“Maksimum çalışmaq lazımdır ki, ilan sancan nahiyə tərpənməsin, çünki zəhər yayıla bilər. Zəhəri sorub çıxarmaq yaxşı fikir deyil, çünki ağızdan zəhər qana keçə bilər”
Bakı gürzə ilanları ilə zəngindir
“Bir çox hallarda insanlar texniki qaydalara əməl etmədiyi üçün ilanların hədəfinə çevrilirlər”
“Maksimum çalışmaq lazımdır ki, ilan sancan nahiyə tərpənməsin, çünki zəhər yayıla bilər. Zəhəri sorub çıxarmaq yaxşı fikir deyil, çünki ağızdan zəhər qana keçə bilər”
“Maksimum çalışmaq lazımdır ki, ilan sancan nahiyə tərpənməsin, çünki zəhər yayıla bilər. Zəhəri sorub çıxarmaq yaxşı fikir deyil, çünki ağızdan zəhər qana keçə bilər”
Yay fəsli gələr-gəlməz ölkədə ilan və əqrəb sancma halları artıb. Bu ay ilanvurma halları ilə bağlı 14, əqrəb sancması ilə bağlı 4 müraciət daxil olub. 1 nəfəri isə qara qurd sancıb. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun sözlərinə görə, ilan sancanlardan 11 nəfəri xəstəxanaya qəbul edilib, digər 3 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb: "Mərkəzə yerləşdirilənlərdən 4 nəfərin vəziyyəti ağır, digərləri isə orta-ağırlıqda olub.
Müraciətlər əsasən Bakıətrafı kəndlərdən, Hacıqabul, Şamaxı, Qəbələ rayonlarından olub. Son günlər ölkədə havaların isti keçməsinə baxmayaraq, ilan sancma hallarında artım yoxdur”.
Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının kiçik elmi işçisi Anar Cəfərovun sözlərinə görə, insan olmayan yerlərdə, dağlıq-qayalıq yamaclarda həmişə ilanlara rast gəlinir. Çünki həmin yerlərdə onların yaşaması üçün şərait var. Əgər ərazidə çoxlu quşlar, gəmiricilər, kərtənkələlər, daş qalaqları, kol-kos varsa, əlbəttə, orada ilanlar olacaq.
A.Cəfərlinin sözlərinə görə, ilandan müdafiə olunmaq üçün hər şeydən əvvəl texniki qaydalara riayət eləmək lazımdır: "Axşam saatlarında qapı-pəncərəni açıq saxlamaq olmaz. Xüsusən də həyət evlərinin sakinləri bu qaydalara ciddi əməl etməlidirlər. İlan təhlükəsindən qorunmaq üçün, ilk növbədə yaşayış yerinin səliqə-səhmanlı olmasına diqqət edilməlidir. Çalışmaq lazımdır ki, ilan üçün əlverişli şərait olmasın. Yəni ərazidə ilanın qidalandığı siçan, siçovul, müxtəlif gəmiricilər, onun gizlənə biləcəyi kol-kos bitməsin, daş-kəsək olmasın. Evlərin ətrafı zibilliklərdən təmizlənməlidir. Təmizlik nə qədər çox olsa, təhlükə də bir o qədər minimum səviyyəyə enər. İlanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün şərait olmamalıdır. Əgər yaşadığınız yerdə ilanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün yer, qurğu varsa, ora ən kəskin iyli maye, bitki qoymaqla ilandan qorunmaq olar”.
İlanın zərərsizləşdirilməsinə gəldikdə isə elmi işçi deyib ki, onların laboratoriyası ilanlar üzrə ixtisaslaşsa da, ilanları zərərsizləşdirmək səlahiyyətləri yoxdur: "Əslində, Azərbaycanda ilanları zərərsizləşdirmək üçün bir xidmətin yaradılmasına ehtiyac var. Bu xidmət isə Fövqəladə Hallar Nazirliyinin nəzdində yaradılmalıdır. Xarici ölkələrdə belə bir təcrübə var. Evdə və həyətdə ilan görən kimi həmin mərkəzə müraciət edilir. Mərkəz də xüsusi ilantutanlar göndərməlidir ki, həmin ilanın canlı halda tutulmasına müvəffəq ola bilsinlər. Hadisə yerindən qutularda uzaqlaşdırılan ilanlar insan yaşamayan ərazilərdə yenidən azad buraxılmalıdır. Amma bizdə belə bir xidmət olmadığı üçün evində ilan görən kəslər o dəqiqə onun başını əzir. Halbuki ilan da canlıdır və onu öldürmək təbiətə ziyan vurmaq deməkdir”.
