Fərhad Eyyubov: "Təqribən 5-6 ildən bir nəqliyyat vasitələri yenilənməlidir. Amma bizdə elə avtobuslar var ki, 10-15 il istifadədir"
"Avtobusların dayanacağa girişində və çıxışında onların hərəkət sərbəstliyinə üstünlük verilir”.
Bunu Sherg.az-a avtobusların dayanacaqda qəza törətməsinə münasibət bildirərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
O bildirib ki, dayanacaqların ətrafında xüsusi zolaqlar çəkilib və həmin zolaqlar hesabına başqa nəqliyyat vasitələrinin dayanacağa daxil olması qadağan edilib:
"Avtobuslar dayanacaqdan çıxan zaman onlar avtomobilləri gözləsələr, müntəzəmliyin pozulmasına səbəb olur. Avtobus sürücüləri təhlükəsizliyi nəzərə alaraq üstünlüyə malik olsalar da digər nəqliyyat vasitələrinin saxladığına əmin olmalıdırlar.
Avtobusların paytaxtda tələbata uyğun olub, olmaması aktual məsələdir. Avtobuslar müəyyən vaxtdan sonra yenilənməlidir. Onların istifadə müddəti var. Böyük şəhərlərdə avtobusların səmərəlik əmsalı deyilən göstərici var. Təqribən 5-6 ildən bir nəqliyyat vasitələri yenilənməlidir. Amma bizdə elə avtobuslar var ki,10-15 il istifadədir.
Bu isə təhlükə yaradır. Bir məsələ var ki, sərnişin axını, onların tələbatı çox olduğu üçün avtobusların sayı müəyyən olmalıdır. Həmin avtobuslar az olduqda sərnişinlərin tələbatı ödənilmir və onlar məcbur qalır, müəyyən nəqliyyat vasitəsi istifadə etməli olurlar. Həmin marşrutlarda nəqliyyat vasitələri çatır, elələri var 2-3 avtobusla işləyir və əhalinin tələbatı ödənilmədiyi üçün mənzil başına çatmaq üçün istənilən avtobusa əyləşməyi seçirlər.
Şəhərətrafı marşrutlarda yüksək səviyyəli avtobuslar yoxdur və ümumi avtobusların sayı azdır. Bakı şəhərində yaxşı, tələbatı ödəyən avtobuslar olmasını istəyirik. Lakin avtobusların sayı az olduğu üçün sürücülər öz mənfəətləri üçün istifadə edirlər. Sərnişinlər isə məcburiyyət qarşısında qalıb, mövcud nəqliyyat vasitələri ilə yola çıxırlar”.
F.Eyyubov gələcəkdə nəqliyyat sahəsində problemlərin düzəlməsi ilə şəhərətrafı nəqliyyat sisteminin də qaydasına düşəcəyini vurğulayıb:
"Avtobus sürücüləri pul qazanmaq üçün köhnə avtobusları sürməyə məcbur olur. Onlar mənfəət əldə etmək üçün bazar axtarırlar. Lakin nəqliyyat bazarları elə formada olmalıdır ki, qayda qanuna əməl olunsun. Çünki sərnişin daşımalarının keyfiyyət göstəricilərinə təsir edən amillərdən biri hərəkətin təhlükəsizliyidir”.
Qeyd edək ki, Binəqədi rayonu ərazisində, Bakı-Şamaxı yolunun 9-cu kilometrliyində dayanacaqda Abşeron rayon sakini Ceyhun Şirəliyev idarə etdiyi "İsuzu" markalı, 50 BD 389 dövlət nömrə nişanlı xətt avtobusunu arxaya verərkən Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Eldar Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən E.Kərimov orada ölüb.
Aysel Aslan