Özbəkistan Xarici İşlər Nazirliyi Yəmənin üsyançı “Ənsarallah” Hərəkatının (husilər) Səudiyyə Ərəbistanının Məkkə şəhərinə dron hücumu cəhdini pisləyib.
Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Teleqram kanalında bildirilib.
Bəyanatda deyilib: “Səudiyyə Ərəbistanı Krallığı ilə tam həmrəyliyimizi ifadə edirik və müqəddəs məkanlara, mülki şəxslərə və mülki infrastrukturlara təhlükə yaradan istənilən hərəkəti qəbuledilməz hesab edirik”.
XİN bütün tərəfləri təmkinli olmağa, beynəlxalq hüquqa riayət etməyə və dövlətlərin suverenliyinə və müstəqilliyinə hörmət etməyə çağırıb.
Özbəkistanın xarici siyasət qurumu gərginliyin azaldılması, regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi səylərini dəstəkləyib.