərinin hamısı tam hazır şəkildə istifadəyə verilib. Dövlət başçısının ilk Avropa Oyunlarının idman və dostluq bayramına çevriləcəyi barədə fikirləri süjetdə xüsusi diqqətə çatdırılıb.
İtaliyanın "İl Faro” xəbər saytında da "Bakı-2015”-in Avropanın idman tarixində önəmli hadisə olması ilə bağlı məqalə yerləşdirilib. Məqalədə yazılıb ki, bu yarışda Avropanın müxtəlif ölkələrindən 6 minə yaxın atlet bir araya gələcək. Onlar Olimpiya ruhunun sehrinə qapılaraq, bütün güclərini səfərbər edərək "Köhnə qitə”nin ən yaxşısı olmaq uğrunda mübarizə aparacaqlar. "Bakı-2015” Avropa Oyunlarından bəhs edən silsilə reportajlardan biri də ötən gün Berlin TV kanalı ilə yayımlanıb. Süjetlərdə Bakının tolerant şəhər olduğu, buradakı bir sıra qədim abidələrin UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına salındığı qeyd edilib. Birləşmiş Ərəb Əmirliklərində ərəb dilində böyük tirajla dərc olunan nüfuzlu "Əl-İttihad” qəzeti də Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının yay turizminin inkişafına təkan verəcəyini yazıb. Azərbaycanın müasir turizm imkanlarından bəhs edən müəllif Nəsrin Dərzi "Sivilizasiyaların mərkəzində füsunkar təbiət” sərlövhəli yazıda may-sentyabr aylarında Azərbaycanın turizm potensialının spesifik xüsusiyyətlərindən bəhs edib. Demək olar ki, təqdim olunmuş əksər reportajlarda Bakıda qədimliyin və müasirliyin vəhdətindən, İçərişəhərdən, eləcə də son illər paytaxtımızda tikilmiş müasir obyektlərdən söhbət açılıb. Ancaq təəssüflər olsun ki, bəzi qərəzli xarici media qurumları erməni diasporasının təsiri ilə Azərbaycan və Avropa Oyunları ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar dərc edirlər. Bu baxımdan həmin qərəzli yazıların çürüdülməsində və möhtəşəm yarışın Azərbaycanda olduğu kimi işıqlandırılmasında yerli KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Aydındır ki, Oyunlar zamanı ölkə mediasının işi daha çox Avropa Oyunlarına yönələcək. Ümumilikdə, mətbuatda yazılan, televiziyada efirə gedən hər bir material Azərbaycanımızı təbliğ edəcək. Bəs, belə həssas bir məqamda, ölkəmizə qarşı "qara piar” kampaniyasının aparıldığı dövrdə mətbuat və televiziya necə işləməlidir, daha çox hansı xəbərlərə yer verilməlidir, yerli mətbuatımız Oyunları işıqlandırmağa tam hazırdırmı? Məsələyə münasibət bildirən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, mətbuat Avropa Oyunları ilə bağlı öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirir. Onun sözlərinə görə, KİV orqanları bu oyunların məsuliyyətini və önəmini dərk edir: "Mətbuat da, televiziyalar da əsas məqamı oyunlara yönəldib. Oyunlar başlayan günə kimi televiziyaların loqotiplərində yarışlara nə qədər vaxt qaldığı əks olunub. Eyni zamanda məşəlin Atəşgah məbədindən çıxıb bütün Azərbaycanı dolaşması həm televiziyalarda, həm də çap mətbuatında geniş işıqlandırılıb. Ancaq Azərbaycan mətbuatında bunları həyata keçirməklə yanaşı, oyunlarla əlaqədar ölkəmizi tənqid edən tərəflər də var”. MŞ sədri hesab edir ki, yerli mətbuat ölkəmizə qarşı aparılan anti-azərbaycan kampaniyasının qarşısını ala bilib: "Ölkəmizə qarşı anti-azərbaycan kampaniyası gedir. Mətbuat bir yandan öz missiyasını yerinə yetirərək oyunların gedişini, hazırlıqlarını işıqlandırır, eyni zamanda qarayaxma kampaniyalarının qarşısını almağa müyəssər olur. Bu çox vacib məqamdır. Odur ki, hazırda Azərbaycan mətbuatının gündəmi məhz Avropa Oyunlarıdır”. Ə.Amaşov Avropa Oyunları ilə bağlı baş redaktorlarla bir neçə dəfə görüş keçirildiyini, onlara müəyyən tövsiyələrin verildiyini vurğulayıb: "Jurnalistikada daha çox tənqidi məqamlar var. Dünya mətbuatında da belə bir tendensiya hökm sürür. Bu da redaksiya rəhbərliyinin siyasətindən asılı ola bilər. Bu ərəfədə daha çox marağı oyunlara yönəltmək lazımdır, nəinki məişət zəmnində yaranmış kriminal hadisələrə. Mətbuat bu kimi hadisələrin işıqlandırılmasını istər-istəməz arxa plana keçirməlidir. Amma baş redaktorlar da reallığı anlayan insanlardır. Onlar da öz missiyalarını elə qururlar ki, əsas diqqət Avropa Oyunlarına yönəlsin”.
