Baş nazir doğru addım atdı

"Bir adam bir həftə ərzində bu qədər siqaretdən istifadə edə bilməz"
Ekspertin fikrincə, bu dəyişiklikdən sonra bazarlarda qanunsuz məhsulların satışı məhdudlaşdırılacaq


Nazirlər Kabineti şəxsi istehlak üçün gətirilən siqaretin sayının azaldılması barədə qərar verib. Baş nazir Novruz Məmmədov "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişikliklər edib. Dəyişikliklərə əsasən, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və rüsum ödəmədən gömrük sərhədindən keçirilə bilən üç litr alkoqollu içkinin həcmi 1,5 litrə, 600 ədəd siqaretin sayı isə 200 ədədə endirilib.

Nazirlər Kabinetinin sözügedən qərarı bəzi ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Onların fikrincə, GK sərhəddə "Ərəbzəngi” kimi dayanıb vətəndaşın çantasındakı siqareti saymalı deyil, əksinə, limiti artırmalıdır. Bu, ölkədə həmin məhsulun bolluğunu yarada bilər, monopoliyanın qarşısını alar və vətəndaşların xərcini azaldar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə əksinə, Nazirlər Kabinetinin müvafiq qərarını müsbət hesab edir. Onun fikrincə, bu dəyişiklikdən sonra bazarlarda qanunsuz məhsulların satışı məhdudlaşdırılacaq: 

"Məndə olan məlumata görə, bir qrup İran sərhədindən şəxsi tələbat adı altında ölkəyə külli miqdarda siqaret və tütün məmulatları keçirirlər. Bir həftədən sonra eyni adamlar yenə gedib, İrandan həmin məhsulları gətirib ölkə daxilində satırlar. Təbii ki, bir adam bir həftə ərzində bu qədər siqaretdən istifadə edə bilməz. Deməli, ortada sui-istifadə halları var. Vergidən yayınmaq məqsədi ilə dəstə şəklində bu addımı atıb gəlirlərini bölürlər. 

Bu isə bazarda təhlükəli malların artmasına səbəb olur. Həmçinin sözügedən məhsullar ölkəyə gömrük rüsumu ödənmədən keçdiyi üçün haqsız tələbat yaranır. Azərbaycanda illərdir qaçaq siqaret satışı müşahidə olunur. Biz dəfələrlə ölkəyə qeyri-qanuni yollarla tütün və tütün məhsullarının gətirilməməsi ilə bağlı aidiyyəti qurumlara xəbərdarlıq etsək də, belə məhsulların idxalında azalma müşahidə edilmirdi. 

Azərbaycana qaçaq idxal edilən siqaretlərin əksəriyyəti keyfiyyətsiz və zərərli olduğu üçün də gömrükdə nəzarətin gücləndirilməsi labüd idi. Ancaq mən gömrükdə kompüter, telefon kimi texniki məhsulların ölkəyə gətirilməsində aşağı limit qoyulmasının tərəfdarı deyiləm”.

Şəymən