Türkiyə lideri İranda risklərin artdığını VURĞULADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Marko Rütte ilə telefon danışığında İranda baş verən konfliktin geostrateji tıxanıqlığa səbəb olduğunu bildirib. O, beynəlxalq ictimaiyyəti müharibəyə son qoymaq üçün səylərini gücləndirməyə çağırıb.

Sherg.az xəbər verir ki, Ərdoğan NATO-nun Türkiyənin hava müdafiəsinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib və alyansın həmrəylik nümayiş etdirməsinin strateji əhəmiyyətini vurğulayıb. O, həmçinin ümidini ifadə edib ki, iyulda Ankarada keçiriləcək NATO sammitində alyansın dayanıqlığını və effektivliyini artıracaq qərarlar qəbul ediləcək.

ABŞ və İsrailin fevralın 28-də İrana hücumlarından sonra İran da cavab addımları atır. Analitiklər bildirirlər ki, regiondakı bu gərginlik yalnız hərbi riskləri artırmır, həm də qlobal enerji, ticarət və təhlükəsizlik balansına ciddi təsir göstərə bilər. Türkiyənin diplomat mövqeyi isə həm NATO üzv ölkələrinə, həm də region dövlətlərinə geosiyasi stabilliyi qorumaq mesajı verir.