Bakıda zərgərlik mağazasına basqın olub: xeyli pul və qızıl aparılıb

Zərgəri döyüb cibindən seyfin açarını götürdülər




Bakı şəhərinin Binəqədi rayonunda zərgərlik mağazasına basqın olub. Lent.az-ın əldə etdiyi məlumata görə, iyunun 8-də 1941-ci il təvəllüdlü Cəfərov Cəfər Abbas oğlu Binəqədi qəsəbəsi, Mərkəzi küçədə zərgər işlədiyi mağazaya gəlib və qapını açıb. O, emalatxanaya daxil olarkən arxadan kiminsə çağırdığını eşidib və geri dönüb. 73 yaşlı kişi geri dönər-dönməz naməlum şəxs onun sifətinə yumruqla zərbələr endirib və cibindən seyfin açarını götürüb. Zərgərlik obyektindən ümumilikdə 6 min manat pul və xeyli qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb. Hadisənin kim və ya kimlər tərəfindən planlaşdırılaraq həyata keçirilməsini müəyyənləşdirmək, həmin şəxsləri məsuliyyətə cəlb etmək istiqamətində iş aparılır.