Bakı Forumu Cənubi Qafqaz haqqında tam aydınlıq yaratdı

Dünya gördü ki, Azərbaycan dağıdıcı deyil, sülhpərvərdir, qurucudur, mədəniyyət mərkəzidir




BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu kifayət qədər mühüm hadisədir. Forum sivilizasiyalararası dialoqun, milli, dini və irqi ayrı-seçkiliyin, sülh və təhlükəsizliyi təhdid edən halların aradan qaldırılması, həmçinin qlobal məsələlərin müzakirə edildiyi mühüm bir platformadır. Ona görə də bu cür tədbirlərdə regional və dünya miqyaslı problemlər, Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı, xüsusilə Ermənistan siyasi hakimiyyətinin yürütdüyü məkrli siyasətin sülhə və təhlükəsizliyə böyük təhdid olması bir daha vurğulanmalıdır.

Forumun Bakıda keçirilməsinin ən mühüm cəhəti Qarabağ həqiqətləri ilə bağlı Azərbaycanın haqq səsinin dünyaya bir daha çatdırılmasıdır. Məlumdur ki, aprel ayının əvvəllərində cəbhədə yaranmış gərginlikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlar keçirməsi və inamlı qələbə qazanması qarşı tərəfi güc vasitəsi ilə danışıqlar masasına oturtmaq üçün mühüm imkan yaradıb. Belə həssas bir məqamda beynəlxalq Forumun Bakıda keçirilməsi, dünyanın aparıcı güclərini təmsil edən liderlərin paytaxtda toplanması ölkəmiz üçün əlverişli imkan yaradır. Mötəbər tədbirdə iştirak edən xarici ölkə təmsilçilərinin dediklərindən də aydın olur ki, artıq beynəlxalq aləm Azərbaycanın haqlı mövqeyini dilə gətirir, Dağlıq Qarabağ münaqişəsində ölkəmizi dəstəkləyirlər. Azərbaycan Prezidenti də Forumda çıxış edərək ölkəmizdə görülən işləri, dövlət maraqlarını, Dağlıq Qarabağ problemini və onun həllində başlıca maneə olan səbəbləri bir daha qonaqların diqqətinə çatdırdı. Onlarda Cənubi Qafqazda yaşanan olaylar barəsində geniş təəssürat yaratdı. İndi bir çox ölkə Ermənistanın təcavüzkar olduğunu, Azərbaycan torpaqlarını işğal etdiyini daha yaxşı anlayır. Forum ərəfəsində və forumun keçirildiyi günlərdə Ermənistan silahlı qüvvələri tərəfindən mülki vətəndaşlarımıza, yaşayış obyektlərimizə mütəmadi atəş açılması və Sarkisyanın danışıqlardan imtina etməsi də təcavüzkar düşmənin sülh tanımazlığını təsdiqlədi. Bundan sonra baş verəcək bütün proseslərdə, yəni istər danışıqların bərpa olunacağı, istərsə də geniş miqyaslı müharibənin başlayacağı təqdirdə hər kəs Azərbaycanın haqlı tərəf olduğunu qəbul edəcək. Forum çərçivəsində çıxış edən nüfuzlu ölkələrin tanınmış nümayəndələri də Azərbaycanın haqlı mövqeyini dəstəklədi, ölkəmizi sülhsevər, Ermənistanı isə işğalçı dövlət kimi təqdim etdilər. Məsələn, ABŞ-ın Viskonsin ştatının rəsmisi, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyz açıq şəkildə dedi ki, Ermənistan bölgədəki ölkələr üçün xaos və zorakılıq təhlükəsi yaradır. Dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini daha qətiyyətlə müdafiə etməlidir. Ekspert bildirdi ki, bu cür tədbirlər Azərbaycanın regionda sülh və tərəqqini qoruyub saxlamağa marağını bir daha sübut edir: "Forum sülhü, sabitliyi, iqtisadi inkişafı və sivilizasiyalararası dialoqu daha da inkişaf etdirmək üçün mühüm platformadır. Bu cür beynəlxalq tədbirlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, həmçinin Azərbaycan xalqının son iyirmi ildə yaşadığı problemləri bir daha dünya ictimaiyyətinə çatdırmalıdır”. Adambaşına düşən qaçqınların sayına görə Azərbaycanın dünyada birinci yerdə olduğunu bildirən P.Teyz Ermənistanın beynəlxalq hüququ pozduğunu diqqətə çatdırıb. Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində Naxçıvanın blokadaya məruz qaldığını vurğulayan ekspert bunun bölgə üçün ciddi təhlükə yaratdığını qeyd edib. Həmçinin, İSESCO-nun baş katibi Əbdüləziz Əl-Tüveycri də deyib ki, Ermənistana təzyiqlər artırılmalıdır. Onun sözlərinə görə, Ermənistan hər zaman çətin mövqe nümayiş etdirir: "Onlar heç zaman BMT qətnamələrini yerinə yetirməyi qəbul etmirlər. Ermənistan hər zaman təmas xəttində insident yaradaraq Azərbaycanı provokasiyaya çəkməyə çalışır. İki həftə bundan əvvəl baş verən toqquşmalar Azərbaycan tərəfindən edilməyib. Bunu edən Ermənistandır. İSESCO bunu pisləyən bəyanatla çıxış etdi və Ermənistanı zorakılığı dayandırmağa çağırdı”.

