Bakı dialoq üçün ideal məkandır
Qlobal Forum iştirakçıları dünya problemlərinin çözüm yerini göstərdilər
"BMT-nin VII Qlobal Forumu Azərbaycan haqda mənfi düşüncələri alt-üst etdi”. Bunu millət vəkili, tarixçi-alim Fəzail İbrahimli deyib. Deputat bildirib ki, Forumun məhz Azərbaycanda keçirilməsi göstərdi ki, ölkəmiz beynəlxalq tədbirləri yüksək səviyyədə həyata keçirən əsas mərkəzlərdən biridir. Onun sözlərinə görə, beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın imici, inkişafı və burada hökm sürən sabitliklə bağlıdır: "Bu cür tədbirlər siyasi cəhətdən sabit və belə geniş tədbirlərə ev sahibliyi etməyə qadir olan ölkələrdə keçirilir. Avropa Oyunlarından sonra ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sayı daha da artdı. Azərbaycan dünya dövlətlərinin boy sırasında daha öndədir deyə bilərik”.
"Forum Dağlıq Qarabağla bağlı ideoloji müharibəmizdə böyük addım oldu”
Millət vəkili bildirib ki, Forum dünyada mövcud problemlərin səsləndirilməsi və onların həlli istiqamətində geniş müzakirələrin aparılması üçün vacib platforma idi: "147 ölkənin nümayəndələrinin iştirakı ilə baş tutan forumda müxtəlif ölkələrin düşüncələri səsləndi. Azərbaycan dünyanın hər bir ölkəsində tanınmaq üçün fürsət əldə etdi. Tədbirdə iştirak edən xarici qonaqların hər biri ölkəmizin inkişafı, iqtisadi qüdrəti, gözəlliyi ilə bir daha tanış olmaq imkanı qazandılar. Xarici qonaqlar ölkəmizlə bağlı söylədiyi rəylərində Azərbaycana, Bakıya valeh olduqlarını qeyd etdilər. Onlar ölkəmizin qonaqpərvərliyini yüksək qiymətləndirdilər. Bununla da erməni lobbilərinin dünyaya Azərbaycan haqqında yaydıqları mənfi düşüncələri alt-üst oldu. Ən əsası isə indiyə qədər Dağlıq Qarabağ problemini dərindən duymayanlar, onun fəlsəfəsini başa düşməyənlər problemin nədən ibarət olduğunu öyrənərək, üzə çıxarmış oldular. Bütün bunları Dağlıq Qarabağla bağlı ideoloji müharibəmizdə böyük addım hesab etmək olar. Bütövlükdə isə forum dünyada gedən proseslərin təhlili, dəyişikliklərin aradan qaldırılması, baş verənlərin bölüşməsi, dünya dövlətlərinin bir sıraya gəlməsi baxımından forum böyük əhəmiyyətə malik idi”.
"Forum dünyanın qarşısında duran məsələlərin həllində əhəmiyyətli dövr oldu”
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Forum haqqında danışarkən deyib ki, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu dünya qarşısında duran məsələlərin həllində çox əhəmiyyətli bir dövr oldu. Onun sözlərinə görə, belə bir tədbirin dünyanın diplomatik mərkəzinə çevrilən Bakı şəhərində keçirilməsi, beynəlxalq aləmdə ölkəmizə verilən dəyərin göstəricisi idi: "Bakı beynəlxalq birlikdə ən möhtəşəm tədbirlər keçirən, dünyada stabilliyin qorunmasına, inkişafına töhfə verə bilən mərkəz kimi tanınmağa başlanıb. Dünyanın 147 ölkəsindən gələn nümayəndə heyətləri tədbir çərçivəsində sivilizasiya qarşısında duran məsələləri müzakirə etdilər. Onlar Azərbaycanın inkişafı ilə tanış ola bildilər”. A.Mirzəzadənin fikrincə, forumda iştirak edən ölkələrin bir çoxunda gələcək inkişaf modelini məhz Azərbaycandan nümunə götürəcəkləri bərəsində təəssürat yaranmağa başladı: "Mən forumun ilk iclasında iştirak etdim və orada olan işgüzarlığın, müzakirələrə olan marağın yüksək səviyyədə olduğunun şahidi oldum. Açılış mərasimində Azərbaycan və Türkiyə Prezidentlərinin çıxışından sonra yaranan ab-hava ümumən forumun təkanverici şüarına çevrildi”. Millət vəkili forum çərçivəsində qəbul edilən Bakı Bəyənnaməsi haqqında da fikirlərini bildirib: "Sənəddə dünya qarşısında duran məsələlər öz əksini tapıb. Tədbirdə dünya qarşısında duran məsələlərin həllinə əməkdaşlıq, birgə fəaliyyət nəticəsində nail olunmasının vacibliyi vurğulandı. Hesab edirəm ki, forum həm əməkdaşlıq, həm müzakirələr, həm də fikir mübadiləsi baxımından geniş platformaya çevrildi”.
"VII Qlobal Forum Azərbaycanda multikultural və tolerant mühitin göstəricisidir”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda multikultural və tolerant mühitin olmasının göstəricisidir: "Azərbaycan multikulturalizmin praktikada tətbiq edildiyi ölkələrdəndir. Bizim multikulturalizm nümunəmiz özünü bir də onda göstərir ki, bu gün dünyanın 13 ali məktəbində "Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Azərbaycanda multikulturalizmə dövlət səviyyəsində diqqətin sayəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Dünyanın heç bir yerində bu formada mərkəz yoxdur. Azərbaycan burada da gözəl nümunə ortaya qoyub. Yəni, biz multikulturalizmi yalnız öz coğrafiyamızda, ərazimizdə, ölkəmizdə tətbiq etməklə işimizi bitmiş saymırıq. Biz multikulturalizm ideyasının bütün dünyada daha geniş yayılması üçün geniş fəaliyyət göstəririk, tədqiqat işləri aparırıq. Eyni zamanda, qeyri-hökumət təşkilatları vasitəsilə çoxlu sayda layihələr həyata keçiririk. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir”.
İsmayıl