Asim Mollazadə: “İndiki müzakirələrdən ciddi irəliləyiş gözləmirəm”
İlqar Vəlizadə: “Azərbaycan və Türkiyə prezidentləri Rusiya rəhbərinə bir sıra mesajlar, təkliflər verəcəklər”
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iyunun 12-13-də Bakıya səfər edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək. Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakovun verdiyi məlumata görə, Avropa Oyunlarının açılış mərasimində iştirak edən Putin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da müzakirələr aparacaq.
Onun sözlərinə görə, görüş öncə məhdud, daha sonra isə geniş tərkibdə baş tutacaq. Xatırladaq ki, birgə müzakirələrdə Oyunların açılış mərasiminə dəvət olunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Bir sıra ekspertlər Putinlə görüş zamanı Dağlıq Qarabağ məsələsinin gündəmə gətirilməsini müsbət dəyərləndirir və münaqişənin həlli istiqamətində mühüm addım olacağını düşünürlər. Amma əks fikirdə olanlar da az deyil. Onlara görə, Oyunlar ərəfəsində münaqişənin həlli ilə bağlı Putinlə aparılan danışıq elə danışıq olaraq qalacaq. Məsələ ilə bağlı "Şərq”ə danışan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib ki, Putinin və Ərdoğanın Bakıya səfərinin başlıca məqsədi Avropa Oyunlarının açılış mərasimidir: "Avropa miqyasında mühüm idman bayramı həm Azərbaycan, həm də Rusiya üçün böyük əhəmiyyət kəsb edir. O ki qaldı münaqişənin həlli ilə bağlı Putinlə aparılacaq müzakirələrə, bildiyimiz kimi, bu cür görüşlər və söhbətlər çox olub. Amma biz heç bir nəticə görməmişik. Bu səbəbdən indiki müzakirələrdən ciddi irəliləyiş gözləmirəm. Azərbaycan-Rusiya görüşləri ancaq ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir”.
Politoloq İlqar Vəlizadə də deyib ki, Bakıdakı müzakirələr Qarabağ problemi kontekstində yox, regional təhlükəsizlik istiqamətində aparılacaq: "Güman etmək olar ki, Azərbaycan və Türkiyə prezidentləri Rusiya rəhbərinə bir sıra mesajlar, təkliflər verəcəklər. Lakin burada hansısa ciddi razılaşmadan söhbət gedə bilməz. Əsasən fikir mübadiləsi, tərəflərin mövqelərinin müəyyənləşdirilməsi və korrektə edilməsi məsələləri gündəmə gələcək. Bu baxımdan hansısa şifahi razılaşmaların olması mümkündür. Hətta şifahi razılaşmalar yeni formatın yaradılmasına da gətirib çıxaracaq. Əgər Rusiyanın Qarabağ problemində həqiqətən mövqeyini dəyişdirmək niyyəti varsa, yeni format reallaşa bilər”. Ekspert Ərdoğanla Putin arasında baş tutacaq görüş barəsində də danışıb. Politoloq deyib ki, rəhbərlər "Türk axını”, regiondakı vəziyyət, Türkiyədəki seçkilərlə bağlı fikir mübadilələri aparacaqlar: "Bütün hallarda görüşlər və onların faydası ondan ibarətdir ki, liderlərin şifahi razılaşması gələcəkdə başqa ciddi məsələlərin həllinə rəvac verir”.
İsmayıl