Səudiyyə Ərəbistanı Krallığının siyasi və təhlükəsizlik məsələləri üzrə Şurasının başçısı, daxili işlər naziri Əmir Məhəmməd bin Naif də bəyan edib ki, onların ölkəsi birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Forumun Bakıda keçirilməsinin üstün cəhətlərindən biri də ümumi təbliğat məsələləri ilə bağlıdır. Məlumdur ki, iki gün ərzində Forumu yerli media ilə yanaşı, onlarla xarici televiziya kanalı, kütləvi informasiya vasitəsi işıqlandırdı. Bu o deməkdir ki, iki gün ərzində bütün dünya məhz Azərbaycandan danışdı. Ölkəmizin harada yerləşməsi, hansı regiona daxil olmasını bilməyən xarici ölkə vətəndaşları KİV-lərin, beynəlxalq medianın vasitəsilə Azərbaycan barədə ətraflı məlumatlar əldə etdilər. Heç şübhəsiz ki, xarici media yalnız forumun gedişini işıqlandırmaqla işini bitmiş hesab etmədi. Azərbaycanda olduğu müddətdə xarici kütləvi informasiya vasitələri ölkəmizin tarixi mədəni abidələri, dini və milli tolerantlığı barədə də ətraflı məlumatlar yaydılar. Ümumilikdə 110 ölkədən 2000-ə yaxın qonağın qatıldığı Forum Azərbaycanın təbliğində, onun həqiqətlərinin dünyaya çatdırılmasında çox önəmlidir.

Forumun əhəmiyyəti barədə fikirlərini bölüşən deputat Fərəc Quliyev deyib ki, istənilən beynəlxalq əhəmiyyətli tədbir keçirildiyi ölkə üçün həm nüfuzdur, həm də o ölkənin səviyyəsini dünyaya nümayiş etdirən bir amildir. Millət vəkilinin fikrincə, çoxsaylı sabiq dövlət və hökumət başçılarının, eləcə də hazırkı prezidentlərin iştirakı ilə Bakıda keçirilən bir çox baxımdan xüsusi əhəmiyyət kəsb edir: "Azərbaycanın dünya siyasətində oynadığı rol baxımından Forumun əhəmiyyəti böyükdür. Azərbaycanın tolerant ölkə, hər kəsi birləşdirən bir element kimi qəbul edilməsinin təzahürüdür bu tədbir. Çünki bu cür forumlar, beynəlxalq tədbirlər heç də hər ölkədə keçirilmir. Belə bir forumun Azərbaycanın paytaxtı Bakıda keçirilməsi həm də ölkəmizə verilən qiymətdir. Bu da Azərbaycanın tam haqqıdır. Etnoslararası, dinlərarası tolerantlığa, əməkdaşlığa, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqa verdiyi önəmə görə Azərbaycan dünyaya nümunədir. İstər terrorizmə qarşı mübarizədə, istərsə də Avropanın enerji təhlükəsizliyində Azərbaycan xüsusi rol oynayır. Bakı Forumunun gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsinin aparılması o deməkdir ki, Azərbaycan bu sahələrdə öz sözünü demiş dövlətdir. Bundan başqa, Azərbaycan üzləşdiyi problemləri də Forum çərçivəsində müxtəlif panellərdə aparılan müzakirələrdə diqqətə çatdırır. Ən əsası da Dağlıq Qarabağ münaqişəsi, onun sülh yolu ilə tənzimlənməsi, bu problemin həllinə başlıca maneələr dilə gətirilir. Bu Forumla Azərbaycan haqqında olan düşüncələr də yaxşıya doğru dəyişəcək. Xüsusilə açıq cəmiyyət adı altında belə bir tədbirin keçirilməsi siyasi, mədəni, sosial və sair sferalarda idarəetmənin liberallığı baxımından Azərbaycanın əhəmiyyətini qabardacaq. Tərəflərə aydın olacaq ki, Azərbaycan dağıdıcı deyil, barışdırıcı, qurucu elementdir”.

İsmayıl