İlan sancmalarının bir təsadüf olduğunu vurğulayan A.Cəfərlinin sözlərinə görə, bir çox hallarda insanlar texniki qaydalara əməl etmədiyi üçün ilanların hədəfinə çevrilirlər: "Təbiət qoynuna çıxan insanlar oturduqları, gəzdikləri yeri müşahidə eləmirlər. Onu da deyim ki, bəzi adamlar var ki, gürzə ilana oyuncaq kimi baxır, ondan gələcək təhlükəni real saymır. Amma bilmək lazımdır ki, bütün ilanlar bir-birinə oxşayır. Həm də ki, gürzə kifayət qədər təhlükəli bir ilandır. Gürzə sancmalarının 70 faizi ölümlə nəticələnir. Paytaxt sakinləri nəzərə almalıdır ki, Bakı gürzə ilanları ilə zəngindir. Hətta ilk gürzə Bakının Badamdar ərazisində tapıldığı üçün Bakı Gürzənin Vətəni sayılır. Yəni deməyim odur ki, yay aylarında ilanlar artmır, sadəcə olaraq insanlar açıq havada və təbiət qoynunda çox olduğu üçün ilanlarla da tez-tez rastlaşırlar. İnsanlar bir balaca ehtiyatlı olsalar, heç bir təhlükə ilə qarşı-qarşıya gəlməzlər”.
Qeyd edək ki, ilansancmalar zamanı vətəndaşların qarşılaşdıqları ən böyük problemlərdən biri də ilan zəhəri əleyhinə zərdab çatışmazlığıdır. Bir çox hallarda xəstəxanalarda, xüsusən də rayon yerlərində ilanvurma əleyhinə zərdab tapılmır. Ona görə də, ilan sancmaları zamanı necə davranılmasına dair bilgiləri təqdim edirik ki, adi bir təsadüf insan itkisi ilə nəticələnməsin!
Belə ki, sancma zamanı serum vurularkən onun növünü dəqiq bilmək üçün ilanın görünüşünü yadda saxlamaq lazımdır. İlan sancmasında toxumaların şişməsi və dişlənən yerdə bərk ağrı, limfaangit və limfaadenit, sonra ümumi intoksikasiya əlamətləri - başağrısı, hərarətin artması, zəiflik, özündəngetmə halları müşahidə olunur. İlan sancmaları üçün xarakterik əlamət isə 1-2 qanayan nöqtədən ibarət olan yara və güclü ağrının olmasıdır. Sancma yerində dəri qızarır, şişkinləşir, göyərmələr yaranır. Zərərçəkəndə ürəkbulanma, qusma, soyuq tər, nəfəsalmanın çətinləşməsi, yuxululuq qeyd olunur. Belə hallar baş verirsə, ilk növbədə dərhal təcili yardım çağırılmalıdır. Yardım maşınları gələnə qədər isə xəstəyə təxirəsalınmaz yardımlar göstərilməlidir: Xəstə arxası üstə, ayaqları bir qədər yuxarı olmaqla uzadılmalı və tam sakitlik təmin edilməlidir. Maksimum çalışmaq lazımdır ki, ilan sancan nahiyə tərpənməsin, çünki zəhər yayıla bilər. Zəhəri sorub çıxarmaq yaxşı fikir deyil, çünki ağızdan zəhər qana keçə bilər. Amma başqa heç bir çıxış yolu yoxdursa, ilan sancmasından dərhal sonra 10-15 dəqiqə müddətində bunu etmək olar.
Bunun üçün yara sahəsindəki dəri elə sıxılmalıdır ki, oradan bir neçə damcı maye çıxsın. Sonra yara təmiz su ilə yuyulub, yod və ya "zelyonka” ilə dezinfeksiya edilməli və üzərinə steril sarğı qoyulmalıdır. Ətraf şişdikdə, sarğını bir qədər boşaltmaq lazımdır. Əgər yaxınlıqda kiçik banka varsa, onun içində kibriti yandırıb sonra yaranın üzərinə kip basmaq olar. Bu zaman yaranmış vakuum zəhərin bir hissəsini sorub çixarır. Bankanı 15-20 dəqiqə saxlamaq lazımdır.
Bu tədbirlərdən sonra sancılmış yerə soyuq şey qoyulur, daxilə, əgər varsa, Dimedrol (0.05 qr) verilir. Sonra xəstə təcili xəstəxanaya (daha yaxşı olar ki, toksikologiya şöbəsinə) çatdırılmalıdır. Burada ona həmin ilanın zəhərinə qarşı serum vurulur və başqa tədbirlər həyata keçirilir.
Zəhərin uzun müddət ərzində təsir etməsi və vaxtında düzgün tibbi yardımın göstərilmədiyi təqdirdə zərərçəkəndə əvvəlcə həyəcanlılıq, daha sonra isə əzginlik, dərinin avazıması, nəbzin sürətlənməsi, başgicəllənmə, kəskin zəiflik, arterial təzyiqin enməsi, huşun itirilməsi, tənəffüsün və ürək döyünməsinin dayanması ilə müşayiət olunan şok başlaya bilər. İlan sancması zamanı heç bir halda yaranı yandırmaq, həmin yerdə dərini kəsmək, "jqut” qoymaq, zərərçəkmişə spirtli içkilər vermək olmaz.
Şəymən