“Bank Ombudsmanı məhkəmə çəkişmələrinin sayını azaldacaq”
Vüqar Bayramov: “Krediti çox olan müştəri ilə bank arasındakı problemi qısa zamanda həll etmək mümkün deyil”
Azərbaycan Banklar Assosiasiyasının nəzdində yaradılmış Bank Ombudsmanı institutu yaxın günlərdə fəaliyyətə başlayacaq. Assosiasiyadan verilən məlumata görə, müraciətlərin qəbul edilməsi üçün ayrıca "www.bankombudsman.az” adlı internet səhifəsi yaradılıb.
Hazırda saytın fəaliyyətə başlaması üçün aparılan texniki işlər yekunlaşmaq üzrədir. Müraciətlər həm elektron səhifə üzərindən, həm məktubla, həm də ofisdə qəbul ediləcək.
Xatırladaq ki, ABA-nın Rəyasət Heyətinin bu il aprelin 14-də keçirilmiş iclasında Bank Ombudsmanının reqlamentinə əlavə və dəyişikliklər təsdiq edilib. Ombudsmanın yaradılmasında məqsəd müştərilərin banklara etimadının gücləndirilməsi və tərəflər arasında yaranan mübahisələrin məhkəməsiz həll edilməsidir. Maliyyə ombudsmanının 2 min ABŞ dollarına qədər olan mübahisələrə baxması nəzərdə tutulub. Yalnız o banklardan ombudsmana şikayət etmək mümkün olacaq ki, onlar "Mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyannamə”ni imzalamış olsunlar. Yeni strukturun bank sektorundakı mövcud problemləri həll edib-etməyəcəyi ilə bağlı "Şərq”ə danışan İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Bank Ombudsmanının yaradılmasının islahatlardan sadəcə biri olduğunu deyib. Ekspert vurğulayıb ki, qurumun müsbət effekt verəcəyinə ümid edilir...
- Problemli kreditlərin həlli üçün Bank Ombudsmanının yaradılmasını necə dəyərləndirirsiz?
- Yeni struktur Maliyyə Ombudsmanı çərçivəsində yaradılacaq. Əslində bu məsələ daha öncədən müzakirə edilən və iqtisadçılar tərəfindən təklif olunan mühüm layihələrdən biridir. Düzdür, qurumun yaradılması yubadılır. Lakin güman edilir ki, yaxın aylarda Bank Ombudsmanı fəaliyyətə başlayacaq. Məlumdur ki, banklarla vətəndaşlar arasında mübahisələrin sayı həddindən artıq çoxdur. Hazırda 2 milyon 400 mindən artıq vətəndaşın birbaşa və ya dolayı yolla banklara kredit borcu var. Bu, kifayət qədər böyük rəqəmdir. Eyni zamanda banklarla müştərilər arasındakı məhkəmə çəkişmələrinin sayı da durmadan artmaqdadır. Bank Ombudsmanın yaradılması problemlərin məhkəmədən kənar və ya məhkəməyə qədər həll edilməsini nəzərdə tutur. Əsas məqsəd banklarla müştərilər arasındakı gərginliyi azaltmaq, problemləri məhkəməsiz çözməyə cəhd göstərməkdir.
- Sizcə, yeni qurumun yaradılması kreditlərlə bağlı problemlərin həllinə ciddi təsir göstərəcəkmi?
- Bank Ombudsmanının yaradılması kredit problemləri ilə bağlı atılacaq addımlardan sadəcə biridir. Böyük ehtimal ki, Ombudsman yaradıldıqdan sonra da banklarla müştərilər arasında məhkəmə çəkişmələri davam edəcək. Lakin düşünürəm ki, belə bir strukturun yaradılmasına zərurət var. Söhbət ondan getmir ki, yeni yaradılan qurum mövcud problemlərin hamısını aradan qaldıracaq. Belə düşünmək lazım deyil. Ombudsman ümumi prosesə sadəcə töhfə verə bilər. O baxımdan təşəbbüsü pozitiv dəyərləndirirəm və qısa zamanda yaradılmasını məqbul hesab edirəm.
- Maliyyə Ombudsmanı sadəcə 2 min dollar dəyərində olan mübahisələrə baxacaq. Bəs daha artıq borcu olan şəxslərin taleyi necə olacaq?
- Bütün hallarda problemlərin çoxu məhkəmə vasitəsi ilə həll ediləcək. Hansısa banka 2 min dollara qədər borcu olan vətəndaşlar Ombudsmana, daha çox borcu olan insanlar isə birbaşa məhkəmələrə müraciət edəcəklər. Ancaq şərt deyil ki, 2 minədək borcu olan şəxslər mütləq Ombudsmana müraciət etməlidir, kiçik borcu olan şəxslər də məhkəməyə üz tuta bilərlər. Əlbəttə, krediti çox olan müştəri ilə bank arasındakı problemi qısa zamanda həll etmək mümkün deyil. Məbləğ böyük olduqca tərəflər arasında daha ciddi konsensusun əldə edilməsinə ehtiyac duyulur. Amma az miqyasda kreditləri həll etmək asan ola bilər. Ola bilsin, az həcmli kreditlərlə bağlı müraciətlər çoxdur. Hələlik Bank Ombudsmanı üzərinə asan çözülə biləcək problemlərin məsuliyyətini götürür. Əgər nəticə müsbət olarsa və ənənə formalaşarsa, qurum iri həcmli kredit borclarına da müdaxilə edə bilər.
- Ombudsman ortaq Bəyannaməyə imza atan banklarla bağlı şikayətə baxacaq. Sizcə, banklar sənədi imzalamaqda maraqlı olacaqlarmı?
- Korporativ və sosial məsuliyyətə, eyni zamanda etik qaydalara əməl edən tanınmış banklar Bəyannaməni qəbul edəcəklər. Çünki xarici ölkələrin təcrübəsi göstərir ki, adətən reputasiyası olan, sosial məsuliyyətini dərk edən banklar ombudsmanla əməkdaşlıqda maraqlı olurlar və bu tip sənədlərə imza atmaqdan çəkinmirlər. O baxımdan prosesdən kənarda çox az bankın qalacağını güman edirəm. Məncə, əksəriyyət sənədi qəbul edəcək.
İsmayıl