“BakuBus”lar şəhərdə sıxlığı aradan qaldıra bilər

Bütün küçə və prospektlərdə, yaşayış massivlərində sərnişin axını ölçülməlidir



"Bu ilin may ayının sonuna qədər bütün şəhərdaxili sərnişindaşıma avtobusları "BakuBus”larla əvəzlənəcək”. Bu barədə əməkdaşımızla söhbətində 96 saylı avtobusun sürücüsü Qabil Məmmədov bildirib. Onun sözlərinə görə, şəhərdaxili marşrutlardan çıxarılan avtobuslar şəhərətrafı xətlərə buraxılacaq:

"Biz sürücülərin içərisindən ən yaxşıları, yəni bütün meyarlara uyğun gələnləri seçib "BakuBus”a göndərəcəklər. Artıq marşrutların qaç-qov oyununa son qoyulacaq. Həm də sərnişin tıxacı olmayacaq. İnterval az olacaq. Hamı dəqiq işləyəcək. İnterval gözlənəcək. Sürücülərə isə ya əmək haqqı, ya da gündəlik 10-15 manat veriləcək”.

Yeniliyi müsbət dəyərləndirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə bildirib ki, "BakuBus”lar sıxlığı aradan qaldıra bilər: "Bakı Nəqliyyat Agentliyi var. Həmin agentlik şəhərin bütün küçə və prospektlərində, yaşayış massivlərində sərnişin axınlarını ölçməlidir. Küçə və prospektlərin yerləşməsi nəzərə alınmalıdır. Marşrutların konkret hərəkət intervalı müəyyən olunmalıdır. Sürücülər üçün qrafiklər hazırlanmalıdır. Sürücülər də ona əməl etməlidirlər. Bir sözlə, hər şeyi ölçüb-biçmək lazımdır ki, yollarda sıxlıq olmasın. İnsan kontingenti çox olan yerlərdə marşrutlar arası interval az qoyulmalıdı”.

Sürücülərin seçilməsi prosesinə gəlincə, ekspert qeyd edib ki, bunlar qanunda aydınca yazılıb: "Həmin qaydalara əməl olunsa, işlər qaydasına düşər. Qanunda sürücünün yaşı məsələsi qeyd olunur. Göstərilir ki, 23 yaşından 65 yaşa qədər olan insanlar sürücü işləyə bilər. Onların "B” kateqoriyaları mütləq olmalıdı. Xüsusi kurs keçməlidirlər. İşə götürənlər onları yoxlamalıdırlar.

Onlar kimdi, hardan gəlib, keçmişi necə olub və s. kimi məsələləri aydınlaşdırmalıdırlar. Yol hərəkəti qaydalarına dair bilikləri yoxlanılmalıdır. Kim bu meyarlara cavab verərsə, sahibkar onu işə götürə bilər. "Avtomobil nəqliyyat və Yol hərəkəti haqqında” qanunda hər şey var. Bir sözlə, işə yarayanlar götürülməli, yaramayanlar isə kənarda qalmalıdır. Burada tapşırıq, pul rol oynamalı deyil”.

Ayyət Əhməd