Ramil Osmanlı: "Təqsirkar Bakı Lift İdarəsinin rəhbərliyidir "
"Azərbaycanda köhnə binaların liftlərində vəziyyət o qədər də ürəkaçan deyil”.
Bunu Sherg.az-a Xətai rayonu Məhəmməd Hadi küçəsi, 58 A ünvanında yerləşən tikintisi başa çatmamış yaşayış binasında liftin şaxtaya düşməsi nəticəsində 1 nəfərin xəsarət almasına münasibət bildirərkən daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, yeni tikililərin isə bəzilərində liftlər müasir standartlara uyğun qurulub:
"Sadəcə yeni binalarda müəyyən istismar problemləri var. Vətəndaşlar bəzən liftlərdən düzgün istifadə etmirlər, məlumatlı deyillər. Bəzilərində isə lift şaxtalarının düzgün qurulmaması, hallarına rast gəlinir. Məsələn, Bakı Tikinti Şirkəti müəyyən xərclərdən qaçmaq üçün lift şaxtalarını monolit betondan deyil, kərpicdən, yaxud mişar daşından hörür. Bu da liftlərin düzgün standartlara tam əməl olunmaqla qurulmasına imkan vermir.
Bütövlükdə yeni tikintilərdə yaranmış lift problemlərinin kökündə istismar qaydalarının pozulması durur. Çünki sakinlərin bir hissəsi binaya köçür, qalanı isə təmir işləri zamanı liftdən istifadə edərək yüklərini qaldırırlar. Bu da liftlərin tez sıradan çıxması, onların konstruksiyasının pozulmasına, müəyyən işlərinin düzgün olmamasına gətirib çıxarır”.
R.Osmanlı isə yaranmış vəziyyətlə bağlı Bakı Lift İdarəsinin rəhbərliyini günahlandırıb:"Bu qurumun rəhbərliyi haqqında yaxın zamanda KİV-lərdə ciddi məlumatlar dərc olundu. Korrupsiya, yeyinti hallarının olması ilə bağlı iddialar müzakirəyə çıxarıldı. Bütün bu məsələyə idarənin rəhbəri tək bir cümlə ilə münasibətini bildirdi: nə yazırsınız yazın, öz işimdəyəm. Həmin şəxs faktiki olaraq vəzifə borcu olsa da mətbuata qapalı qalmağı üstün tutur.
Rəhbərliyi bu şəkildə davranan idarənin əməkdaşları da bu prinsiplərə arxalanırlar. Ona görə, rəhbərlik dəyişsə də, kadrlar eynidir. Beləliklə, məzmun dəyişsə də, mahiyyət dəyişməyib. Ola bilər, gələcəkdə konkret təsərrüfat fəaliyyətində ciddi dəyişikliklər baş verəcək, amma hələlik ciddi addımlar atılmayıb”.
Qeyd edək ki, baş verən hadisənin səbəbini öyrənmək məqsədi ilə Sherg.az olaraq Bakı "Lift-Təmir” İstehsalat Birliyi ilə əlaqə saxlamağa çalışdıq. Zəngimizə cavab verən və adının çəkilməsini istəməyən xanımdan olayın səbəbi haqqında məlumat almaq istəsək də buna nail ola bilmədik. Telefonda uzun müddət gözləməyimizə rəğmən nə səlahiyyətli şöbənin əlaqə nömrəsini, nə də məlumat verə biləcək bir şəxs tapa bildik. Təkrarən xanımın adını soruşanda isə o, dəstəyi asdı və bir daha həmin əlaqə nömrəsinə zəng çatmadı.
Məlumat üçün bildirək ki, liftin şaxtaya düşməsi nəticəsində xəsarət alan 1970-ci il təvəllüdlü Mərdiyev Ramiz Feyzi oğlunun vəziyyəti ağırdır.
Aysel Aslan