Bakıda minik avtomobilinin üstünə ağac aşdı FOTO

Zərərçəkmiş avtomobilə külli miqdarda ziyan dəydiyini və hazırda maşının istifadəyə yararsız halda olduğunu deyib



Ötən gündən paytaxt Bakıda əsməyə başlayan güclü külək fəsadsız ötüşməyib. ANS PRESS-in məlumatına görə, Bakının Xətai rayonunun NZS qəsəbəsində minik avtomobilinin üstünə ağac aşıb. General Mehmandarov küçəsində qeydə alınan hadisə zamanı güclü külək yaxınlıqda olan ağacı Manafov İbada aid "90 UT 428” dövlət nömrə nişanlı "Mercedes” markalı minik avtomobilinin üstünə aşırıb. Zərərçəkmişin ANS PRESS-ə verdiyi məlumata görə, avtomobilə külli miqdarda ziyan dəyib və hazırda maşın istifadəyə yararsız haldadır.

Zərərçəkmiş faktla bağlı 102, 112 xidmətlərinə, həmçinin avtomobilin sığorta olunduğu sığorta şirkətinə məlumat verdiyini bildirib. Sığorta şirkətindən zərərçəkmişə bildirilib ki, sadəcə icbari sığortası olduğundan onun zərəri kompensasiya olunmayacaq.