Avropa Oyunlarının mediada işıqlandırılması və tədbirlə bağlı qərəzli yazıların dərc olunması ilə bağlı "Şərq”in suallarını cavablandıran Diaspor Jurnalistləri Birliyinin (DJB) sədri, tanınmış jurnalist Fuad Hüseynzadə deyib ki, ilk Avropa Oyunları ərəfəsində bəzi beynəlxalq təşkilatlar və KİV-lər Azərbaycana münasibətdə məqsədli şəkildə qara piar kampaniyası aparırlar. Jurnalistin fikrincə, insan haqları məsələsinin bu qədər qabardılmasının səbəbi Azərbaycanı beynəlxalq diqqət mərkəzinə çevirəcək və nüfuzunu artıracaq ilk Avropa Oyunlarıdır.
- Azərbaycana qarşı aparılan "qara piar” kampaniyaları nəzərə alsaq, media orqanlarımız Oyunlar müddətində necə işləməlidir?
- Bir qrup vətən xainlərinin, həmçinin, onların xaricdəki dəstəkçilərinin beynəlxalq təşkilatlara ötürdüyü qərəzli məlumatların xarici mediada dərc olunması Azərbaycanı gözdən salmağa istiqamətlənib. Bu yazılar elə bil standart qəlpdən çıxıb. Eyni təşkilatların obyektivliyə söykənməyən açıqlamaları əsasən ABŞ, İngiltərə, Fransa və Almaniya KİV-lərində nəşr edilir. Bütün bunlara qarşı olaraq sadəcə ölkə mediasında Azərbaycan dilində yazılarla çıxış etməklə kifayətlənməməliyik. Fikrimcə, mediamız bu məsələlərlə bağlı özünə yeni kurs götürməlidir. Belə ki, hansı xarici mediada Azərbaycanla bağlı qərəzli yazılar verilirsə, həmin yazının elektron versiyasına şərhlər yazmaq, bu məqalələrin qərəzli olduğunu faktlarla göstərmək lazımdır. Effektiv nəticə almaq istəyiriksə, həmin dillərdə məqalələr hazırlanmalı və o ölkənin istənilən mediasında çap olunmalıdır. Bu məqalələri həmin media orqanlarına da göndərmək olar. Əgər yazını çap etməyəcəklərsə, nə dərəcədə qərəzli və qeyri-obyektiv olduqlarını özləri bir daha göstərəcəklər. Bununla yanaşı, sosial şəbəkələrdə Azərbaycana qara yaxan media orqanlarından şikayət etmək olar. Eyni zamanda o ünvanlara, onların Azərbaycana qarşı məqsədli şəkildə "qara piar” aparmaları ilə bağlı müəyyən fikirlər, statuslar yazmaq olar. Həmçinin, bizə qarşı olan hər hansı KİV-in məxsus olduğu ölkənin Azərbaycandakı səfirliyinə bu haqda məlumat vermək də mümkündür. Ardıcıl şəkildə ölkəmiz haqda qərəzli yazılar verən media orqanlarına qarşı bəyanat da yazmaq olar. Məncə, bu yollarla bizə qarşı olan xarici media orqanlarını susdurmaq olar. Ümumiyyətlə, ölkəmizdə bu kimi hallara qarşı cavab verən yeni nəsil jurnalistlər yetişməlidir.
- Ölkə mətbuatı mötəbər tədbiri işıqlandırmağa tam hazırdırmı?
- Bu gün ölkə daxilində, eləcə də xaricdə İlk Avropa Oyunlarının təbliği güclü şəkildə aparılır. Hiss olunur ki, mediamız bu işdən fəxr hissi duyur. "Bakı-2015” Oyunlarına kimi aparılan təbliğatın səviyyəsi göstərir ki, yarışlar zamanı bu aktivlik daha da yüksək olacaq. Bunun üçün KİV nümayəndələri kifayət qədər potensiala malikdir. İnanıram ki, jurnalistlərimiz peşə
fəaliyyətindən əlavə vətəndaş mövqeyi də ortaya qoyaraq, Oyunları lazım olduğundan daha artıq işıqlandıracaqlar.
- Həmin müddət ərzində KİV-in üzərinə düşən əsas məsuliyyət və öhdəlik nədir?
- Ümumiyyətlə, "Bakı-2015” bir ümumxalq işidir. Hər bir kəs burada vətəndaş məsuliyyətini hiss etməlidir. Çünki Azərbaycanın dünyada tanınması baxımından ilk Avropa Oyunları mühüm əhəmiyyət daşıyır. Rəsmi məlumatlara görə, "Bakı-2015” ilk Avropa Oyunlarının işıqlandırılması üçün 50 ölkənin media nümayəndəsi qeydiyyatdan keçib. Bu mötəbər idman yarışını işıqlandırmaq üçün 630-dan çox yerli və 800 beynəlxalq media nümayəndəsi qeydiyyata alınıb. Bu o deməkdir ki, Oyunlar keçirilən zaman bütün dünya Azərbaycandan danışacaq.
Biz jurnalistlər idmançılarla, əcnəbi həmkarlarla və turistlərlə təbliğati istiqamətdə söhbətlər etməliyik. Onların Azərbaycan haqqında fikirlərini öyrənməliyik. Öz növbəsində qonaqlara maksimum şəkildə Azərbaycan haqqında məlumatlar verməliyik. Yeri gələndə əcnəbi jurnalistlərlə görüşlər təşkil etməliyik. Eyni zamanda xarici jurnalistlərdən beynəlxalq jurnalistikanın sirlərini də öyrənməliyik. Ümumiyyətlə, bu Oyunlar hər bir kəs, o cümlədən jurnalistlər üçün fürsətdir. "Bakı-2015” Oyunları hər birimizə böyük şans verib. Fikrimcə, hamımız, xüsusilə həmkarlarımız bu şansdan faydanlanmalıdır.
(davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb