“Bakının azad olunması bütün müsəlman xalqlarının böyük uğuru sayıla bilər” - ŞANLI TARİX

"Bakının 1918-ci il, sentyabrın 15-də işğaldan azad olunması yalnız Azərbaycan türklərinin deyil, Güney Qafqazda yaşayan bütün müsəlman xalqlarının böyük uğuru sayıla bilər”.
Bu barədə "Sherg.az”a Bütöv Azərbaycan Ocaqlarının (BAO) başqan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbər bildirib. 
O qeyd edib ki, həmin dövrdə erməni-rus birləşmələri tək Azərbaycan türklərinə qarşı deyil, bütövlükdə bu ərazilərdə yaşayan müsəlmanlara qarşı qırğınlar həyata keçirirdilər:
"İşğalçılar burada türklər, müsəlmanlar olmayan mühit yaratmağa çalışırdılar. Eyni proses Güney Azərbaycanda da davam edirdi. Həmin dövrdə müəyyən gücə malik olan, yardım ala biləcəyimiz yeganə dövlət Osmanlı idi. Özünün tənəzzül dövrünü yaşasa da, Osmanlı gənc Azərbaycan dövləti ilə hərbi müqavilə imzaladı. Çar Rusiyası dövründə azərbaycanlıları hərbi xidmətə aparmadıqlarından qardaş dövlətin hərbi təcrübələrindən yararlanmağımız vacib idi.
Nuru Paşanı xüsusilə, yad edirik. Ənvər Paşa ilə, Tələt Paşanın rolunu da xüsusi qiymətləndirməliyik. Tələt Paşa həmin vaxt baş nazir, Ənvər Paşa isə hərbi nazir idi.
Nuru Paşadan öncə Rüstəm Paşanın rəhbərlik etdiyi qüvvələr Azərbaycana gəlmişdi. Lakin onun başçılıq etdiyi qoşun yetərsiz olduğuna görə, əsas qüvvə olaraq, Nuru paşanın başçılığı ilə hərbi qoşun göndərildi. Bu dəstələr bir neçə gün Təbrizdə qaldı, Güney Azərbaycanın Qaradağ bölgəsindən keçərək, Zəngəzura gəldi və daha sonra Gəncəyə keçdi. Nuru Paşanı bu ərazilərdə "göydən enən mələk” kimi görürdülər. Çünki o zaman Azərbaycanın heç bir köməyi, hərbi dəstəyi yox idi. Türk ordusuna 5-6 minlik azərbaycanlı könüllülərdən ibarət dəstələr də qoşulmuşdu. Beləliklə, Göyçay və Bakının işğaldan azad olunmasında Azərbaycan və türk əsgərləri birlikdə fəaliyyət göstərdilər.
1918-ci ilin noyabrında Bakı işğaldan azad edildikdən sonra Nuru Paşanın şərəfinə böyük ziyafət verildi. Bu zaman xeyriyyəçi Hacı Zeynalabdin Hacıyev özünün bir evini ona hədiyyə etdi. Məhəmməd Əmin Rəsulzadə isə həmin məclisdə böyük nitqlə çıxış edərək, Azərbaycan-türk qardaşlığının əhəmiyyətindən danışıb.
Həmin dövrdə türk əsgərlərinin şərəfinə abidə ucaldılması nəzərdə tutulmuş, abidənin eskizi hazırlanmışdı. Azərbaycan 1920-ci ildə işğal olunduğuna görə, layihə baş tutmadı”.
Qeyd edək ki, sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələrdən, yadelli işğalçılar və erməni daşnaklarından azad edilməsinin 100-cü ili tamam olacaq. Paytaxtımızın düşmənlərdən təmizləndiyi həmin gün Azərbaycan xalqının ən şərəfli tarixlərindən biri hesab olunur. 1918-ci ildə Osmanlı ordusunun zabiti Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun qəhrəman əsgərləri Bakının azad edilməsində böyük şücaətlər göstəriblər.
Ayyət