Bakıdan Rusiya sərhəddinədək ödənişli yol olacaq

Ərşad Hüseynov: “Ödəniş yüksək olarsa, heç kim o yola getməz”
“100 kilometr üçün hardasa 5-6 manat ancaq olar”


Bakı-Quba yolunun bir hissəsi ödənişli olacaq. Burada əsasən Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolu nəzərdə tutulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov bununla bağlı açıqlama verib. S.Məmmədov "APA-Economics”ə bildirib ki, qarşıda duran əsas vəzifə yeni yolun tikintisidir. Bu yol Bakı-Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən başlayır və 208-ci kilometrə qədər olan məsafəni əhatə edəcək. 4 cərgəli, 1-ci dərəcəli geniş yol olacaq. Gələcəkdə bu yolun Azərbaycanda ilk dəfə ödənişli olması nəzərdə tutulur.

Qeyd edək ki, bir müddət öncə "Böyük Bakının Regional İnkişaf Planı”nda (Baş planda) paytaxtda ödənişli yolun olmasının nəzərdə tutulduğu da bildirilmişdi.
Lakin hələlik paytaxtda yox, məhz Bakı-Rusiya sərhəd yolunun gələcəkdə ödənişli ola biləcəyi deyilir.

Nəqliyyat məsələləri üzrə ekspert, "Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov "Şərq”ə açıqlamasında ödənişli yollarla bağlı məlum standartlar olduğunu dedi:

- Dünyada ödənişli yol praktikası mövcuddur. Hansısa yol, bir körpü, lap bir tunel də, yaxud yolun hansısa hissəsi ödənişli ola bilər. Amma bunun da şərtləri var. Əsas şərt budur ki, hansısa yolun ödənişli olmasına qərar verilirsə, o yolun mütləq alternativi - yəni, eyni istiqamətə ödənişsiz yol da olmalıdır. Məsələn, Ələt-Astara yolu bu əsasla ödənişli təklif edilirdi ki, Salyan rayonu ərazisindən keçən magistral yolla yanaşı, Biləsuvar istiqamətində də əlavə yol olsun. Yəni, eyni istiqamətə gedən həm ödənişli yol olsun, həm də ödənişsiz. Heç bir halda hansısa istiqamətə aparan yol birmənalı şəkildə ödənişli edilə bilməz. Sürücülərə mütləq şəkildə alternativ imkan tanınmalıdır. İndi Bakı-Quba-Rusiya sərhədinin müəyyən hissəsində yeni avtomobil yolunun inşa ediləcəyi və gələcəkdə yolun bu hissəsinin ödənişli ola biləcəyi ehtimal edilir. Ödənişli yolun öz standartları var. Yol tam rahat, təhlükəsiz, standartlara uyğun olmalıdır. Ödənişli yola alternativ yol da eyni dərəcədə standartlara cavab verməlidir. Fərq yolun sürət həddi ilə bağlı ola bilər. Kim istəyirsə ki, mənzil başına daha tez çatsın, sürət həddi yüksək təyin edilən həmin ödənişli yoldan istifadə edə biləcək. Ödənişli yollarda istər minik avtomobilləri, istərsə də ağır tonnajlı maşınların hərəkəti üçün maksimum imkanlar yaradılmalıdır.
Qalır, pula yolda ödənişin məbləği məsələsi. Türkiyə təcrübəsindən görürük ki, ödənişli körpülərdə məbləğ yüksək təyin edildiyindən o yolla çox az avtomobil hərəkət edir. Sürücülər məbləğin yüksək olmasından narazılıq edirlər. Körpüləri inşa edən şirkətlə bağlanmış müqaviləyə görə, məbləği şirkət təyin edir. Nəhəng körpülərin tikintisinə nəhəng də vəsait sərf olunduğundan şirkət ödəniş haqqını yüksək təyin etməklə, çəkilən xərci qarşılamaq istəyir. Lakin məbləğin yüksəkliyi sürücülərin bu yoldan yan keçməsi ilə nəticələnir, gözlənilən gəlir də əldə edilmir.

Ə.Hüseynov qeyd etdi ki, şirkətlərin həyata keçirdiyi inşaatla dövlət sifarişli tikintilər fərqlidir. Şirkətlər gəlir əldə etmək üçün yüksək məbləğ təyin edir. Amma bəzi tikintilər dövlət sifarişli olduqda qiyməti də dövlət qoyur:

- Bakı-Quba-Rusiya dövlət yolunun tikintisinə dövlət büdcəsindən vəsait ayrılıb. Qiyməti də Tarif Şurası təyin etməlidir. Düşünmürəm ki, həmin yolda ödənişlər yüksək olsun. Bir kilometr üçün qəpiklərdən söhbət gedə bilər. 100 kilometr üçün hardasa 5-6 manat ancaq olar. Tikintiyə dövlət büdcəsindən pul ayrılırsa, çəkilmiş xərci bağlamaq söhbəti ola bilməz, belə qayda da yoxdur. Digər tərəfdən ödəniş yüksək olarsa, heç kim o yola getməz. Ona görə də mən, ödəniş məbləğinin yüksək olacağını zənn etmirəm.
Ə.Hüseynov bildirdi ki, adətən yollarda postlar qurulur, ödəniş terminalları qoyulur. İnternetlə ödəniş üsulları da var. Hətta əvvəlcədən uzunmüddətli ödəniş etmək təcrübəsi də var. Bəzi ölkələrdə ödənişlər yola daxil olarkən deyil, yol bitdikdən sonra edilir. Ödənişli yolla bağlı müxtəlif variantlar mövcuddur ki, ölkələr daha məqbul bildiklərini seçir.

Məlahət Rzayeva